Beynəlxalq analiz quruluşu "Climate Analytics” qlobal istiləşməni 1,5 dərəcə həddində saxlamaq üçün hökumətləri təcili tədbirlər görməyə çağıran yeni hesabat yayıb. Sənəddəki diqqətçəkən göstəricilər fosil yanacaq istehlakının yaxın illərdə kəskin şəkildə azaldılmasını zəruri edir.
Qaynarinfo xəbər verir ki, qlobal istiləşmə dalğası bəşəriyyəti tarixdə ən kritik mərhələlərdən birinə sürükləyir. Hesabatda qeyd olunur ki, kömür, neft və qaz kimi fosil yanacaqların istifadəsi 2035-ci ilə qədər yarıya endirilməlidir. Əks halda, dünya geri dönüşü olmayan iqlim böhranı ilə üz-üzə qala bilər.
Atmosferə illik karbon qazı emissiyası 56,8 milyard tona çataraq rekord səviyyəyə yüksəlib. Atmosferdə karbon qazının konsentrasiyası isə milyon hissəcikdə 425,6 səviyyəsinə qalxaraq tarixdə ən yüksək həddə çatıb. Alimlər bildirirlər ki, insan fəaliyyəti planetin təbii istilik balansını sürətlə pozur və Yer kürəsini ciddi qeyri-müəyyənliyə aparır.
Model hesablamalarına görə, 1,5 dərəcəlik kritik həddi qorumaq üçün çox məhdud zaman qalır. Fosil yanacaq istifadəsinin 2030-cu ilə qədər 20 faiz, 2035-ci ilə qədər 50 faiz azaldılması, 2070-ci ilə qədər isə tamamilə sıfıra endirilməsi tələb olunur. Bu plana əsasən kömürün 2050-ci, təbii qazın 2060-cı, neftin isə 2070-ci ildə istifadədən çıxarılması nəzərdə tutulur.
Mütəxəssislər bildirirlər ki, bu məqsədlərə çatmaq üçün yeni neft və qaz yataqlarının kəşfi və istismarı dərhal dayandırılmalıdır. Yeni layihələrə milyardlarla dollar sərmayə yatırılması isə iqlim böhranını daha da dərinləşdirən əsas amillərdən biri kimi qiymətləndirilir.
Hesabatda vurğulanır ki, fosil yanacaq asılılığından çıxışın ən real yolu enerji sistemlərinin sürətlə elektrikləşdirilməsidir. Alimlər karbon tutma kimi hələ tam etibarlı hesab edilməyən texnologiyalardan asılı qalmaq əvəzinə, bərpa olunan enerji mənbələrinə əsaslanan keçidin sürətləndirilməsini tövsiyə edirlər. Bu yanaşmaya görə, 2050-ci ilə qədər qlobal enerji tələbatının təxminən üçdə ikisi elektrik enerjisi ilə təmin olunmalıdır.
Əgər bu transformasiya gecikərsə, bəşəriyyət ya ciddi ekoloji fəlakətlərlə barışmalı, ya da yüksək riskli və baha başa gələn süni karbon təmizləmə üsullarına məcbur qalacaq. Mütəxəssislər bildirirlər ki, planetin tarazlığını qorumaq üçün "təmiz enerji inqilabı” artıq seçim deyil, zərurətdir.
Aydın
Şərhlər