Ukraynada yaşayan Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov avqustun 21-də bildirib ki, filosof Aleksandr Duqinin qızı Daryanın qətlini "Milli Respublika Ordusu” (MRO) təşkilatı həyata keçirib. Ponomaryovun çıxışından əvvəl internetdə bu təşkilat barədə heç bir məlumat olmayıb: onun manifesti keçmiş deputatın çıxışı ilə təxminən eyni vaxtda ortaya çıxdı.
Hazırda qatı Ukrayna tərəfdarı olan Ponomaryov keçmişdə, ən azı 2014-cü ilə qədər Rusiya elitasında kök saldığına görə tənqid olunurdu. Onun atası Putinin ilk illərində Rusiya hökumətində işləyib, anası Çukotkanın Federasiya Şurasında təmsil edib, keçmiş deputatın özü Vladislav Surkova yaxın olub və Dövlət Dumasında interneti tənzimləyən repressiv qanuna səs verib.
"Meduza”nın xüsusi müxbiri Svetlana Reyter Ponomaryovla Duqinin qətli, o cümlədən Federal təhlükəsizlik xidmətinin sui-qəsdlə bağlı yeni versiyası, həmçinin onun Rusiya hökuməti ilə keçmiş əlaqələri və "Rusiya Federasiyasının məhv edilməsi” barədə danışıb.
Qaynarinfo həmin müsahibənin tərcüməsini təqdim edir.
- FTX indicə Darya Duqinanın qətlinin günahkarlarının müəyyən etdiklərini açıqlayıb - bu, 12 yaşlı qızı ilə birlikdə Rusiyaya gəldiyi, Duqinanı izlədiyi və sonra Pskovdan Estoniyaya getdiyi iddia edilən ukraynalı Natalya Vovkdur.
- Onun bu hadisədə iştirakı olmayıb. Bu xəbər açıqlananda mən Rusiyada ünsiyyətdə olduğum insanlarla əlaqə saxladım. Dedilər ki, yox, o deyil. O, tamamilə kənar adam da deyil, amma onun bu hadisədə birbaşa iştirakı olmayıb.
- Niyə onun günahsız olduğuna əminsən?
- Mən demədim ki, onun hadisə ilə bağlı heç bir əlaqəsi yoxdur. Dedim ki, bu hücumu həyata keçirən o deyil. Mən bunu ünsiyyətdə olduğum insanların ("Milli Respublika Ordusundan”) sözlərindən deyirəm. Bu, hücumu həyata keçirən şəxs deyil, qorunmağa layiq olan şəxsdir.
- Onun Rusiyanı tərk etməsinə hansısa bir töhfəniz olubmu?
- Müəyyən mənada, bəli.
- Darya Duqinanın qətlinə görə məsuliyyəti öz üzərinə götürən "Milli Respublika Ordusu”nun bəyanatını yaymısınız. Bunun baş verəcəyini əvvəlcədən bilirdinizmi?
- Mən bilirdim ki, nəsə olacaq. Təxmini bilirdim söhbət nədən gedə bilər, amma yer və adlar barədə məlumatım olmayıb. Başa düşürdüm ki, uzun müddət əlaqə saxladığım və aprel ayından danışdığım insanlar indiyə qədər etdiklərindən daha geniş miqyasda aksiya hazırlayırlar. Bu vaxta qədər onlar hərbi komissarlıqları yandırıblar (Ponomaryovun açıqlamasına qədər MRO-nın mövcudluğu barədə heç nə məlum deyildi, - "Meduza”nın qeydi). Ancaq onlar öz brendləri ilə mövqe tutmaq, parlaq bir iş görmək istəyirdilər. Birdən mənə dedilər: "Xəbərləri izlə, bu gün bir şey olacaq”.
Başqa konkret məsələr də də var idi, onları deyə bilmərəm, amma yekun təfərrüat yox idi. Bu baş verəndə hadisə yerindən fotolar göndərdilər ki, həqiqətən onlar olublar. Manifest göndərdilər.
- Partlayış yerindən fotolar milyonlarla KİV-də yayılıb.
- Məhz bu fotoşəkillər heç yerdə yayılmayıb. Biz onları göstərib dərc edə bilmərik, çünki insanların təhlükəsizliyi bundan asılıdır. Amma əminəm ki, orijinaldır. Onların özləri olduğunu sübut etmək vacib idi. Hər şeyi ümumiləşdirsək - ünsiyyət, əvvəlcədən xəbərdarlıq, faktdan sonra fotoşəkillər - məni inandırdı ki, həqiqətən bunu edənlərlə əlaqədə olmuşam.
- Maşında kimin olacağını əvvəlcədən bilsəydiniz, MRO-dan olanları çəkindirməyə çalışardınız?
- Kinayə ilə cavab verəcəm. Biz müharibədəyik. Mənim indi baş verən hər şeyə yanaşmam belədir. Qarşı tərəfdən bu müharibədə iştirak edənlər qanuni hədəflərdir. Mən MRO-dan olan yoldaşların bu yanaşması ilə tamamilə razıyam. Həm Darya, həm də Aleksandr Duqin tamamilə qanuni hədəflər idi, çünki hər ikisi bu müharibənin ideoloji təminatında iştirak edirlər.
Konkret olaraq, Darya, digər şeylərlə yanaşı, Yelenovkada Azov döyüşçülərinə qarşı törədilmiş terror aktını törədənlərdən biridir. Bu adam Ukraynada qırğınlara çağırış edirdi, əminəm ki, bu, tamamilə qanuni hədəfdir. Və "atasına görə haqq-hesaba çəkilən bədbəxt qız” demək lazım deyil. O, onun leytenantı, sağ əli idi. Mənim fikrimə görə, onların hər ikisi olmalı idi.
Mən bunun çox təsirli bir hərəkət olduğunu hesab edirəmmi? Xeyr, mən belə düşünmürəm. Aktiv çevrə üçün Duqin fiquru mistikdir, şişirtmədir. Böyük müdrik insan, faşistlərin lideri, "rus dünyası”nın ideoloqu. Vaxtı ilə hakimiyyətdə olan bir insan kimi mən Duqini yaxşı tanıyıram. Onunla çox danışmışam və Rusiya strukturlarında ona olan münasibətdən xəbərdaram - o, heç kimdir.
- Maşını partlatmaqdan başqa üsullar yox idimi?
- Sual mənə aid deyil. Mən səsləndirirəm, ünsiyyət qururam, bu insanlara daxili problemlərində, təhlükəsizliyində kömək edirəm, amma hədəfləri barədə mənimlə məsləhətləşmirlər.
- Maşında yalnız qızının olduğunu və atasının olmadığını bilsəydilər, düyməni basardılarmı?
- Mən belə düşünmürəm, amma iki nəfərin maşına mindiyini görüblər. Və elə biliblər ki, ikinci Duqindir. İkinci şəxs kim idi və onunla nə baş verib, biz bilmirik (bu müsahibəyə qədər Duqinanın avtomobilində ikinci şəxsin olması barədə heç bir məlumat yox idi – "Meduza”nın qeydi).
- Video çıxışınızdan açıq-aydın görünür ki, siz MRO-nun hərəkətlərini dəstəkləyirsiniz.
- Bəli, dəstəkləyirəm.
- Zorakılığın şiddət doğurması sizi dayandırmırmı? Mən bunu başqa cür deyəcəyəm: döyüş meydanında olan insan özünü müdafiə edə bilər, amma maşının partlamasından qorunmaq mümkün deyil.
- Siz nədənsə başa düşmürsünüz, biz müharibə vəziyyətindəyik. Sırf ukraynalı olduqlarına görə başına mərmilər yağdırılanların da heç bir müdafiəsi yoxdur. Bu müharibəni MRO, İlya Ponomaryov başlatmayıb - bu zorakılığı Putin yaradıb və o, onun fırtınasını hiss edəcək. Mən şəxsən hesab edirəm ki, Rusiya elitasının nümayəndələrinin sakit otura bilməyəcəklərini başa düşmələri çox vacibdir. Onlar tərəf tutmalı olacaqlar və bütün hörmətli liberal jurnalistlər də tərəf tutmalıdırlar. Obyektiv mövqedə olmaq mümkün olmayacaq.
- MRO-dan olanlar niyə məhz sizinlə əlaqəyə giriblər?
— Mən Ukraynadayam və bu insanların ehtiyac duyduğu resurslara çıxışım var.
— Eşitdiyimizə görə, Ukraynadakı sonuncu fəaliyyətiniz "investisiya cəlb etməklə” bağlı idi.
- Fevralın 24-nə kimi aktiv şəkildə bizneslə məşğul olmuşam, sonra qazandığım pulları aktiv şəkildə xərcləməyə başlamışam.
- Hansı bizneslə məşğul olmusunuz?
- İnvestisiya.
- Bəs daha dəqiq?
- Gəlin ad açıqlamayaq, yoxsa bu mənə baha başa gələcək. Birjada alqı-satqı ilə məşğul olan açıq şirkət.
- Reputasiyanızla bağlı çoxsaylı suallar var. Əvvəlcə "Sol cəbhə”, sonra internetlə bağlı Mizulinanın qanun layihəsinə dəstək, anan Federasiya Şurasında, atan pravoslav iş adamı Konstantin Malofeyevin nəzarətində olan şirkətin direktorlar şurasında idi. Hətta Aleksey Navalnı "Skolkovo” fondu ilə bağlı hadisəyə görə sizi fırıldaqçı adlandırıb. Siz, nəhayət Vladislav Surkovla dost olmusunuz.
- Surkovla dost deyildik, bir yerdə işləmişik, amma onu ideoloji rəqib hesab etmişəm.
- Bəli, siz onunla birlikdə "Skolkovo” innovasiya mərkəzini qurmusunuz. Bütün bunları nəzərə alsaq, insanlar niyə sizə inanır?
- Bu, onların işidir, öz seçimləridir. Məsələn, səni mən necə inandırım? Deyim ki, anam canı?
- Təxminən 10 il Çukotkanı Federasiya Şurasında təmsil edən ananla bağlı uğurlu misal gətirmədin. Əvvəlki işinizlə indi fəal mübarizə apardığınız bu rejimə tam töhfə verdiyiniz heç ağlınıza gəldimi?
- Xeyr, belə deyil. Mən, 2002-ci ildən siyasətdəyəm. Putin hakimiyyətə gələndə onunla bağlı hər şey dərhal aydın oldu: o, 1993-cü il dövlət çevrilişindən sonra yaradılan Konstitusiyanın məhsulu idi. Mən heç vaxt Putini dəstəkləməmişəm, həmişə müxalifətdə olmuşam. Uzun müddət radikal siyasi hərəkat olan "Sol сəbhə”ni yaratmışam. Amma təbii ki, mən həmişə əlimdə olan imkanlardan istifadə etməyə çalışmışam və inqilab mənim üçün heç vaxt məqsəd olmayıb.
- Eyni zamanda bu rejimin yaratdığı qurumlarda çalışmısınız.
- Mən tamamilə şüurlu şəkildə Dövlət Dumasına getmişəm, əgər bunu nəzərdə tutursunuzsa - qanuni səlahiyyətlər əldə etmək üçün.
- Mən daha çox Dmitri Medvedyevin sevimli layihələri üzərində işlədiyiniz barədə soruşuram.
— Bəli, mən "Skolkovo”nu fikirləşmişəm, bu mənim layihəmdir. Medvedyev üçün iqtisadiyyatın modernləşdirilməsi konsepsiyasını yazmışam. Bəli, Medvedevin böyük bir prezervativ və böyük bir xəyal qırıqlığı, zəif bir adam olduğu ortaya çıxdı. Mən ona heyran olmamışam, amma fikirləşdirdim ki, onun imkanları var, ondan istifadə edim. O, ümumiyyətlə, bütün bunları etmək istəyirdi, amma təkrar edirəm, zəif və qorxaq çıxdı, sonacan getməkdən qorxdu və ətrafındakı hər kəsə, bütün komandasına xəyanət etdi. Abızov, Dvorkoviç, Timakova - artıq onun yanında heç kim yoxdur. Ona kömək edən hər kəs ya həbsdədir, ya da təzyiq altında. Ümumiyyətlə, mən onun üçün işləməmişəm, ölkə üçün, insanların həyatını yaxşılaşdırmaq üçün çalışmışam.
Eyni zamanda, mən müharibəyə göz yummağa hazır olan bu sistemli liberallar kimi deyiləm. Mənim üçün elə şeylər var ki, üzərindən keçə bilmərəm. 2014-cü ilə qədər hakimiyyətdəki varlığımı qorumaq, bütün təsir rıçaqlarını saxlamaq üçün mümkün olan hər şeyi etmişəm. Siz qeyd etdiniz ki, mən Mizulinanın qanununa səs vermişəm, lakin birinci oxunuşda Dima Yakovlevin qanununu dəstəkləməyən və geylərin təbliğatı haqqında qanunun əleyhinə səs verən yeganə şəxs olmuşam.
Mizulinanın qanun layihəsinə gəldikdə, çox uzun müddət Dövlət Dumasında İnternetə cavabdeh olan yeganə şəxs idim və Yandex, Google və digər texnoloji şirkətlərin nümayəndələri ilə birlikdə bu qanun layihəsinin minimum kompromis olduğuna qərar verdik. Narkotik maddələr və uşaq pornoqrafiyası ilə bağlı materialların bloklanması ilə hamı razılaşdı ki, qanun layihəsi mərhum media meneceri Anton Nosik tərəfindən idarə edilməli olan özünütənzimləmə təşkilatı yaratmaq imkanı yaratdı. Ancaq Aleksey Anatolyeviç Navalnı və başqaları tərəfindən hay-küy yarandı, hamı geri çəkildi. Nəticədə qanun layihəsi qaldı, lakin heç bir özünütənzimləmə təşkilatı yaradılmadı.
- Əgər birdən MRO-dan olanlar sizə desələr ki, növbəti aksiya üçün vaxtilə "Skolkovo”da və ya Dövlət Dumasında işlədiyiniz insanları seçiblər, özünüzü necə aparacaqsınız?
- Mənim hərəkətlərim tamamilə onların bugünkü mövqeyinə əsaslanacaq. Əgər bu insanlar müharibəyə dəstək mövqeyindədirlərsə... MRO manifestində kimin qanuni hədəf olduğu və kimin olmadığı ilə bağlı tam razılaşdığım bir manifest var. Mən mülki əhalinin tələfatına səbəb ola biləcək hər şeyin qəti əleyhinəyəm, lakin bu hökumətlə inteqrasiya olunmuş istənilən məmur, istənilən biznesmen, istənilən şəxs qanuni hədəfdir.
- Bəs bir insan bu hakimiyyətlə inteqrasiya olunubsa, müharibəni dəstəkləyirsə və sonra, gözlənilmədən sülh tərəfdarı olursa... Və bu qərara bir atdım qalmış o, "qanuni hədəf" seçilirsə?
- Hesab edirəm ki, yaxşı tərəfə keçid imkanı açıq olmalıdır. Məsələn, mən Marina Ovsyannikovanın hərəkətini dəstəklədim, baxmayaraq ki, burada (Ukraynada) hamı onun FSB agenti olması barədə hay-küy salırdı. Hesab edirəm ki, əgər insan hansısa bir iş görübsə, xeyir tərəfə keçibsə, heç nədən asılı olmayaraq, buna dəstək vermək lazımdır. Amma əcəl onu yaxalamadan əvvəl bunu etməyə çatdırmayıbsa, bu onun problemləridir.
- MRO ilə necə əlaqə saxlayırsınız?
- Messencerlər var, onlarla əlaqə saxlayan xüsusi şəxs var.
- Onlara necə kömək edirsiniz?
- Nə xahiş edirlərsə, onu da edirik. Bəzən insanları FSB təqiblərindən xilas etmək lazımdır, onları oradan (Rusiyadan) çıxarmaq lazımdır, biz onları çıxarırıq.
- Məsələn, bildin ki, onlar (Rusiyadan çıxarılmalı olan insanlar) beş dəqiqə əvvəl bomba qoyublar. Çıxaracaqsan?
- Əlbəttə. Başqa kimi çıxaracayıq ki? Nəsə edənləri. Məhz bomba qoyanları çıxarmaq lazımdır.
- Nə vaxtsa Rusiyaya qayıdacaqsınız?
- Ən tez bir zamanda. Ümumiyyətlə, hesab edirəm ki, fevralın 24-dən Rusiyadayam, çünki o vaxtdan bizim dövlət sərhədimiz yoxdur, cəbhə xətti var. Moskvada nə vaxt olacağımı bilmirəm, amma düşünürəm ki, sizdən əvvəl olacam. Çünki ilk növbədə əllərində silah olanlar gələcək. İndi bizim vəzifəmiz Putini bitirməkdir.
- Duqinin qızını partlatmaqla onun işini necə bitirəcəksiniz? İzah edə bilərsiniz?
- Bizim vəzifəmiz elitada parçalanmaya səbəb olan istənilən hərəkəti dəstəkləməkdir. Əgər bu elita başa düşsə ki, ya rus hərbçiləri, ya da rus partizanları onların yanına gələcək, o zaman hərəkətə keçəcəklər.
- Ya da partlayışlar Rusiya daxilində terror dalğasına səbəb olacaq.
- VƏ? Biz müharibədəyik. Rusiyada terrorun indi məxməri olması onun sərtləşməsi ilə eyni nəticəyə gətirib çıxarır - hamı künc-bucaqda oturub heç nə etmir. Putin tərəfindən bu vəziyyəti inkişaf etdirmək üçün edə biləcəyi ən yaxşı şey sərtləşmədir. Sonra insanlar nəsə etməyə başlayacaqlar. Mən insanların Kremlə getməsini istəmirəm, mənasız hərəkətlərin əleyhinəyəm, lakin Rusiya rejiminin dəyişdirilməsinə yönəlmiş aksiyaları dəstəkləmək lazımdır.
- İndi nə sən, nə də mən Rusiyadayıq.
- Ancaq sizinlə mənim mühüm fərqimiz var - siz dinc ölkədə oturmusunuz, mən isə cəbhə xəttindən çox da uzaqda deyiləm. Ərazi müdafiə qüvvələrinə qoşuldum, pulemyot götürdüm. Və sonra biz qərara gəldik ki, qalib gəlmək üçün Rusiya istiqaməti üzrə işləmək daha vacibdir.
- Bəs bunun sonu necə olacaq?
- Düşünürəm ki, bu, bizim qələbəmiz və Vladimir Putinin fiziki ölümü ilə bitəcək. Düşünürəm ki, bu, Rusiya Federasiyasının dağıdılması və yeni respublikanın yaradılması ilə başa çatacaq.
- Rusiya Federasiyasına yazığınız gəlmir?
- Əksinə, orada insanları xilas etmək lazımdır.
Hazırladı: Nizami Bağırov