Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında 10 min dollardan yuxarı olan kreditlərə heç bir güzəşt olunmayacağı ilə bağlı açıqlama yayıb. Bu vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Odər Qəni bu kimi qərarların məmurların yerli sahibkarlığın inkişafına yaradılan şəraitlərə mane olduğunu bildirib:
"Elman Rüstəmov 10 min dollardan yuxarı krediti olanlara güzəşt edilməməsini bu kreditlərin biznes krediti olması ilə əlaqələndirir. Əvvəla 1-ci devalvasiyadan əvvəl götürülən 10 min dollarlıq kredit 7.800 manat, 2-ci devalvasiyadan əvvəl götürülənlər isə 10 min 500 manat edirdi. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları isə 10 min manatlıq istehlak kreditləri verir. Elman Rüstəmov bu çıxışı ilə xalqın qarşısında etibarını itirir. Çünki 1-ci devalvasiyadan sonra AMB sədri 2-ci devalvasiyanın olmayacağını deyirdi. Xalq dövlət məmurunun sözünə güvənərək bankdan 10 min dollar məbləğində istehlak krediti götürüb. Həmin dövrdə 10 dollar 10.500 manat edirdi. Devalvasiyadan sonra isə 17 min manat edir. E.Rüstəmov isə 17 min manatı rəhbər tutaraq bu kreditləri biznes krediti kimi qəbul edir. 10 min dollardan çox olan kreditləri sahibkarlar öz biznes planları üçün götürüblər və onlar risklərə görə cavabdehdirlər. Dövlət məmurları yerli sahibkarın işləməsinə mane olur. Bu günə qədər lisenziyası ləğv olunan banklardan sahibkarlar öz əmanətlərini ala bilməyiblər. İndi də Elman Rüstəmov əmanətlər kimi sahibkarın kreditlərini də iflic vəziyyətinə salır. AMB birmənalı olaraq sahibkarların banklara olan inamını bərpa etməlidir və ya ən azından Dövlət Reystrinin hesabatı vasitəsilə 10 min dollardan yuxarı olan kreditlərdən hansının istehlak krediti olması araşdırılmalı, ən azı onlara güzəşt olunmalıdır".