
Azərbaycan müstəqilliyini bərpa edəndən bəri siyasi səhnədə eyni simaların görünməsi ictimaiyyəti həm bezdirib, həm də haqlı narazılığına səbəb olub. Bu narahatlıq bütün sahələri, siyasi çevrələri əhatələndirib.
Milli Məclisdən tutmuş, müxalifətdə, iqtidaryönlü partiyalarda… eyni isimlər, eyni simalar, eyni fikir və düşüncələr…
Müstəqil Mətbuat Mərkəzinin rəhbəri, politoloq ElçinXalidbəyli ilə bu mövzu barədə danışdıq.
Politoloq bildirdi ki, Azərbaycanın siyasi-ictimai mühitində ciddi dəyişikliklərə ehtiyac var. Xüsusilə də, siyasət məkanında dəyişikliyə ehtiyac hiss olunur. Çünki ölkənin siyasət məkanı son 20 il ərzində dəyişməz qalıb. Və köhnələrək cəmiyyətin ictimai maraq aktuallığını artıq çoxdan itirib. Ona görə də, Azərbaycanda siyasi elitanın dəyişməsi prosesinə ehtiyac hiss olunur. Siyasi elitaya yeni simaların gəlişi ölkənin siyasət məkanında həyəcanı da artıra bilər.
Onsuz da son proseslər göstərir ki, buna əngəl törədilsə belə, artıq ölkə siyasəti buna doğru yönəlməkdədir. Belə anlaşılır ki, Azərbaycanda siyasi nəsil dəyişikliyi artıq qaçılmaz və geriyə dönməz xarakter almaq üzrədir. Əgər bu proses reallığa çevrilərsə və uğurla nəticələnərsə, onda Azərbaycanın siyasət məkanında qarşıdurmalar, kin-kidurət, xüsusilə də müxalifəy düşərgəsindəki daxili çəkişmələrlə, düşmənçiliklə bağlı problemlər öz həllini tapa bilər. Əslində müxalifət düşərgəsinin ən önəmli problemlərindən biri də məhz bu siyasi qüvvənin elitasındakı illərlə davam edən düşmənçilikdən qaynaqlanır.
Bu siyasi elita müxalifəti yalnız inkişafdan saxlamır, buna paralerl olaraq həm də iflasa doğru sürükləyir. Müxalifətdaxili düşmənçiliyə, çəkişmələrə də yalnız bu düşərgənin siyasi elitasına intellektual, yeni siyasi texnologiyaları mənimsəmiş müasir gəncliyin gəlişiylə son qoyula bilər: “Əks halda, son 20 ildə siyasətdəki yerindən möhkəm yapışmiş, son dövrlərdəsə, hətta xalqdan belə, uzaqlaşaraq kabinet funksionerlərinə çevrilmiş mövcud siyasi elita bu düşərgəni tamamilə sıradan çıxardacaq. Azərbaycanın siyasi sisteminin islahatlara uyuşması üçün əvvəlcə artıq siyasi “radiaktiv tullantı”ya çevrilmiş bi siyasi elitanın dəyişdirilməsi vacibdir. Və bu proses əslində Azərbaycanda çox gecikib. Çünki politologiya hər bir siyasi nəsil üçün təxminən 10-12 il fəaliyyət dövrü tanıyır. Bu müddətdən sonra siyasi elita təbii yolla dəyişməlidir. Hər bir dəyişən siyasi nəsildənsə, yalnız fitri siyasi istedadı olan siyasi xadimlər növbəti siyasi nəsilin fəaliyyəti dönəminə keçə bilər”.
Ancaq Azərbaycanda siyasət belə monopoliyada olduğundan siyasi nəsil dəyişməsi prosesi dəyişmir. Nəticədə siyasi qurumlar bir qrup şəxsin siyasi biznesinə çevrilib. Əksər siyasi qurumlar “dükan-market” üsuluyla, şəxsi mülkiyyətçilik təfəkkürüylə idarə edilir. Bununla belə, son proseslər də göstərir ki, Azərbaycanda yeni siyasi mərhələ artıq başlanmaq üzrədir. Tezliklə ölkənin siyasət məkanı qabıq dəyişdirməyə başlayacaq. Bundan yayınmağın mümkünlüyü qətiyyən inandırıcı görünmür: “Ölkə nəhayət ki, müstəqilliyi dövründən öz əhəmiyyətini itirmiş politologiyanın prinsiplərinə indeksli qanunauyğunluqların təsiri altına düşmək üzrədir və siyasi nəsillərin dəyişməsi prosesinə doğru gedir. Bir çoxlarına inandırıcı görünməsə belə, tezliklə bu proses tam çılpaqlığı ilə ortaya çıxa bilər. Buna nə hakimiyyət, nə də müxalifət əngəl törədə bilməz. Ölkənin siyasi sistemində islahatlar və inkişaf da məhz bu prosesin uğurlu olub-olmamasından asılı olacaq”./avrasiya.net/
Qaynar.info