Xəbər lenti

Dronlar neftin qiymətini göyə qaldırır - Bazarda nə baş verir
Dünya 14:30 18.07.2025

Dronlar neftin qiymətini göyə qaldırır - Bazarda nə baş verir

Cümə günü ticarət sessiyasının əvvəlində neftin qiymətində artım davam edib. Bu, İraqın şimalındakı neft yataqlarına dron hücumları və "qara qızıl”a tələbatın artması ilə izah olunur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

Brent markalı neftin fyuçersləri 29 sent bahalaşaraq bir barel üçün 69,81 dollara çatıb.

WTI markalı Amerika nefti isə 27 sent artaraq bir barel üçün 67,81 dollar təşkil edib.

Məlumata görə, hücumlar nəticəsində yarı-muxtar Kürdüstanda neft hasilatı sutkada təxminən 280 min bareldən 140–150 min barelə qədər azalıb.

Yay aylarında turist axını da neftin qiymətini dəstəkləyən amillərdən olub. JPMorgan analitiklərinin qeyd etdiyinə görə, iyulun ilk iki həftəsində dünya üzrə gündəlik neft tələbi orta hesabla 105,2 milyon barel olub ki, bu da ötən illə müqayisədə 600 min barel çoxdur.

Asiyada da neftə tələbat artıb, çünki neft emalı zavodları texniki baxışdan sonra fəaliyyətini bərpa edib və bu da mövsümi pik tələb fonunda baş verib.

Bununla belə, ABŞ prezidenti Donald Trampın gömrük rüsumları ilə bağlı qeyri-müəyyənliyi neftin qiymət artımını ləngidir. Bundan əlavə, iri hasilatçı şirkətlərin hasilat ixtisarlarını ləğv etmək planları da qiymətlərə təzyiq göstərir.

ING analitikləri hesab edir ki, yaxın zamanda neftin qiyməti üçün əlverişli zəmin yaranacaq. Lakin ilin son üç ayı ərzində neft təklifinin artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ABŞ və Çində neftə yüksək tələbat, eləcə də Rusiyaya qarşı dərhal sanksiyaların tətbiq ediləcəyi gözləntiləri bu həftə "qara qızıl”ın qiymətini artırıb.

Lakin ABŞ prezidenti Donald Trampın yeni sanksiyaların tətbiqini 50 gün təxirə salmaq qərarı qiymətlərin yenidən aşağı enməsinə səbəb olub.

Eyni zamanda, Rusiyadan neft ixracı hətta artıb. KİV-in məlumatına görə, Baltik dənizi limanlarından göndərilən neft həcmi son 10 ayın maksimumuna çatıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->