XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Donal Tusk: Rusiya eskalasiyaya hazırlaşır, qarşıdakı 7-8 ay kritik olacaq
Dünya11:39 29.08.2026

Donal Tusk: Rusiya eskalasiyaya hazırlaşır, qarşıdakı 7-8 ay kritik olacaq

Polşanın baş naziri Donald Tusk Rusiyanın təkcə Ukraynaya qarşı müharibədə deyil, bütün regionda vəziyyətin mümkün şəkildə kəskinləşməsinə ciddi hazırlaşdığını bildirib. Onun sözlərinə görə, xüsusilə payız və qış ayları əhəmiyyətli ola bilər. Qarşıdakı 7-8 ay isə Ukraynanın, Polşanın və digər Avropa ölkələrinin təhlükəsizliyi baxımından kritik dövr olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrinform və "Avropa həqiqəti" məlumat yayıb. Tusk bu açıqlamaları avqustun 28-də Olsztyndə "Polşanın gələcəyi kampusu" tədbirinin iştirakçıları ilə görüşü zamanı verib.

Polşa hökumətinin başçısından ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya son səfəri barədə də soruşulub. Tusk bildirib ki, Polşa ABŞ kəşfiyyatının rəhbərliyi ilə daim əlaqə saxlayır və buna görə də Retkliffin fəaliyyəti ilə bağlı məlumatlar Varşava üçün gözlənilməz olmayıb.

"Biz Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərliyi ilə daim əlaqə saxlayırıq, buna görə də MKİ direktorunun həyata keçirdiyi fəaliyyət və tədbirlərlə bağlı heç bir məlumat bizi təəccübləndirmir", deyə Polşanın baş naziri qeyd edib.

Bununla yanaşı, Tusk təhlükəsizlik sahəsində bəzi məlumatların məxfi qalmalı olduğunu vurğulayıb. Onun fikrincə, bu, cəmiyyətin ən ciddi təhdidlər barədə məlumatlandırılmasına mane olmamalıdır.

"Rusiya həm Ukrayna ilə müharibədə, həm də bütün regionda gərginliyin eskalasiyasına çox ciddi hazırlaşır və məlumdur ki, bu payız və qış Rusiya üçün həlledici olmalıdır", deyə Tusk bildirib.

Retkliffin Moskva səfəri barədə nə məlumdur?

KİV-in məlumatına görə, Retkliff Moskvaya səfəri zamanı Rusiya rəsmilərini ABŞ-ın NATO üzrə müttəfiqləri, o cümlədən Estoniya, Latviya və Litva ilə qarşıdurmanı gərginləşdirməmək barədə xəbərdar edib.

ABŞ prezidenti Donald Tramp isə Retkliffin səfərinin Rusiyaya Böyük Britaniyaya mümkün hücum barədə xəbərdarlıq edilməsi və ya NATO-nun qarşıdurmaya hazırlığının yoxlanılması ilə bağlı olduğu barədə ehtimalları təkzib edib.

Tramp səfəri "yarı-rutin" adlandırıb, lakin onun məqsədlərindən birinin Ukraynadakı müharibənin başa çatmasına kömək etmək olduğunu təsdiqləyib.

"Mən insanları məyus etmək istəmirəm. Biz Ukrayna ilə müharibənin başa çatmasını istəyirik", deyə ABŞ prezidenti qeyd edib.

Kreml isə öz növbəsində MKİ direktorunun səfərinin ABŞ və Rusiya xüsusi xidmət orqanları arasında əlaqələrlə bağlı olduğunu bildirib.

Aydın