Aviadaşıyıcılar adətən milli gücün rəmzi hesab olunur, lakin tarixdə gözləntiləri doğrultmayan nümunələr də var.
Qaynarinfo xəbər verir ki, "Slash Gear" beş ən uğursuz aviadaşıyıcının siyahısını təqdim edib.
"Admiral Kuznetsov" - Rusiya "siqaret çəkəni"
1991-ci ildən istismarda olan yeganə Rusiya aviadaşıyıcısı etibarsız turbinlərinə görə daimi problemlərlə üzləşib. Gəminin arxasınca həmişə yedəkçi gedib, mazutdan qalxan qara tüstü isə onun əsas nişanəsinə çevrilib. Bir neçə dəfə yanğın və qəzalar baş verib, təmir zamanı işçilər həlak olub.
"Şinano" - Yaponiyanın "Titaniki"
Öz dövrünün ən böyük aviadaşıyıcısı döyüş gəmisindən çevrilmişdi. Lakin ilk səfərindəcə cəmi yeddi saatdan sonra ABŞ-ın "USS Archerfish" sualtı qayığı tərəfindən batırılıb.
"Lyaonin" - Çinin problemli varisi
Çinin ilk aviadaşıyıcısı tamamlanmamış sovet layihəsinə əsaslanır. O, təyyarələr üçün katapult sisteminə malik deyil və ətraf mühitə ciddi ziyan vurur. Gonkong səfəri zamanı "Lyaonin" şəhərin havasını elə çirkləndirmişdi ki, bu, yarım milyon avtomobilin buraxdığı qazla müqayisə olunurdu.
"Şarl de Qoll" - Fransanın uğursuz flaqmanı
Avropanın yeganə atom aviadaşıyıcısı bir sıra ciddi problemlərlə üzləşib: qısa uçuş göyərtəsi, nüvə sızmaları, vint nasazlıqları və sürətin azalması. Buna baxmayaraq, gəmi hələ də donanmada xidmət edir.
"USS Wasp" - Kompromislərin qurbanı
ABŞ-ın bu aviadaşıyıcısı tona görə ciddi məhdudiyyətlərlə tikilmişdi. Nəticədə zireh zəiflədi və gəmi 1942-ci ildə yapon torpedalarının hədəfinə çevrilib. Yaranan yanğınlar gəmini tamamilə məhv edib.
Analitiklərin sözlərinə görə, bu nümunələr bir daha göstərir ki, ən iddialı hərbi layihələr belə uğursuzluq simvoluna çevrilə bilər.
Aydın
Şərhlər