Fransanın Dijon şəhərinin mərkəzində, 13 iyun şənbə günü gecə, Afrikanın Mərakeş, Tunis və Əlcəzairi özündə birləşdirən Məğrib bölgəsindən olan cinayətkar qrupların nümayəndələri ilə çeçen diasporu arasında kütləvi toqquşma baş verib.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı "Fransa İnfo” televiziyası yerli hakimiyyət orqanlarına istinadən yayıb.
Əvvəlcə kapüşonlu paltar geyinmiş onlarla insan şəhər mərkəzində toplaşmağa başlayıb, sonra məşhur bir qəlyanxanaya doğru hərəkət edib. Onların əllərində armatur, bıçaq, vintaçan və beyzbol sopaları olub. Qəzəbli kütləni dağıtmaq üçün dərhal hadisə yerinə gələn polis dəstələri gözyaşardıcı qazdan istifadə etməli olub.
Məlum olub ki, tərəflər arasında münqaişənin səbəbi Çeçenistan əsilli bir nəfərin Məğrib ölkələri sakinlərinin yerli dəstəsinin nümayəndələri tərəfindən döyülməsi olub. Sonra Fransanın bir neçə şəhərindən olan çeçenlər hesablaşmaq üçün toplaşıblar. Dijon prokurorunun müavini bildirib ki, iğtişaşlar nəticəsində 10 nəfər xəsarət alıb. Ancaq heç kim həbs edilməyib.
Qeyd olunur ki, etnik qrupların nümayəndələri bazar günü gecə münasibətləri aydınlaşdırmaq üçün yenidən görüşməyə cəhd etsələr də, hesablaşmanın qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb. Şəhərdəki asayişi qorumaq üçün polis xüsusi təyinatlılarının iki bölməsi əməliyyata cəlb edilib.
Alpər