Demək olar ki, bütün Formula 1 pilotları Monakoda yaşayır və bunun səbəbi yalnız bu kiçik knyazlıqda tətbiq olunan vergi güzəştləri deyil.
Qaynarinfo xəbər verir ki, "Supercarblondie” nəşrinin yazdığına görə, Monakonun sakinləri arasında Şarl Lekler, Maks Ferstappen, Lüis Hemilton, Lando Norris və Valtteri Bottas kimi Formula 1 əfsanələri yer alır.
Bəs birbaşa gəlir vergisinin olmamasından başqa, sürücüləri bu ölkəyə cəlb edən nədir? İlk baxışda cavab sadə görünə bilər.
Əvvəla, Monako Fransız Rivyerasında yerləşir və dünyanın hər yerindən superavtomobilləri və onların həvəskarlarını özünə cəlb edir. Sahilboyu düzülmüş dəbdəbəli yaxtalar belə küçələrdə hərəkət edən eksklüziv avtomobillərin fonunda diqqətdən kənarda qala bilir.
Monakoda vergi sistemi necə işləyir?
Monakonun vergi sistemi bir sıra xüsusiyyətləri ilə seçilir. Burada sərvət, əmlak və yaşayış yeri üzrə vergi tətbiq olunmur.
Vergi öhdəlikləri əsasən iki qrupa şamil edilir: Fransa vətəndaşları və fəaliyyət dövriyyəsindən asılı olaraq müəyyən şirkətlər.
Fransa ilə bağlanmış vergi sazişlərinə əsasən, Monakoda yaşayan Fransa vətəndaşları Fransa qanunvericiliyinə uyğun olaraq vergiyə cəlb edilirlər.
Bununla belə, dövlət qurumlarında çalışan fransızlar, Monako vətəndaşları ilə evli şəxslər və ikili vətəndaşlığı olan bəzi şəxslər üçün istisnalar mövcuddur.
Beləliklə, milyonlarla dollar gəlir əldə edən Formula 1 pilotları üçün Monakoya köçmək maliyyə baxımından kifayət qədər cəlbedici görünür.
Pilotlar niyə başqa səbəblərə görə də Monakonu seçirlər?
Nəşrin qeyd etdiyi kimi, vergi üstünlükləri yeganə səbəb deyil. Monakoda məşhurlar daha sakit həyat sürə, fanatlar və paparassilərin daimi diqqətindən uzaq qala bilirlər.
Bu ölkədə şəxsi həyatın toxunulmazlığı ilə bağlı dünyanın ən sərt qanunlarından bəziləri qüvvədədir. Bu yaxınlarda qəbul edilən yeni qanun otellər və kazinolar daxilində qonaqların icazəsiz foto və video çəkilişini qadağan edib.
Nəşrin mənbəsinin sözlərinə görə, ehtiyatlılıq və məxfilik Monakonun ən dəyərli xüsusiyyətlərindən biridir:
"Bu qanun qonaqların yemək yeyərkən, əylənərkən və ya sadəcə istirahət edərkən fəaliyyətlərinin bütün dünyaya yayılacağından narahat olmadan vaxt keçirməsinə zəmanət verir”.
Bundan əlavə, Monako ilə Formula 1 arasında uzun illərə söykənən sıx əlaqələr mövcuddur. Monako Qran-prisi bu idman növünün ən nüfuzlu yarışlarından biri hesab olunur. Formula 1 təqviminə əsasən, Monako mərhələsinin keçirilməsi ilə bağlı müqavilə artıq 2035-ci ilə qədər nəzərdə tutulub.
Aydın
Şərhlər