Fransanın sabiq müdafiə, hazırkı xarici işlər naziri Jan Yve Le Drianın adından istifadə edərək müxtəlif siyasətçi, biznesmenlərdən milyonlarla avro pul əldə edən cinayətkar qrup yenidən gündəmdədir.
Qaynarinfo xəbər verir ki, xüsusi maska ilə Drian görkəminə bürünən Qilbert Çikli ilk dəfə 2015-ci ildə fırıldaqçılığa başlayıb. İsrail əsilli Çiklinin 40 ölkədə ümumilikdə 150-yə yaxın qurbanı var. "Skype" və telefon vasitəsilə əlaqə yaradan Qilbert Çikli inandırıcı olmaq üçün görüşləri nazir kabinetinə bənzəyən otaqdan həyata keçirib. İsrail vətəndaşının ümumilikdə 80 milyon avro mənimsədiyi iddia edilir:
1. Le Drian imzası ilə Tunis Müdafiə Nazirliyinə 4 helikopter alışı ilə əlaqədar göndərilən saxta fakturadan sonra 20 milyon avro ələ keçirilib.
2. Terrorçuların əlinə keçən fransız jurnalistlərin azad edilməsi üçün bir çox ölkədən kömək istənilib və böyük məbləğlər mənimsənilib.
3. Fransa hökuməti ilə yaxınlığı ilə bilinən türkiyəli biznesmen "Kıraç Holding"in rəhbəri İnan Kıraç Çikliyə 4,1 milyon avro verib.
Saxta Le Drianın qurbanları sırasında siyasətçilər, dövlət adamları, şərab istehsalçıları, müxtəlif tanınmış şəxslər var.
Fransa məhkəməsi şəxsiyyəti müəyyənləşdirən cinayətkar barədə 2015-ci ildə həbs qərarı çıxarıb. Qilbert Çikli İsrail vətəndaşlarını digər ölkələrə təhvil vermədiyi üçün 2 il azadlıqda qalıb. O, 2017-ci ildə Ukraynada tutulub və Fransaya təhvil verilib. Çikli hazırda Parisdə həbsdə saxlanılır və istintaq prosesi davam etdirilir. Son həftələrdə isə oxşar fırıldaqçılıq hadisələri yenidən qeydə alınıb. Bu fakt, cinayətlərin tək şəxs yox, cinayətkar qruplaşma tərəfindən törədilməsi barədə fikirlərə səbəb olub.
Gülşən