Ölkə 12:51 13.03.2023

Ekspertdən nazirin çıxışına reaksiya: "Problem qəbul sistemində yox, nazirlikdədir"

"Elm və təhsil nazirinin bu açıqlaması tamamilə absurddur, heç bir reallığa və fakta söykənmir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov elm və təhsil naziri Emin Əmrullayevin ali məktəblərə qəbulda problemin olması barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Ekspert bildirib ki, problem yalnız qəbul imtahanları ilə bağlıdır:
 

 
"Hər kəs ali məktəblərə öz bilik və savadına uyğun olaraq qəbul olunur. Azərbaycanda ali təhsil müəssisələrinə qəbul sistemi dünyada ən yaxşı qəbul sistemidir. Qəbul prosesi və ixtisas seçimi məsələsində heç bir problem yoxdur. Problem yalnız qəbul imtahanları ilə bağlıdır. 2010-cu ildə ali məktəblərə qəbul planı 29 min, 2022-ci ildə bu rəqəm 51 min olub. Cari il üçün isə 60 min nəzərdə tutulub. IV ixtisas qrupuna 5 min adam sənəd verir və onların hamısı əsas ixtisas olaraq həkimliyi seçir. 2020-ci ildə ödənişli əsaslarla Tibb Universitetinə 585 balla qəbul olunublar. Ödənişsizə isə 610 balla. Həmin adam 512 balla pulsuz tibb bacısı ixtisasına qəbul oluna bilərdi. Amma pullu ixtisası seçir. Deməli,  Emin Əmrullayevin fikri heç bir fakta əsaslanmır və yanlış informasiyadır. Ölkədə 158 balla Azərbaycan Dillər Universitetinə və 165 balla Slavyan Universitetinə qəbul olunanlar var. Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları ixtisasına tələbə 200 balla qəbul olunub”. 

Ekspert qeyd edir ki, problem heç də ali təhsil müəssisələrinə qəbulda deyil, əsas problem təhsildən xəbərsizlərin Elm və Təhsil Nazirliyinə gəlməsindədir:

"Qəbul imtahanları isə çətin və problemlidir”. 

Qeyd edək ki, Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinə qəbul sistemində problemin olduğunu deyib. O bildirib ki, bunlardan əsası ixtisas seçimidir:

"Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur". 

Rüfət Sultan