Xəbər lenti

Dünya liderlərinin acı taleyi (FOTOLAR)
Dünya10:51 27.03.2013

Dünya liderlərinin acı taleyi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qafqaz Ömərov 

Bu yazımda sizə dünya liderlərinin acı həyat hekayəsindən söz açacağam. Əlimdəki kitabı vərəqləyə-vərəqləyə siyasi rəqiblərinin həsəd apardığı, dostları saxta, düşmənləri amansız olan hökmdarların acı taleyi diqqətimi çəkdi. Onu da deyim ki, tutduqları yüksək məqamın gətirdiyi bədbəxtlikləri saxta gülümsəmələri ilə ört-basdır etməyə çalışan, sözün əsl mənasında bədbəxt olan bu zavallı insanların taleyinə bir acıdım da. Həmçinin tarixin səhifələrindən oxuduğumuz böyük imperiyaların böyük imperatorlarının bu acı həyat hekayəsi, faciəli ölümləri, tat-mar edilmiş sarayları, əsir düşmüş ailələri, qadınları və qızları bir anlıq gözlərimin önündə canlandı...

Milyonların taleyini bir işarə ilə həll edən bu insanların əməlləri sonda nəniki özlərini, hətta bütün ailələrini və sülalələrinin başında çatlayıb. Bəli, kitabın hər səhifəsində faciəli şəkildə öldürülmüş hökmdarların obrazları canlandırılır. Məsələn, bir hökmdarın güllə mərmisi ilə partladılmış kəllə sümüyündən sıçrayan beyin qatığının onun arxasında əyləşən xələfinin üzünə sıçraması kimi dəhşətli səhnələr də var bu kitabda. Amma üzünə sələfinin beyin qatığı sıçrayan xələf bir neçə gündən sonra böyük şəstlə tribunaya çıxıb "xalqa və millətə canla-başla xidmət edəcəyi haqqında" and içir. Cəmi bir neçə gün keçmişdi o sələfinin taxtına çıxaraq "gəlirəm, dayanın hələ", - deyirdi. Bəlkə də, sələfinin beyin qatığı onun üzündən heç əməlli-başlı silinməmişdi. Amma o, yenə də kimlərəsə meydan oxuyur, and içir, vəd verirdi...

Kitabdakı hadisələrin dəhşətinin təsirindən və beynimdəki fikir burulğanından azad olmaq üçün bəzi məqamları, hökmdarların acı taleyini oxucularla paylaşmaq, onları bu acı həqiqətlərlə tanış etmək istədim. Təbii ki, oxucular arasında müxtəlif məslək və peşə sahibləri ola bilər. Yəni siyasi qətllərə, saray fitnələrinə, dövlət çevrilişlərinə və bu kimi hadisələrə hərənin öz münasibəti, mövqeyi var. Amma bu hadisələri xronoloji ardıcıllıqla oxuculara təqdim etməklə göstərmək istəyirəm ki, hələ də həsədlə baxdığımız bu "zavallılar" heç də düşündüyümüz kimi xoşbəxt olmayıblar. Odur ki, gəlin onların bəzilərinin acı sonluğuna birgə nəzər salaq:

Karlos Delqado.13 noyabr 1950-ci ildə Venesuelanın hərbi xuntasının sədri Karlos Roman Delqado Çalbo Qomes öldürülüb. O, 1948-ci ildə hərbi çevriliş nəticəsində, prezident Ramulo Qalyeqosu devirərək hakimiyyətə gəlib. 41 yaşlı Delqado hakimiyyətə gələn kimi Milli konqresi buraxaraq konstitusiyanı ləğv etmişdi. Beləliklə, ölkə üzərində öz mütləq hakimiyyətini bərqərar etdiyini düşünən Delqado iki ildən sonra oğurlanaraq müəmmalı bir şəkildə, həm də vəhşicəsinə qətlə yetirildi.

İordaniya kralı I-ci Abdullah. 69 yaşlı monarx özünün ərəb həmkarlarından fərqli olaraq Qərblə yaxınlaşan ilk ərəb lideri idi. Onun İsraillə separat sülh sazişi imzalayacağı gözlənilirdi. Ərəb liderlərinin qəzəbinə düçar olan Abdullah sonralar bu niyyətindən əl çəkməli oldu. Kral Suriya, İraq və İordaniyanı özündə birləşdirəcək bütöv ərəb dövləti ideyalarının da əleyhinə çıxmışdı. 20 iyul 1951-ci ildə Qüdsdəki Əl-Əksa məscidinə daxil olarkən başından və ürəyindən aldığı üç güllə yarası ilə həyata "Əlvida" dedi. Onu öldürənin Mustafa Şakri adlı bir fələstinli fanat olduğu müəyyən edildi. Mustafa kralı satqınlığına görə öldürdüyünü deyirdi. 

Pakistanın baş naziri Liyakat Əli Xan. Pakistanın baş naziri Liyakat Əli Xan 16 oktyabr 1951-ci ildə Ravalpindi şəhərindəki mitinq zamanı güllələnərək öldürülüb. Qeyd edək ki, Əli Xan Pakistanın Britaniya işğalından azad olaraq müstəqilliyinə qovuşmasında müstəsna xidmətləri olmuş bir siyasətçi idi. Hindistanla atəşkəsin imzalanmasında, Qərblə əlaqələrin genişləndirilməsində və ölkə daxilindəki radikal islamçı liderlərlə uzlaşmanın təmin edilməsində Əli Xan böyk uğurlar qazanmış bir lider idi. Onu öldürən əfqan Şaad Əkbər hadisə yerində Əli Xanın mühafizəçiləri tərəfindən öldürüldüyündən bu sui-qəsdin motivləri də qaranlıq qaldı.

Panama prezidenti Xose Kantera. 1 yanvar 1955-ci ildə Panama şəhərinin hipodromunda at yarışlarını izləyən 47 yaşlı prezident naməlum şəxs tərəfindən pulemyotla güllələndi. Nə qatili, nə də silahı tapmaq mümkün olmadı. Yanvar ayının ikisində prezident Kantera reanimasiyada aldığı yaralardan keçinib. Kömək üçün ABŞ FTB-dən gələn təhqiqatçılar da heç bir iş görə bilməyiblər. Hadisədə şübhəli bilinən bir ABŞ vətəndaşı saxlanılsa da, dəlil yetərsizliyindən daha sonra azadlığa buraxılmışdı. Azadlığa çıxan amerikalının Panamadan ölkəsinə qayıtdıqdan sonra qətlə yetirilməsi prezident Kanteranın ölümünün arxasında mafiyanın dayandığı haqda fikirlər yaratmışdı. Amma rəsmi məlumat budur ki, bir ölkənin prezidentinin ölüm işi hələ də açılmayıb və çox güman ki, heç vaxt da açılmayacaq.

Qvatemala prezidenti Karlos Kastilyo Armas. ABŞ kəşfiyyatının hazırladığı bir planla özündən əvvəlki prezident Xakobo Qusmanı devirərək hakimiyyətə gələn Armas 26 iyul 1957-ci ildə şəxsi mühafizəsinin əsgəri Romeo Sançes tərəfindən güllələnərək öldürülüb. Mühafizəçinin sui-qəsddən sonra özünü öldürməsi bi cinayətin üzərindəki sirr pərdəsini də aralanmağa qoymadı. Onun öldürülməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də, heç biri təsdiqlənmədi və daha bir hökmdarın "qanı batdı".

İraq kralı II Feysal. 14 iyul 1958-ci ildə İraqın ingilislər tərəfindən taxta çıxarılmış kralı II Feysal ordunun komandanı general Abdulkərim Qasimin həyata keçirdiyi dövlət çevrilişi nəticəsində oğlu Abdul ilə birlikdə sarayında öldürülüb. Bir zamanlar cariyələrin göbək rəqsini izlədiyi, cah-calallı sarayının mərmər döşəməsində kral öz oğlu, vəliəhd şahzadə Abdul ilə birlikdə can verdi.

Dominikan prezidenti Rafael Truxilyo. 30 may 1961-ci ildə Dominikan Respublikasının prezidenti generalissimus Rafael Leonidas Truxilyo avtomobilinin atəşə tutilması nəticəsində öldürülüb. Onun avtomobili San-Kristobal şəhəri yaxınlığında gülləbaran edilib. Əsl qatilin, və ya qatillərin, onların arxasında duranların kimliyi isə hələ də məlum deyil. Qeyri-rəsmi versiyalara görə Truxilyo ABŞ MKİ-nin xüsusi əməliyyatı nəticəsində öldürülüb.

Cənubi Vyetnamın prezidenti Nqo Din Dyem.2 noyabr 1963-cü ildə, Cənubi Vyetnamın prezidenti hərbi putçaçılar tərəfindən öldürülüb. Dini etiqadca katolik olan Dyem kilsədən dini ayindən çıxarkən qiyamçı əsgərlər tərəfindən oğurlanaraq ordu qərargahına gətirilimiş və burada başına vurulan bir güllə ilə öldürülüb. Bu hadisədən sonra ABŞ Vyetnama qoşun yeridərək Cənubi Vyetnamı bir dövlət kimi ləğv etdi və tarixdə "Vyetnam müharibəsi" kimi qalan müharibə başladı.

ABŞ-in 46-cı prezidenti Con Ficerald Kennedi. 22 noyabr 1963-cü ildə ABŞ-ın 46-cı prezidenti ölkənin Texas ştatının paytaxtı Dallas şəhərində snayperdən açılan atəşlə öldürülüb. ABŞ kimi dünyanın nəhəng bir ölkəsində baş verən bu hadisə, ən az geridə qalan xırda ölkələrin xırda liderlərinə bir ibrət dərsi olmalıdır. Kimliyinizdən asılı olmayaraq hər yanda və heç gözləmədiyiniz bir zaman ucuz gülləyə qurban gedə bilərsiniz. Prezidentin ölümündən bir neçə saat sonra onun tabutunun da yerləşdiyi təyyarədə, vitse-prezident Lindon Conson Jaklin Kennedinin hıçqırıqları altında prezidentliyə tələm-tələsik, sələfinin cəsədi hələ soyumamış and içdi. Budir hakimiyyət hirsi. Budur hakimiyyət sahiblərinin bir birinə etibarı, əl-ələ mitinq meydanlarında boy göstərən dostun, dostunun cənazəsinə hörməti. Bundan daha faciəvi bir hərəkəti təsəvvür belə edə bilməzsiniz.

Çili prezidenti Alyende Qossesns. 11 sentyabr 1973-cü ildə Çili prezidenti Salvador İsabeliano del Korazon de Xezus Alyende Qossens hərbi çevriliş zamanı öldürülüb. Matksist dünyagörüşlü prezident 1970-ci ildə seçkilərlə hakimiyyətə gəlmişdi. 1973-cü ildə general Avqusto Pinoçetin rəhbərlik etdiyi çevrilişlə hakimiyyətdən yıxılan Alyende prezident sarayını son nəfəsinə qədər əlində silah qoruyub. Artıq sarayın alındığını görən Alyendenin özünü güllələdiyi bildirilir.

Səudiyyə Ərəbistanın kralı Feysal bin Əbdüləziz Əs-Səud. Səudiyyə kralı Feysal 25 mart 1975-ci ildə, bir ailə ziyafəti zamanı ABŞ-da təhsil alan qardaşı oğlu Feysal bin Musad tərəfindən güllələnərək öldürülüb. 31 yaşlı qardaşoğlu 72 yaşlı əmisinin sifətinə üç dəfə atəş açaraq onu öldürüb. Kralın öldürülməsi ilə bağlı çoxlu versiyalar ortaya atılıb. Amma Saud ailəsi bu məsələnin üstünün açılmaması üçün əlindən gələni edib. Hadisə haqda heç bir məlumat verilmir. Qatil qardaşoğlu 1975-ci ildə törətdiyi cinayətə görə Ər-Riyadda başı kəsilərək edam edilib.

Cənubi Koreya prezidenti Pak Çjon Xi. 26 oktyabr 1979-cu ildə prezident Xi Cənubi Koreyanın kəşfiyyat idarəsinin şefi Kim E Çju tərəfindən öldürülüb. KİV-lərin rəsmi məlumatına görə prezident və kəşfiyyatın şefi bir qrup qızın mahnı oxuyub onları əyləndirdiyi süfrə arxasında birlikdə şam yeməyi yeyiblər və alkollu içki qəbul ediblər. Sərxoş zəmində aralarında qız üstündə dava zamanı kəşfiyyatın şefi silahını çəkərək prezidenti öldürüb. Belə də olur. Prezident olanda nə olar, "cavanlıq" eləmək istəyiblər kişilər, bu da sonu...

P.S. Bu siyahı çox uzundur və hər keçən il daha da uzanmaqda davam edir. Bura Səddam Hüseyni və Müəmmar Qəddafini də əlavə etmək olar. Ancaq öldürülən liderlərin hakimiyyəti kimi onların öldürülmə metodları da dəyişiməkdədir. Amma hökmdarlar yenə də inadkarcasına "gözü çıxmaş qardaşlar"ından ibrət dərsi götürmürlər. Bu nəylə bağlıdır görəsən hörmətli oxucu? Ağıl-ağıldan üstündür deyirlər, bəlkə cavabını siz bilərsiniz? Mən bilmirəm, bir bildiyim odur ki, onlara heç zaman "yüksəkdədirlər" deyə həsəd aparmaq olmaz, çünki zəlil olanda onsuz da ürəyimiz ağrıyacaq, acıyacağıq onlara. Zəlil olmayanı isə qalmayacaq bu dünyada. Peyğəmbərimiz (S.A.S) buyurub ki, "Zəlalətə uğramış hökmdarlara qarşı rəhmli olun". Onlara dəyən zərbə dəyib artıq, həm bu dünyada onlar üçün ən əziz şeyi, hakimiyyətlərini və taxt-taclarını itiriblər, həm o dünyada axirətlərini... 

Qaynar.info