"Elektron siqaretlər adi siqaretlərdən fərqlənmir. Ümumiyyətlə, adi siqaretlə elektron siqaretin insan orqanizminə zərərində ciddi bir fərq yoxdur. Bu qəlyanlara və digər çəkici vasitələrə də aiddir”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla elektron siqaretlərin xərçəng xəstəliyi yaratması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Professorun sözlərinə görə, tütün məmulatlarının istehlakı zamanı ortaya çıxan problemlərin həlli üçün ən əsas yol maarifləndirmə və diskriminasiyadır:
"Maarifləndirmədə insanlara təsirli metodlarla başa salmaq lazımdır ki, siqaret həqiqətən də xərçəng törədir və insan omrünü qısaldır. Bunları faktlara göstərmək üçün elektron KİV-dən xüsusi istifadə etmək lazımdır. Diskriminasiyaya gəlincə, siqaret çəkən adamlar üçün hər yerdə yerlər ayrılmalıdır”.
Adil Qeybula vurğulayıb ki, ictimai yerdə siqaret çəkmək olmaz:
"İnsanların toplaşdığı yerlərdə siqaret çəkmək olmaz. Şadlıq evləri, mərasim zallarında və s. İnsan bilməlidir ki, siqaret çəkərkən başqasının orqanizminə zərər vurur. Elə evdə də. Kimsə siqaret çəkib niyə ailə üzvlərini zəhərləməlidir? Diskriminasiya tədbirləri sərt olsa, buna daha çox diqqət olacaq”.
Adil Qeybulla təəssüflə siqaret çəkənlərin sayının günü-gündən çoxaldığını qeyd edib:
"Təəssüflər olsun ki, qadınların da çoxu siqaretə meyillənib. Elektron siqaret istifadəçilərinin də sayı sürətlə artır. Sanki əldə siqaret görünmür və s. hansısa formada buna meyillik artır. Amma nəzərə almaq lazımdır ki, elektron siqaretlərin qadağan edilməsi onun ölkəyə başqa yollarla gətirilməsinə çıxardacaq. Bu da onun qiymətinin bahalaşmasına səbəb olacaq. Bundansa sərt tədbirlərdən əvvəl maarifləndirmə və diskriminasiya tətbirlərinin görülməsi daha münasibdir”.
Qeyd edək ki, Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək. Bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Mütəxəssislər onun xərçəng xəstəliyinin yaranmasına səbəb olduğunu bildirib.
Bahar Rüstəmli
Şərhlər