Rusiya vətəndaşı, qondarma DXR yaraqlılarının keçmiş lideri, həmçinin Krımın Rusiya tərəfindən işğalının fəal iştirakçısı, yarımadada ukraynalılara işgəncə verilməsində iştirak edən İqor Bezler Ukraynada qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo xəbər verir ki, bu hökmü martın 8-də Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol şəhəri prokurorluğu elan edib.
Rəsmi açıqlamada İqor Bezlerin adı çəkilməsə də, onun məşhur ləqəbi "Bes” (Şeytan-red.) qeyd olunur. Prokurorluq onun Rusiya təcavüzünün iştirakçısı olduğunu, 2014-cü ildə yarımadada "Avtomaydan” fəallarına işgəncə verdiyini və hərbi cinayətlərdə əli olduğunu müəyyən edib.
"2014-cü ilin mart ayında Simferopol şəhərində məhkumun rəhbərliyi altında onun tərəfdaşları fəalları - "Avtomaydan”ın iştirakçılarını oğurlayaraq hərbi komissarlıqa həbs ediblər. Bütün qurbanlar uyğun olmayan otaqlarda, gözləri bağlı, lazımi qidalanma və yaxınları ilə ünsiyyət olmadan saxlanılıb. Məhkum şəxsən hədə-qorxu, işgəncə, zorakılıq tətbiq edib və bəzilərinə bədən xəsarətləri yetirib”, - deyə prokurorluqdan bildirilib.
İttiham tərəfi sübut edib ki, Krımdakı ukraynalı fəallar o zaman Ukraynayönlü mövqelərinə, yarımadanın işğalına müqavimət göstərdiklərinə və qanunsuz referendumun keçirilməsinə mane olduqlarına görə qanunsuz olaraq həbs edilib və işgəncələrə məruz qalıblar.
Məhkəmə Bezleri Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilib:
müharibə qanunlarını və adətlərini pozmaqla (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 1-ci hissəsi),
Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına hücumda (Ukrayna Cinayət Məcəlləsinin 110-cu maddəsinin 2-ci hissəsi).
Nəticədə Bezler qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hələ 2021-ci ildə bildirilmişdi ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) müstəntiqləri ibtidai istintaqı başa çatdıraraq İqor Bezlerin işini məhkəməyə veriblər.
İqor Bezler haqqında nə məlumdur
2014-cü ildə Bezler Ukrayna ərazisində çoxsaylı cinayətlər törətmiş "DXR” terror qruplaşmasının yaraqlılarının liderlərindən biri olub.
Bezlerin təxribat qrupu Krımın işğalında iştirak etməklə yanaşı, 2014-cü ildə SBU-nun Donetsk vilayətindəki qərargahının, daha sonra isə Qorlovkada Ukrayna Daxili İşlər Nazirliyinin regional idarəsinin ələ keçirilməsində iştirak edib. Bezlerin yaraqlıları həmçinin Donetsk vilayətində, xüsusən Qorlovkada və Volnovaxada ukraynalı fəallara, mülki şəxslərə, deputatlara və hərbçilərə oğurluq və hücumlar təşkil ediblər.
2017-ci ilin fevralında BMT Ukraynadakı müharibə zamanı cinsi zorakılıq haqqında hesabat dərc edib. Bu hesabatda həmçinin Bezlerin döyüşçü yoldaşlarının cinayətləri, xüsusilə də aşağıdakılar qeyd olunur: "25 sentyabr 2014-cü ildə "Bezler qrupu”nun silahlı şəxsləri bir qadını və onun iki həmkarını (bir kişi və bir qadın) iş yerlərindən qaçırıblar. Onları Qorlovkadakı kömür mədəninin zəbt olunmuş inzibati binasına gətiriblər. Üç nəfərin həbs olunduğu bildirilib. Onlar qan izləri olan başqa otağa aparılıblar. Kişi qadınların gözü qarşısında huşunu itirənə qədər döyülüb. Daha sonra hər iki qadın pullarını və qiymətli əşyalarını harada saxladıqları barədə sorğu-sual edən azı 7 nəfər tərəfindən döyülərək zorlanıb. Zərərçəkənlərdən biri sinəsinə naqil bağlanaraq elektrik cərəyanına məruz qalıb”.
2014-cü ildə MH17 qəzasından sonra SBU İqor Bezlerin iştirak etdiyi ələ keçirilmiş telefon danışıqlarını yayımlayıb. Yazıların birində o, Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinə vurulan təyyarə haqqında məlumat verib. Malayziyanın Boeing 777 təyyarəsi 2014-cü il iyulun 17-də Donbasda qəzaya uğrayıb. Malayziya Hava Yollarına məxsus təyyarə Amsterdamdan Kuala-Lumpura uçurdu. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub. Təyyarə Ukraynanın işğal olunmuş ərazisinə gətirilən Rusiyanın "Buk” hava hücumundan müdafiə raket sistemi ilə vurulub.
Bezler 2014-cü ilin payızına qədər "DXR” yaraqlılarının bir hissəsinə rəhbərlik edib, bundan sonra o, yəqin ki, Ukraynanı tərk edib.
2023-cü ilin fevralında Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi cümə günü İqor Bezlerin iştirak etdiyi söhbətin dinlənilməsini dərc etdi. Sonra Bezler və həmsöhbəti 2022-ci ilin avqustunda işğal olunmuş Donetskdə dram teatrının ərazisində məhv edilmiş terrorçu Olqa Kaçura (Korsa) ilə vidalaşma zamanı baş verən partlayışları müzakirə ediblər. Onlara şübhəli görünən dəfn mərasiminə necə israrla dəvət olunduqlarını bölüşüblər. Bezler onları bu şəkildə məhv etməyi planlaşdırdıqlarını deyib.
Alpər