Vətəndaş və İnkişaf Partiyasının (VİP) keçmiş sədr müavini Əliyar Şirməmmədov partiya sədri Əli Əliyevi İranla əlaqədə ittiham edib. O Qaynarinfo-ya müsahibəsində partiyaya İranmeylli şəxslərin üzv olduğu və təşkilatın yönünü dəyişməyə çalışdığını bildirib.
"Konkret olaraq partiyaya bir neçə nəfər İranmeylli adam gəlib. Onlardan biri də İranda oturur və bu adamlar məsələlərə dini aspektdən yanaşırlar. Mən də buna etiraz etdim”, deyə Əliyar Şirməmmədov vurğulayıb.
O, həmçinin Əli Əliyevin partiyada diktatura rejimi yaratdığını iddia edib: "Faktiki olaraq təşkilatda diktatura hökm sürür... Partiyanın rayon təşkilatlarından birində müzakirələr aparılırdı. Amma bu müzakirələr dünyəvi siyasi təsisatın müzakirələri deyildi. Sanki bir dini qrupun müzakirələri idi. Mən buna etiraz etdim. Əli Əliyev isə dedi, özüm bilərəm. Dedim axı nizamnamə var. Dedi nizamnamə də mənəm. Diktatura necə olur ki?”
Qaynarinfo bu ittihamlarla bağlı Əli Əliyevin fikirlərini öyrənməyə çalışıb. VİP sədri isə bu barədə danışmaq istəmədiyini deyib: "Mən bu məsələ ilə bağlı suallara cavab vermək istəmirəm”.
İranla əlaqəyə gəlincə, VİP sədri bildirib: "Mən "içəridə” olanda da belə elə bir məlumat yaymışdılar. Kimin sübutu varsa, buyub qoysun ortaya. Əgər mənim İranla əlaqəm varsa, o da uzun müddət müavinim olub, deməli, onun da əlaqəsi olub. Artıq bu barədə suallara cavab vermək istəmirəm. Getisn hara qulluq edirsə, etsin”.
Vahid