58 yaşlı Lourens Fosett donuz ürəyi köçürüldükdən təxminən altı həftə sonra ölüb.
Qaynarinfo ABŞ-ın Merilend Universitetinin Tibb Mərkəzinin mətbuat xidmətinə
istinadən xəbər verir ki, bu, dünyada belə əməliyyat keçirən ikinci şəxsdir.
"Cənab Fosett cərrahiyyə əməliyyatından sonra əhəmiyyətli irəliləyiş əldə edib, fizioterapiya ilə məşğul olub, ailə üzvləri ilə vaxt keçirib və həyat yoldaşı Enn ilə kart oynayıb. Son günlər onda ənənəvi transplantasiyalarda, o cümlədən insan orqanlarının transplantasiyasdında müşahidə olunan ən ciddi problem - ürəyin "qəbul edilməməsi”nin ilk əlamətləri görünməyə başlayıb. Həkimlərin bütün səylərinə baxmayaraq, cənab Fosett oktyabrın 30-da dünyasını dəyişib”, deyə tibb mərkəzinin açıqlamasında deyilir.
O, sentyabrın 20-də geni dəyişdirilmiş donuz ürəyinin transplantasiyası əməliyyatı keçirib.
Mətbuat xidməti xəbər verir ki, Merilend Universitetinin ürək ksenotransplantasiyası proqramının direktoru Məhəmməd Mohiuddin bildirib ki, tədqiqatçılar gələcək transplantasiyalarda qarşısı alına biləcək amilləri müəyyən etmək üçün geniş təhlil aparmaq niyyətindədirlər.
Bildirilir ki, Fosett sentyabrın 14-də tibb mərkəzinə xəstə kimi daxil olub. Onda ürək çatışmazlığının son mərhələsi olub, ürəyi əməliyyatdan az əvvəl dayanıb və o, reanimasiyaya köçürülüb. Həkimlər xəstənin müşayiət olunan ağır xəstəlikləri, o cümlədən periferik arteriya xəstəliyi səbəbindən ənənəvi transplantasiyanı qeyri-mümkün hesab ediblər.
Qeyd edək ki, donuz ürəyi transplantasiya olunan ilk insan 57 yaşlı Devid Bennett olub. Bu əməliyyat da Merilend Universitetinin Tibb Mərkəzinin həkimləri tərəfindən həyata keçirib. Bennett transplantasiyadan iki ay sonra, 2022-ci ilin mart ayında vəfat edib.
Nizami Bağırov