El Nino iqlim hadisəsinin ilin sonuna qədər daha da güclənəcəyi və təsirlərinin 2027-ci ilə qədər davam edəcəyi gözlənilir.
Qaynarinfo xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı (WMO) El Nino ilə bağlı yeni hesabat yayıb.
Hesabatda El Nino hadisəsinin 2027-ci ilin fevralına qədər davam etməsi ehtimalının 100 faizə yaxın olduğu bildirilib.
Təşkilatın məlumatına görə, El Nino qarşıdakı aylarda daha da güclənərək yağıntı və temperatur rejiminə ciddi təsir göstərə bilər. Bu isə daşqın, quraqlıq və həddindən artıq isti hava risklərini artıra bilər.
Bildirilir ki, El Nino-nun ən çox hiss edildiyi mərkəzi və şərqi ekvatorial Sakit okeanda dəniz səthinin temperaturu normadan xeyli yüksəkdir və yüksəlməkdə davam edir.
Okeanın səthinin altında da qeyri-adi yüksək temperatur qeydə alınıb. Hesabata əsasən, bəzi ərazilərdə iyul və avqustun əvvəlində okeanın səthaltı temperaturu orta göstəricidən 8 dərəcə yüksək olub. Bu vəziyyət El Nino şəraitinin davam edəcəyinə və qarşıdakı aylarda daha da güclənə biləcəyinə işarə edir.
AFP-nin məlumatına görə, WMO rəhbəri El Nino-nun son 40 ilin ən güclüsü ola biləcəyini bildirib.
Təşkilat qeyd edir ki, El Nino-nun təsirinin konkret ölkə və ya bölgədə nə qədər güclü olacağını əvvəlcədən dəqiq müəyyənləşdirmək mümkün deyil. Təsirlər əraziyə və mövsümə görə dəyişə bilər. Hind və Atlantik okeanlarındakı vəziyyət də prosesə təsir göstərən amillər sırasındadır.
BMT-nin baş katibi Antonio Quterreş El Nino-nun artıq ciddi ölçülərə çatdığını bildirib. Onun sözlərinə görə, dəniz səthinin temperaturu və ümumi temperatur yüksəlməkdə davam edir və dünya ekstremal hava hadisələri baxımından təhlükəli vəziyyətdədir.
Quterreş artan risklərlə iqlim tədbirləri görmək və insanları qorumaq öhdəliyi arasında yarış getdiyini deyib.
WMO-nun baş katibi Celeste Saulo isə El Nino-nun dünya üzrə icmalara və iqtisadiyyatlara ciddi zərər vurmaq potensialına malik olduğunu bildirib. Onun sözlərinə görə, quraqlıq və daşqınların yaratdığı problemlər və dağıntılar artıq müşahidə olunur və El Nino gücləndikcə bu təsirlərin daha da artacağı gözlənilir.
Saulo həmçinin El Nino ilə bağlı fövqəladə hazırlıq və müdaxilə tədbirlərinin vacibliyini vurğulayıb. O bildirib ki, WMO-nun 50 illik tarixində milli meteorologiya və hidrologiya xidmətləri ilə bu miqyasda səfərbərlik həyata keçirilməyib.
Təşkilatın məlumatına görə, BMT və humanitar yardım sistemi çərçivəsində tərəfdaşlarla əməkdaşlıq davam etdirilir. Məqsəd kənd təsərrüfatı, səhiyyə, enerji və su ehtiyatları kimi iqlimdən asılı sahələri dəstəkləmək və mümkün fəsadlara hazırlığı gücləndirməkdir.
Günay
Şərhlər