2022-ci ildə dünya üzrə köməyə ehtiyacı olan insanların sayı 324,3 milyon olduğu halda müharibələrin, iqlim dəyişikliyinin və COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri səbəbindən bu rəqəm 2023-cü ilin avqust ayında 363,3 milyona yüksəlib.
Qaynarinfo xəbər verir ki, Böyük Britaniyada yerləşən "İnkişaf Təşəbbüsləri" tərəfindən hazırlanan 20 iyun 2023-cü il tarixli "2023 Qlobal Humanitar Yardım" hesabatında 2022-ci ildə humanitar böhranın bütün dünyada dərinləşdiyi bildirilib.
Hesabata görə, humanitar yardıma ehtiyacı olan insanların 3/4-ü münaqişə, iqlim böhranı və ya sosial-iqtisadi zəiflik faktorlarından ən azı ikisinin təsirinə məruz qalır. Bildirilir ki, humanitar yardıma ehtiyacın artmasının əsas səbəblərindən ikisi ərzaq böhranı və məcburi miqrasiyadır.
Son 2 ildə 60 ölkədən təxminən 265,7 milyon insanın kəskin qida çatışmazlığından əziyyət çəkdiyi müəyyən edilib. İqlim dəyişikliyi isə 236,7 milyon insana mənfi təsir göstərir.
Rusiya-Ukrayna müharibəsi, Pakistan və Şərqi Afrikadakı iqlim dəyişikliyi böhranı, COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri kimi problemlərin humanitar yardım hərəkətlərinin əhəmiyyətini artırdığı qeyd edilib.
BMT-nin Humanitar Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, 2021-ci ildə 255,1 milyon insanın humanitar yardıma ehtiyacı olduğu müəyyən edildiyi halda bu rəqəm 2022-ci ildə 324,3 milyona, 2023-cü ilin 8-ci ayında isə 363,3 milyona yüksəlib.
Ehtiyacların ödənilməsi üçün 2021-ci ildə 37,64 milyard dollar tələb olunduğu halda, bu məbləğ 2022-ci ildə 51,7 milyard dollara, 2023-cü ilin avqustunda isə 55,21 milyard dollara yüksəlib.
Əfqanıstan, Efiopiya, Konqo Demokratik Respublikası, Sudan, Yəmən, Pakistan, Myanma, Ukrayna, Suriya və Cənubi Sudan ən çox humanitar yardıma ehtiyacı olan 10 ölkədir.
Siyasi və iqtisadi böhrandan uzun illərdir dərin təsirlənən Əfqanıstanda 2021-ci ildə 18,4 milyon, 2022-ci ildə 24,4 milyon, 2023-cü ilin 8-ci ayı üzrə isə 29,2 milyon insanın humanitar yardıma ehtiyacı olduğu qeyd edilib.
Münaqişə və quraqlıqdan əziyyət çəkən Efiopiyada humanitar yardıma ehtiyacı olan insanların sayının 2021-ci ildə 23,9 milyon, 2022-ci ildə ən azı 20 milyon, 2023-cü ilin avqustunda isə 28,6 milyon olduğu bildirilib.
Qida böhranının davam etdiyi Konqo Demokratik Respublikasında humanitar böhrandan təsirlənənlərin sayı 2021-ci ildəki 19,6 milyondan 2022-ci ildə 27 milyona yüksəlib, 2023-cü ilin 8-ci ayında isə bu rəqəm 26,4 milyona qədər azalıb.
Sudanda 2021-ci ildə 13,4 milyon, 2022-ci ildə 14,3 milyon nəfərin humanitar yardıma ehtiyacı olduğu halda, 15 apreldən bu yana ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında baş verən qarşıdurmalar səbəbindən bu rəqəm 24,7 milyona yüksəlib.
Hökumətlə İranın dəstəklədiyi husilər arasında vətəndaş müharibəsinin 2014-cü ildən bəri davam etdiyi Yəməndə 2021-ci ildə 20,7 milyon, 2022-ci ildə 23,5 milyon, 2023-cü ilin 8-ci ayında isə 21,6 milyon insan ehtiyac içində yaşayır.
Sel kimi iqlim dəyişikliyinin yaratdığı problemlərin yaşandığı Pakistanda 2021-ci ildə 11 milyon insan humanitar böhrandan təsirləndiyi halda, 2022-ci ildə bu rəqəmin 20,6 milyona yüksəldiyi, 2023-cü ilin avqust ayında isə bu rəqəmin sabit qaldığı müəyyən edilib.
2021-ci ildə 1 milyon insanın humanitar yardıma ehtiyacı olduğu halda, qida təhlükəsizliyi və sağlamlıq sahələrində ən çox köməyə ehtiyacı olan Myanmada bu insanların sayı 2022-ci ildə 14,4 milyona, 2023-cü ilin 8-ci ayında isə 17,6 milyona yüksəlib.
Rusiya-Ukrayna müharibəsinin ağır nəticələrini yaşayan Ukraynada humanitar yardıma ehtiyacı olan insanların sayının 2021-ci ildə 3,4 milyon, 2022-ci ildə 5,2 milyon olduğu halda, hazırda 17,6 milyon insan humanitar böhrandan əziyyət çəkir.
Suriyada 2011-ci ilin mart ayından davam edən vətəndaş müharibəsi səbəbindən humanitar yardıma ehtiyacı olan insanların sayı kifayət qədər çoxdur. 2021-ci ildə 13,4 milyon, 2022-ci ildə 14,6 milyon, 2023-cü ilin 8 ayı üzrə isə 15,3 milyon insan humanitar böhranın mənfi təsirlərini yaşayır.
Ekstremal iqlim hadisələrindən və infrastruktur çatışmazlığından təsirlənən Cənubi Sudanda 2021-ci ildə 8,3 milyon, 2022-ci ildə 8,9 milyon, 2023-cü ilin avqustunda isə 9,4 milyon insanın humanitar yardıma ehtiyacı olduğu müəyyən edilib.
Dünyanın qalan hissəsində 152,3 milyon insanın humanitar yardıma ehtiyacı var.
Aydın