Xəbər lenti

Dünyanın ikinci ən böyük almazı şeyxin şəxsi kolleksiyaya daxil ola bilər
Dünya 22:32 25.09.2025

Dünyanın ikinci ən böyük almazı şeyxin şəxsi kolleksiyaya daxil ola bilər

Dünya nadir və heyranedici gözəlliyə sahib brilyantlara həmişə xüsusi maraq göstərib. 

Qaynarinfo xəbər verir ki, son zamanlarda isə diqqət Botsvanada tapılan və dünyanın ikinci ən böyük almazı hesab edilən "Motswedi"yə yönəlib.

2 min 492 karatlıq bu qiymətli daş xüsusi hərracda təqdim olunacaq və ehtimallara görə, bir şeyxin şəxsi kolleksiyasına qatılacaq.

120 ildən sonra tapılan ən böyük daşlardan biri

"Motswedi" ötən il Botsvananın Karove mədənində Kanadanın "Lucara" şirkəti tərəfindən kəşf olunub. Bu daş, son 120 ildə üzə çıxarılan ən böyük almaz hesab edilir. 

Ondan daha böyük olan yeganə daş isə 1905-ci ildə Cənubi Afrikada tapılan 3 min 106 karatlıq "Cullinan" almazıdır. "Cullinan"ın parçalanmasından əldə olunan ən böyük doqquz parça bu gün Britaniya krallıq zinət əşyaları arasında saxlanılır.

Dəyəri necə müəyyən ediləcək?

Almazın kommersiya dəyərinin müəyyənləşdirilməsi Belçikanın "HB Antwerp" şirkətinə həvalə edilib. Şirkətin ictimai əlaqələr direktoru Marqo Donkier qeyd edib ki, daşın qiymətini indidən söyləmək çətindir: "Əvvəlcə almazı dərinliklə araşdırmalı, kəsim və cilalama işlərindən sonra əldə ediləcək nəticəni görməliyik".

"Motswedi"nin dəqiq qiyməti bəlli olmasa da, dünyanın hər yerindən alıcıların maraq göstərdiyi bildirilir. "HB Antwerp", bu almazı eyni mədəndə tapılan daha üç böyük daşla birlikdə sərgiləyir. Bu dörd daşın ümumilikdə ən azı 100 milyon dollara alıcı tapacağı gözlənilir. Potensial alıcılar arasında bir şeyxin də olduğu deyilir.

Qolf topu ilə müqayisə olunur

Fotoşəkillərdə "Motswedi"nin bir ovuca güclə sığdığı görünür. Yanında yerləşdirilən qolf topu isə daşın böyüklüyünü daha aydın göstərir. Motswedi-nin tapıldığı Karove mədəni daha əvvəl 1.758 karatlıq "Sewelo" və 1.109 karatlıq "Lesedi La Rona" kimi nəhəng almazların da kəşf edildiyi ərazidir. "Lesedi La Rona" 2017-ci ildə 53 milyon dollara satılıb, "Sewelo" isə 2019-cu ildə "Louis Vuitton" tərəfindən alınıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->