23Sentyabr ayı xüsusilə Cənubi Avropa ölkələrində istirahət üçün ən yaxşı aylardan biri hesab olunur. Bu bölgələrdə yay mövsümü hələ başa çatmağa tələsmir.
Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, məhz bu dövrdə turistlər isti dənizdən, rahat hava şəraitindən zövq ala və eyni zamanda pik turizm mövsümündəkindən daha az pul xərcləyə bilərlər.
Səyahət jurnalisti Meri Novakoviç sentyabr tətili üçün nəzərdən keçirilməli ən yaxşı istiqamətləri təqdim edib.
İtaliya
Yay aylarında turistlərlə dolu olan İtaliya sentyabrda tədricən izdihamdan xilas olur və bu da qiymətlərin aşağı düşməsinə səbəb olur.
Bu dövrdə hava artıq çox isti olmur, lakin hələ də soyuq deyil. Buna görə də Apuliya sahilləri boyunca piyada marşrutlardan istifadə edərək yürüş etmək üçün ideal şərait yaranır.
Səyahətə Otrantodan başlamaq, daha sonra Qalyano-del-Kapoya getmək və Leççedə başa çatdırmaq olar. Yol boyunca turistlər dənizdə üzə və balıqçı kəndlərində gəzə bilərlər.
Sentyabrda İtaliya səfərini Sloveniya ilə birləşdirmək də mümkündür. Məsələn, Venesiyadan başlayaraq Adriatik sahilindəki Sloveniya kurortu Portoroja getmək, mənzərəli Bled gölünü ziyarət etmək və paytaxt Lyublyanada gəzmək olar.
Yunanıstan
Sentyabrın sonunda bir çox Yunan adalarında, xüsusilə Paksos adasında, hələ də əsl yay havası hökm sürür.
Turistlər çimərlik istirahətindən və terraslarda axşam yeməklərindən zövq ala bilərlər. Üstəlik, bunu yay istisindən və böyük izdihamdan uzaq şəkildə etmək mümkündür.
İspaniya
Oxşar vəziyyət yay aylarında turist axınına tab gətirməkdə çətinlik çəkən və isti hava, eləcə də meşə yanğınlarından əziyyət çəkən Mayorkada da müşahidə olunur.
Sentyabrın sonlarına doğru isə yerləşmə qiymətləri, o cümlədən lüks villalarda qalmaq xərcləri iki dəfə azala bilər.
Fransa
May ayında hava hələ çox isti olmasa da, Kann şəhəri məşhur kino festivalı səbəbindən turistlərlə dolur. Lakin sentyabrda yay tətili mövsümünün pik dövrü bitdikdən sonra bu məşhur Lazur sahili şəhəri daha əlçatan və rahat olur.
Bu dövrdə yerləşmə qiymətləri nəzərəçarpacaq dərəcədə azalır. Rahat hava şəraiti və turist sıxlığının olmaması dənizkənarı bulvarlarda uzun gəzintilər üçün əlverişli imkan yaradır.
Mavriki
Sentyabr ayında Şərqi Afrikadakı bu ada ölkəsində quraq mövsüm davam edir və havanın temperaturu +28-29 dərəcəyə çatır.
Bu, məxməri mövsümdə çimərlik istirahəti üçün ideal istiqamətlərdən biridir. Turistlər mənzərəli sahillərdə gəzə, Qran-Benin şəffaf laqun sularında üzə və nisbətən münasib qiymətlərlə fəaliyyət göstərən otellərdə tropik istirahətdən zövq ala bilərlər.
Aydın
Şərhlər