Rusiya və İran münasibətləri ABŞ-ın "narahatedici” hesab etdiyi sürətlə güclənir.
Qaynarinfo-nun məlumatına görə, CNN Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsə istinadən yazır ki, Rusiyanın Ukraynaya hərbi yardım müqabilində iranlılara raket proqramı ilə bağlı yardım təklif etdiyinə dair əlamətlər var .
"Biz bilirik ki, iranlılar artıq rusiyalıları Ukrayna vətəndaşlarına və infrastrukturuna zərər vermək üçün istifadə etdikləri yüzlərlə pilotsuz uçuş aparatları, artilleriya və tank sursatları ilə təmin ediblər”, deyə Börns bildirib.
O əlavə edib ki, Rusiya İrana döyüş təyyarələri verməyi də nəzərdən keçirir.
"Bloomberg"in qeyd etdiyi kimi, fevralın sonunda Rusiyanın Ukraynadakı İran PUA ehtiyatları tükənə bilər. Bunun bir sübutu onlardan istifadə edilən hücumların əhəmiyyətli dərəcədə azalmasıdır. Lakin fasilə Rusiyanın gələcək hücumlar üçün ehtiyat toplaması ilə də bağlı ola bilər.
Rusiya 2022-ci ilin avqustunda Ukraynanın infrastruktur obyektlərinə hücum etmək üçün İrandan PUA almağa başlayıb. Britaniyanın "Sky News" telekanalı xəbər verir ki, 160 ədəd "Şahed-136" və "Mohajer-6" pilotsuz uçuş aparatlarının ilk partiyası üçün Moskva Tehrana pulu təyyarə ilə göndərməklə 140 milyon avro ödəyib. Ukraynanın infrastruktur obyektlərini atəşə tutarkən Rusiya İranın "Şahed-136" kamikadze PUA-larını özünün "Geran-2" pilotsuz uçuş aparatları kimi maskalayıb.
Börns müsahibə zamanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə 2022-ci ilin noyabrında baş tutan söhbətindən də danışıb. O, Narışkinlə müzakirəni "olduqca depressiv” adlandırıb, lakin bundan bir neçə nəticə çıxardığını deyib. MKİ direktoru xüsusilə qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanı məhv etmək qabiliyyətinə "həddən artıq arxayındır”.
"Məqsədim danışıqları müzakirə etmək deyildi. Ukraynalılar uyğun gördükləri zaman ruslarla danışıq aparacaqlar. Məqsədim Narışkinə və onun vasitəsilə prezident Putinə çatdırmaq idi ki, əgər kimsə hər hansı növ nüvə silahından istifadə etmək qərarına gəlsə, bunun nəticələri çox ciddi olacaq. Və hesab edirəm ki, Narışkin bu məsələnin ciddiliyini dərk edib. Düşünürəm ki, prezident Putin də bunu başa düşdü”, deyə Börns bildirib.
Nizami Bağırov