Dünya 19:12 14.08.2022

Dünyanın ən böyük neft istehsal şirkətinin qazancı açıqlandı

Səudiyyə Ərəbistanının neft nəhəngi Aramco bazar günü (14 avqust) 2022-ci ilin ikinci rübündə 48,4 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb.

Qaynarnfo bu barədə "france24" agentliyinə istinadən xəbər verir.

Bu böyük miqdarda qazanc Korona pandemiyasından və həmçinin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra, tələbin artması, xam neftin qiymətinin qalxması nəticəsində əldə edilib.

Dünyanın ən böyük neft istehsalçısı birinci rübdə illik müqayisədə 90 faiz artaraq 39,5 milyard dollar xalis gəlir əldə etdikdən sonra ardıcıl ikinci rüblük rekordunu qeyd edib.

Aramco şirkətinin baş direktoru Amin Həsən Al Naser deyib: "Qlobal bazarda dalğalanmalar və iqtisadi vəziyyətdəki qeyri-sabitlik davam etsə də, bu ilin birinci yarısında baş verən hadisələr göstərdi ki, sənayemizdə davamlı investisiyalar mütləq lazımdır, investisiya həm enerji təchizatını təmin etmək, həm də onun ötürülməsini asanlaşdırmaq üçün vacibdir. İqtisadi təzyiqlərə baxmayaraq, neftə tələbatın artmağa davam edəcəyi gözlənilir".

Aramco-nun məlumatına görə, şirkətin xalis gəliri birinci rüblə müqayisədə "güclü bazar şəraitində” 22,7% artıb. Şirkətin yarımillik mənfəəti 87,9 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü üçün 47,2 milyard dolları ötüb.

Həmçinin, bazar günü Səudiyyə birjasında Aramco-nun qiyməti 40,8 riala (10,9 dollar) bərabər olub. Şirkət 2019-cu ilin dekabr ayında Səudiyyə Fond Birjasında səhmlərinin 1,7 faizini çıxararaq, dünyanın ən böyük ilkin kütləvi təklifində 29,4 milyard dollar cəlb edib.

M.Arif