Xəbər lenti

Şəhid necə dəfn olunmalıdır və dövlət standartı necədir? (MÜSAHİBƏ)
Ölkə08:12 15.09.2022

Şəhid necə dəfn olunmalıdır və dövlət standartı necədir? (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sosial şəbəkələrdə erməni təxribatı nəticəsində vətən uğrunda canını verən şəhidlərin dəfn mərasimlərindən videolar paylaşırlar. Görüntülərdə dəfn mərasimlərinin bəzilərinin gecə saatlarında keçirilməsi narahatlığa səbəb olub. Bundan əlavə, dəfn mərasimlərində "Hüseyn vay, Həsən vay” deyə ağlayan qruplar görünür. Bu hal şəhid ata-analarının narazılığına səbəb olub. Hətta bəzi analar "Hüseynə qurban olum, amma mənim balama güllə dəyib, şəhid olub, imkan verin balamı ağlayım” deyə narazılığını dilə gətirir... Ümumiyyətlə, şəhidlər necə dəfn olunmalıdır? Bunun dövlət standartı necədir?
Qaynarinfo məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərovdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:
- Üzeyir bəy, şəhidlər necə dəfn olunmalıdır?
- Şəhidlərin dəfni ilə bağlı dövlət üzərinə düşən bütün işlərin hamısına əməl edir. Şəhidlər Azərbaycanın üçrəngli bayrağına bükülən tabutda gətirilir. Dövlət himni səslənir, havaya atəş açılır, sonra şəhid məzara qoyulur. Amma şəhidlərin dəfn mərasimində bəzi xoşagəlməz hallar var və bu məni hərbçi kimi narahat edir.
- Nədir narahatverici hallar?
- Bəzi kənd yerlərində şəhidlərin dəfni zamanı məzarın üzərinə Azərbaycan bayrağı sərilir və sonra həmin bayrağın üzərinə torpaq tökülür, daşlar atılır. Heç bir halda bunu etmək olmaz. Azərbaycan bayrağı müqəddəsdir, biz onun qarşısında diz çöküb, onu öpürük. Başımızın üzərinə qaldırırıq. Amma insanlar kürəklə, bellə bayrağın üzərinə palçıq, torpaq tökürlər və beləcə, bayrağı pis vəziyyətə salırlar. Bununla bağlı dəfələrlə rəsmilərə müraciət etmişəm. Qoy məzar hazır olsun və onun üzərinə üçrəngli bayrağı ədəblə-ərkanla sərmək və yaxud da asmaq olar. Bu, tamam başqa şeydir, amma bayrağın üzərinə torpaq, palçıq tökmək olmaz. Hesab edirəm ki, bu hal müqəddəs üçrəngli bayrağımıza hörmətsizlikdir. Məndən inciməsinlər, belə hala yol vermək olmaz. Bayrağa belə münasibət olmamalıdır.
- Şəhidlərin dəfn mərasimlərinin gecə təşkili narazılıq yaradıb. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu məsələdə qeyri-adi heç nə görmürəm. Bəzən olur ki, Azərbaycandan kənarda dünyasını dəyişən insanlar olur, onların cənazələri təyyarə ilə Bakıya gətirilir və gecə də dəfn olunur. Mən insanları başa düşür, anlayıram. İnsanlar nədən şübhələnir? Axşam saatlarında dəfn müsəlman qaydalarına ziddir? Yoxsa necə? Yəni onların narazılığına səbəb nədir? Bu gün şəhidlərimiz çoxdur, onların hər birinə vaxt ayrılır. Əgər onların hər birinə saatlarla vaxt ayrılsa, izdihamlı vida mərasimləri həftələrlə vaxt aparan prosesdir. Bunu da anlamaq lazımdır. Onların gecə saatlarında dəfn olunması o demək deyil ki, şəhidə hörmətsizlik edirik. Əsla, belə düşünmək olmaz. Məsələ ilə bağlı sosial şəbəkələrdə yazırlar, onların hər birini görürük. Yaxşı gecə dəfn etməyək, saxlayaq, hava da istidir, aparaq hansısa bir mədəniyyət evinə, izdihamlı mərasim keçirək, çıxışlar olsun, xatirələr söyləsinlər və s. Necə olacaq? Şəhid artıq uca məqama yüksəlib, yuyulub və kəfənlənib, dualar oxunub, dəfnə hazırdır. Mən şəhidlərin gecə saatlarında dəfn olunmasında bir qəbahət görmürəm. Dövlətin qaydaları var. Sosial şəbəkələr az qala sifarişlər bürosu olub. "Bunu belə elə, onu elə eləyək” və s. deyə tələblər qoyurlar. Yaxşı onda gündüz dəfn olunanlarla da bağlı onların fikirləri nədir? 50 şəhid var, yarısı Bakıda, yarısı valideynlərin istəyi ilə rayonlarda dəfn olunub. Bunların hər birinə rəsmi adamlar ayrılıb. Onların son mənzilə yola salınması ilə bağlı dövlət himninin ifa olunması üçün orkestr, atəş açılması üçün qarovul dəstə ayrılır. O qədər məsələlər var, bunun hər birini nəzərə almaq lazımdır. Gəlin, şəhidimizi ən yüksək hörmətlə yola salaq. Kim istəyirsə, şəhid dəfnində iştirak edə bilər. Səbuhinin dəfn mərasimini gördünüz. Heç kəsi yox idi, amma bütün xalq onu son mənzilə yola salırdı. Bu, xalqın şəhidə olan münasibətdir. 
- Bəs Üzeyir bəy, sosial şəbəkələrdə şəhidlərin dəfn mərasimlərindən paylaşılan görüntülərdə "Hüseyn vay, Həsən vay” deyə ağlayan qruplar var. Sonra öz ağlaşmalarını videoya çəkib paylaşırlar. Onların bu hərəkəti şəhid anaların narazılığına səbəb olub. Hətta "Hüseynə qurban olum, amma mənim balama güllə dəyib, şəhid olub, imkan verin balamı ağlayın” deyə narazılığını dilə gətirən valideynlər də var...
- Fikrimcə, bəzi qurumlar insanlara şərait yaradırlar ki, dəfn mərasimlərində müəyyən məqsədlərini həyata keçirsinlər. Dövlət öz şəhidini son mənzilə yola salır. Amma orada dindar adı ilə peyda olan bəzi şəxslər həm mərasimin vaxtını uzadırlar, həm də orada lazımsız şüarlar səsləndirirər. Bu şüarlar şəhidlərin dəfn mərasimində deyil, yas mərasimində səslənə bilər. Dəfn mərasiminə aid olmayan şüarlar deyilə bilməz. Şəhidin sahibləri, tədbir iştirakçılarını düşünmək lazımdır. Onların bəzilərinin halı pisləşir. Mən bu məsələdə Qafqaz Müsəlmanları İdarəsini qınayıram. Əvvala Qafqaz Müsəlmanları İdarəsi də şəhidlərin dəfnində olmalıdır. Qurumun bir nəfər üzvü şəhidlərin dəfn mərasimlərində iştirak etməlidir. Necə ki, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, ayırdığı zabitlər iştirak edir. Mən Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşlarının şəhidlərin dəfn mərasiminə qatılmamasına görə narahatlığımı və narazılğımı bildirirəm.  
Bahar Rüstəmli