
İqbal Ağazadə: "Prezident olmağa hazıram"“Azərbaycanda nəzəri reytinq sıralanmasında 100 000-ci olmayan adamlar ölkənin 2-cisi olmağa razı deyillər”
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin Qaynar.info-ya müsahibəsi:
- İqbal bəy, son dövrlər orduda baş verənlərlə bağlı mediada müntəzəm informasiyalar yayılır, aksiyalar keçirilir. Bəs siz çıxış yolu kimi nəyi təklif edirsiz?
- Əgər cəbhədən şəhid xəbərləri gəlsəydi, bu anlaşılan olardı. Çünki bizim qarşımızda torpaqlarımızı işğal etmiş Ermənistan və ona dəstək olan Rusiya var. Amma təəssüf ki, ordudan gələn xəbərlər şəhidliklə bağlı deyil. Oradan gələn xəbərlər intiharlarla və yaxud təsadüfi ölümlərlə bağlıdır. Bu da əhalini narahat edir. Çünki hər birimizin yaxınları, doğmaları hərbi hissələrdə qulluq edir. Bu hadislərin qarşısını almaq üçün hökumət ordu siyasətində şəffaflıq aparmalıdır. Açıq sistem olmalıdır və onun üzərində ictimai nəzarəti bərqərar etməlidir. İkinci, köklü islahatlara ehtiyac var. Çağırış yaşı 20-dən başlayaraq 27-ə qədər olmalıdır. Hesab edirəm ki, bu yaş arası ordu formalaşdırılması üçün yetərli olar. Ordunun, xüsusilə cəbhədə bölgəsində daimi dislokasiya yeri olmamalıdır. Ordu sıralarında qulluq edənlərin psixoloji vəziyyətlərinin yaxşılaşdırıması və qarşıdurmaların olmaması üçün ciddi təbliğat işləri aparılmalıdır. İnstitutlar bu prosesə qoşulmalıdır. Biz bunu sovet ordusunda da görmüşük. Nəhayət, çağırışda ədalətliliyi qorumaq lazımdı. Bəzən 3 ayın əsgəri orduda xəstəlikdən dünyasını dəyişir. Bu da ona görədir ki, çağırış zamanı sağlamlıq haqqında düzgün rəy verilmir.
- Bəzi qüvvələr Səfər Əbiyevin istefasını tələb edirlər. Nazirin istefası ilə məsələ həll ediləcəkmi?
- Səfər Əbiyev orduda baş verən problemlərə görə birbaşa məsuliyyət daşıyır. Çünki o bu sahənin naziridir. Orduda hansısa çətin vəziyyət və ya psixoloji gərginlik olsa belə, yenə də birbaşa məsuliyyəti Səfər Əbiyev daşıyır.
- Yeri gəlmişkən, siz Səfər Əbiyevi Milli Məclisdə hesabata çağırmısız... Gələcəkmi?
- Bəzən məsələyə “deyirsizsə də, nə mənası, onsuz da olmur” kimi yanaşırlar. Bu düzgün yanaşma deyil. Bizim dediklərimizin nəticəsidir ki, Avropa Şurasına daxil olarkən 1000 siyasi dustağı olan ölkədə bu gün 30-40 nəfər siyasi dustaq var. Biz Orta Asiya respublikaları deyilik. Avtoritar rejimlərinin mahiyyətidir ki, nə qədər mümkündir, o qədər edirlər. Bizim çıxışlarımız, əlaqələrimiz ölkəni o yerə gətirməyib. Ən azı bir nazir düşünür ki, istefamı tələb edirlər və yaxud məni ora çağırırlar. Bunların hamısı ictimai rəydə rol oynayır. Prosesdə çox az insan iştirak edir. Ona görə də Ukrayna, Gürcüstan kimi ola bilməmişik. Jurnalistdən soruşursan, deyir jurnalistəm, yazıram. Məmurdan soruşanda deyəcək ki, çörəkpulu qazanıram. Bəs bizim analarımız, balalarımız yoxdu?! Biz də həmin sistemin içərisindəyik. Amma etiraz edə bilmədikcə balaların da, ailənin də, dövlətin də gələcəyi bu şəkildə davam edəcək. Azərbaycanın büdcəsi 20 milyarddır. 2006, 2007, 2008-ci illərdə bundan qat-qat aşağı idi. Əhalinin proseslərə baxışı bundan çox-çox yumşaq idi. Deməli, büdcənin artması, sosial vəziyyətin yaxşılaşması hələ hər şeyi həll etmir. Hakimiyyət bütün proseslərə iqtisadi pəncərədən baxır. Bu isə əhalini qane etmir. Liviyada müəllim 800 dollar maaş alırdı, amma Qəddafini devirdilər. Əgər dünya azadlığa, hürriyyətə doğru gedirsə, o azadlığın və hürriyyətin içərisində insanlar gerçək olanların hamısını tələb etməyə başlayırlar. Bu, artıq imitasiya deyil.
- Əsgər ölümlərinə görə keçirilən aksiyaları xarici qüvvələr təşkil etdiyini iddia edənlər də var...
- İnanmıram ki, hansısa xarici qüvvənin, xüsusən ordu məsələsində marağı və istəyi olsun. Kimlərsə baş verən hadisələrdən istifadə edə bilər. Bu ayrı məsələdir. Reallıq bundan ibarətdir ki, etiraz edənlər də, orduda həlak olanlar da, tələbləri irəli sürənlər də Azərbaycan vətəndaşlarıdır.
- Bəs bu hadisələrdən kimlər istifadə edə bilər?
- İstifadə edə bilərlər. Amma hələlik istifadəetmə faktorunun özünün nə dərəcədə cəmiyyətdəki ictimai-siyasi proseslərə müdaxilə edəbilmə imkanları var, bax bunu müəyyən etmək olduqca çətindir. Bu yeni mərhələ ola bilər. Ümumi proseslərin içərisində bu da bir vasitə kimi istifadə oluna bilər.
- Amma Eynulla Fətullayev “Facebook” inqilabına Milli Demokratiya İnstitutunun 2 milyon dollar ayrıldığını iddia edir.
- Əlimdə fakt olmadan heç bir şeyi danışa bilmərəm. Qeyd etmək istəyirəm ki, Azərbaycanın siyasi partiyalarının içərisində siyasi proseslərə təsir etmə imkanları baxımından güclü olan partiyalardan biri Ümid Partiyasıdır. “Facebook” sosial şəbəkəsində də Ümid Partiyasının gəncləri aktivlik göstərirlər. Belə bir hal olsaydı, biz bunun ya işartılarını, ya nümunələrini görərdik. Ümid Partiyası olaraq prosesdə deyiliksə, bizim gənclər təşkilatları prosesdə iştirak etmirsə, bunu qətiyyətlə rədd edirəm.
- Bəlkə, deputat həmkarınız Fəzail Ağamalı inqilab məsələsinə görə “Facebook”un bağlanmasını tələb edib?
- Güzgü pisdirsə, güzgünü sındırmağa ehtiyac yoxdur. Və yaxud güzgü məni pis göstərirsə, deməli, özümü dəyişməliyəm. Çünki güzgü obyektivliyi göstərir. “Facebook”da təbliğ olunan məsələlər, çağırışlar Azərbaycan problemləri ilə bağlıdır. Problemlər həll edilməlidir ki, “Facebook”a girmə imkanı olan insanlar bunu səhifələrində yazmasınlar. Tutaq ki, “Facebook” bağlansın, proses 6 ay, 1 il ləngisin, nə dəyişəcək?! Problem həll edilmirsə, bu və ya digər şəkildə ortaya çıxacaq. Məgər İsmayıllı hadisələrini “Facebook” təşkil etmişdi?! Yaxud Quba, Binə hadisələri olsun. Fərz edək ki, əsgər ölümlərinə görə aksiyanı gənclər təşkil etmişdi. Bəs orduda baş verən hadisələr? Problem varsa, həll edilməlidir. Heç kim güzgünü sındırmağa cəhd etməsin. Problem həll edilərsə, nə inqilab, nə də çevriliş qorxusu olacaq. Ancaq problem qalırsa, hər kəs öz marağına uyğun istifadə edəcək.
- Sadaladığınız hadisələr seçkilərə qədər daha geniş vüsət ala bilərmi?
- İsmayıllı hadisələri seçki ilə bağlı deyil. Sadə bir situasiyada belə əhalinin narazılığı varsa, mütləq ortaya çıxır. Yəni belə hadisələr sabah da, seçki günü də, seçkidən sonra da baş verə bilər. Hakimiyyət bunu düşünməlidir. Bu əslində sabah hakimiyyəti ciddi problemlərlə üz-üzə qoyacaq. Hər birimiz dövlət qarşısında məsuliyyət daşıyırıq. Hakimiyyət də dövlət qarşısında məsuliyyətini dərk etməlidir ki, bu tipli addımlarda adekvat olmayan reaksiyalar sonda nə ilə nəticələnə bilər. Fərz edək ki, İsmayıllıda 20, Qubada 15 nəfər həbs edildi. Bu qorxu nə qədər davam edə bilər?! Biz bu tipli hadisələrin qarşısının alınmasında həbs amilinin rol oynamadığını zaman-zaman görmüşük. Problemlərə etiraz edən əhalinin susdurulması mümkün deyil. Problem elə bir şeydir ki, insana güclü təsir edir və insan üçün həbs amili gözdə olmur. Bıçaq sümüyə dirənəndə əhali ayağa qalxır. Hakimiyyət məsələyə bu səpkidən yanaşmalıdır.
- Bəzi siyasi ekspertlər bu il ölkədəki aktivliyin əvvəlki seçki illərinə nisbətən daha tez başladığını deyir. Siz necə düşünürsüz?
- Bunun, bəlkə də, seçki ilə bilavasitə əlaqəsi yoxdur, amma bilvasitə əlaqəsi var. Seçki ilində həm də danışanlar çox olur. Prosesləri çözənlər, analiz edənlər, cəmiyyətə müxtəlif mesaj verənlər çox olduqca insanlar daha çox proseslərdə iştirak edirlər. Siyasi ekspertlərin bu cür ifadə etməsi doğrudur, amma 2014-cü il seçki ili olmasa da, problemlər bu səviyyədə qalarsa, yenə də etirazlar olacaq. 2011-ci il seçki ili idimi?! Hadisələrin aktivliyini təkcə seçki ili ilə əlaqələndirmək olmaz. Bu həm də regionda, dünyada baş verən proseslər və bunun fonunda Azərbaycanda sosial-iqtisadi vəziyyətin, idarəetmənin bərbad olmasının nəticəsidir.
- Ümumilikdə ölkədəki ictimai-siyasi durumu, müxalifətin proseslərdə iştirakını necə dəyərləndirirsiniz?
- Cəmiyyət müxalifətə görə narahat olur. Həm də cəmiyyət cavab gözləyir ki, müxalifət nə edəcək. Ən ideal variant o idi ki, müxalifət seçkiyə bir yerdə getsin. Çünki qarşımızda çətin, problemləri həll etməyən, repressiv addımlar atan iqtidar durur. Amma bir yerdə gedə bilməyəcəyiksə də, faciə deyil. Daha çox insanın seçkiyə qoşulması daha çox seçicinin fəallaşması deməkdir. Ola bilsin ki, istəyə ilk mərhələdə nail olmaq mümkün olunmasın, amma seçkinin favoriti bir-iki olur. Heç bir ölkədə favoritlər çoxsaylı deyil. Məsələn, Ermənistanda keçirilən seçkilərdə bir Sarkisyan, bir də Ovanesyan var idi. Onlardan sonra gələnlərin faizinə baxdıqda çox aşağı səviyyədə olduğunu görürsən. Seçkidə favorit namizədi mühit müəyyən edəcək. Daha çox insan prosesdə iştirak edəndə aktivləşmənin faizi də yüksək olur. Müxalifətçilik bu cəmiyyətdə bir az çətin görünür. Ona görə də insanlar o çətin görünən şeyi də daha asan birləşmə yolu ilə həll edirlər. Birləşmə çıxış yolu deyil. Demokratiyaya da bir hadisə kimi baxmaq düzgün deyil. Bir seçki hadisəsi ilə demokratiya olmayacaq. Demokratiya bir prosesdir. Proses uzun illər getməlidir və insanlar da buna hazır olmalıdır. Kimsə hesab edirsə ki, 2013-cü ildə keçiriləcək prezident seçkiləri demokratik olsa, ölkəyə demokratiya gələ bilər, bu, yanlışdır. 1992-ci ilin seçkiləri demokratik keçdi, rəhmətlik Əbülfəz Elçibəy demokratik yolla seçildi. Amma nə oldu, xaos, qiyam, sonda da çevriliş. 1993-cü ildə keçirilən seçkilərdə də rəhmətlik Heydər Əliyev demokratik seçildi. Heç kim ona alternativ deyildi. O dövrdə ola da bilməzdi. Amma nəticədə avtoritarizmi gətirdik. Demokratiyanı gətirən demokratik təfəkkürdü, düşüncədir, həyat tərzidir, prosesin özüdür. Seçki demokratiya hadisəsində bir prosedurdu. Seçki ilə sadəcə, insanlar apardıqları uzun bir prosesin prosedurunu gerçəkləşdirirlər. Bizimkilər bütün hadisəni prosedurun üzərində gerçəkləşdirirlər. Müqayisələr hər zaman qüsurludur. Müqayisə edək ki, Azərbaycan iqtidarının içində kimsə getsin, Rəsulzadənin, Elçibəyin məzarını ziyarət etsin. Hakimiyyətin həmin şəxsə münasibəti bəllidir, çox pis olacaq. Anologiyaya baxın, Azərbaycan müxalifətindən kimsə, Heydər Əliyevin məzarını ziyarət etsə, eyni yanaşma olacaq. Bu, demokratik yanaşma deyil. Demokratiya dözümlülükdür.
- Siz özünüzü müxalifət hesab etmirsiz?
- Edirəm.
- Siz də məsələyə bu cür yanaşırsız?
- Biz çalışırıq ki, elə yanaşmayaq. Amma ictimai-siyasi fikir, düşüncə deyilən bir anlayış var. Bəzən ondan çəkinərək addımlarımızı ehtiyatla atırıq ki, ictimai rəy üzərimizə gəlməsin. Çünki biz cəmiyyətlə, insanlarla, seçicilərlə işləyirik. Seçicini də bir anın içərisində maarifləndirmək çox çətindi. Mən ümumən özüm də daxil olmaqla Azərbaycan müxalifətinin mənzərəsini canlandırdım. Azərbaycan iqtidarı bəllidir, iqtidar bəlli olduğuna görə ona qarşı mübarizə aparırıq və onun yanında deyilik. Bizim özümüz də demokratiyaya münasibətdə səmimi olmuruq. Zaman-zaman bunu düzəltməyi bacarmalıyıq. Biz demokratik cəmiyyətə keçməmişik. Bugün Azərbaycan demokratiyanı imitasiya edə bilər, amma demokratik cəmiyyət deyil.
- Əli Kərimli, İsa Qəmbər və Eldar Namazov birlikdə görüş keçiriblər. Sizə əməkdaşlıqla bağlı hər hansı təklif olubmu?
- Bir qədər analiz etsək, görərik ki, üçlüyün ikisi bir yerdə oturur. Əli Kərimli və İsa Qəmbər axşama qədər bir yerdədir. Əgər bu ikisi bir yerdədirlərsə, bunları Eldar Namazovmu birləşdirəcək, gəlin bunu əvvəlcə müəyyən edək. Eldar Namazov daha güclüdürmü, bunları razı olmadığı 3-cü qüvvə ilə əməkdaşlığa dəvət edir. Üçlüyün bir araya gəlməsi boş şeydi. Zatən, bunların ikisi bir yerdədi, dil tapsaydılar, bu ikisi tapardılar. Bu, sadəcə, görüntüdür. Buradan ciddi bir şey gözləmək mümkün deyil. Bunların görüşü cəmiyyət üçün blefdir. Müxalifətin ümumi birliyi istiqamətində biz çox görüşmüşük. Dekabrın 30-da 2011-ci ildə prezidentliyə namizədliyin müəyyən olunması ilə bağlı müzakirələr aparmışıq. Vahid platforma, komanda ilə bağlı təkliflər vermişik. Adamlar bundan imtina ediblər. “Asiman” restoranında bununla bağlı çox açıq söhbətlər etmişik. Sual olduqca bəsit idi: “Siz bir yerdə prezident seçkilərində iştirak etmək istəyirsinizmi?” Hamı “bəli” cavabını verdi. Bir məsələ də var, biz seçki mühitinin yaradılması uğrundamı çalışmalıyıq, yoxsa namizədin müəyyənləşdirilməsindən sonra bu prosesi davam etdirməliyik. Yenə də fikirlər haçalandı. Sonda ortaq məxrəcə gələ bildik ki, bütün çabalarımız ona görədir ki, demokratik mühit olsun. Demokratik mühit olacaqsa, vahid namizəd nəyimizə lazımdı. Axı bu demokratik mühit olacaq. Hər kəs namizədliyini verə bilər. Sənlə mənim birləşməyimə nə ehtiyac var? Niyə zorla bir arada olmalıyıq. Deməli, əvvəlcə vahid namizədi müəyyənləşdirməliyik ki, bu demokratik seçki mühitinin yaradılmasına bilavasitə təsir edən amil kimi ortada olsun. Yəni seçicilər də, beynəlxalq təşkilatlar da vahid namizədi görsün. Buna da razılaşdıq. Razılaşdıq ki, ən geci yanvarın sonuna qədər vahid namizəd müəyyənləşdirilsin. Lakin sonda bu plan da pozuldu. Bunun da sadə səbəbi var. Adamlar o formatdan kənar özlərinə lazım ola biləcək adamları prosesə cəlb etmək istədilər. Onda da bizim sualımız meydana çıxdı; əcəba, mənim statusum bir siyasi partiya rəhbəri statusudur, sənin dediyin ictimai-siyasi statusu olan şəxs mənim partiyamda da var. Mən də onları dəvət edim? Onda necə olacaq? Burada statusu bərabər olan şəxslər, iddiası bir qrupun iddiasını təmin edəcək insanlar əyləşib. Bura alternativ adamların cəlb edilməsinin heç bir mənası yoxdur. Sadə bir şey deyim, Azərbaycanda nəzəri reytinq sıralanmasında 100 000-ci olmayan adamlar ölkənin 2-cisi olmağa razı deyillər. Bu, faciədir. Bu təfəkkürlə ölkəyə nə vermək istəyirlər? Ölkə cəhənnəm, cəmiyyət cəhənnəm, ətrafında olan insanlar var, nə qazanmısan bu yolda bir düşün. Çox təəssüflər olsun ki, insanlar ölçüb-biçə bilmirlər. Bəziləri hesab edirlər ki, ölkəni pafoslu çıxışlarla idarə etmək olar. Deyirlər ki, filan kəs ardıcıl mübarizə aparır, dönməzdir, sərt çıxışlar edir. Qardaş, bu inqilabçı obrazıdır, prezident obrazı deyil ki. Ölkə prezidenti uzlaşma tapa bilən, hər kəsə sahib çıxa bilən adam olmalıdır. Sən o obrazda deyilsən, olsa-olsa qəhraman obrazında olarsan.
- Sizcə, iqtidar niyə islahatlara getmir?
- İslahat istənilən hakimiyyəti, rejimi laxladan bir şeydir. Hakimiyyət bunu başa düşür. Necə islahatlara getsinlər? Bir anlığa təsəvvür edək ki, iqtidar islahatlara gedir. Siyasəti qoyuram kənara, iqtisadi islahatları nəzərdə tuturam. Bir anlığa düşünün, rüvşət və korrupsiya yığışdırılır. Gəlin, əvvəlcə rüşvətin kateqoriyasına diqqət edək, Azərbaycanda rüşvət alan insanlar nədən ötrü rüşvət alır? İki cür rüşvət alan var: 1-ci yaşamaq üçün, 2-ci də varlanmaq üçün. Bu gün yaşamaq üçün rüşvət alanların miqdarı 99%-i təşkil edir. Korrupsiyanı deyil, rüşvəti deyirəm. Müəllim 168 manat maaş alır. Bunu 24 saat dərs keçməyinin müqabilində alır. Maliyyə Nazirliyi qərar çıxarıb ki, 24 saat da, 40 saat da dərs keçsən, həmin pulu alacaqasan. Bu qədər maaş alan müəllim necə rüşvət almasın? Həkimlər də 110-190 manat arası maaş alır. Xəstədən pul almayan həkim necə yaşasın? Məmurların böyük bir qismi nazirlikdə çalışır. Həmin məmurlar konvert almasalar, hakimiyyətin sifarişlərini necə yerinə yetirsinlər? Buna görə də idarəetmə kökündən dəyişməlidir. Fəlsəfi olaraq yuxarıdan aşağıya dəyişməlidir. Əvvəlcə bir təminatlı məmur obrazı yaradılmalıdır. Məsələn, Azərbaycan xeyli komitə var, 20 nazirlik var. Bunlar hamısı təmərküzləşməlidir. İdarəetmədə minimumu xərclər ortaya qoyulmalıdı. O minimum xərclərin hesabına məmurların yaşam tərzi müəyyənləşdirilməlidir. Azərbaycan büdcə sistemində 831 min nəfər adam çalışır. Olduqca kiçik rəqəmdir. Bunun 331 min nəfəri artıqdır. Yəni onlar əslində çalışmamalıdır. Almaniya kimi nəhəng ölkədə bu qədər komitə yoxdur. Bu qədər izafi xərclər olduğu təqdirdə də yüksək maaş vermək olmaz. İdarəetmə fəlsəfəsi hakimiyyətdə yoxdur. Bir anlığa düşünək, həkimlərə, müəllimlərə dövlət qulluqçusu statusu verildi. Yeri gəlmişkən, bununla bağlı prezidentin fərmanı var, yerinə yetirilmir. Müəllimlərə və həkimlərə dövlət qulluqçusu statusu veriləndən sonra seçkiləri kim saxtalaşdıracaq? Dövlət qulluqçusu seçki komissiyalarında iştirak edə bilməz. Bəs bunları kim edəcək? Yəni islahat dediyiniz şey olduqca, ağır bir prosesdir. Adam islahatlara başlamaqla ayağının altını qazarmı? Sistem bunun üzərində qurulub. Bir taxt qurublar, o taxt bu cür idarəetmənin üzərindədir. Hansı ayağını kəssələr, taxt uçacaq. Ona görə də uçurtmurlar, uçurtmayacaqlar da. Bunun üçün ölkə başçısı ölkədəki fərqli düşüncə sahiblərini idarəetməyə cəlb etməlidir. Məsuliyyəti daha çox onların üzərinə qoymalıdır. Onlar da prezidenti qorumaqla islahatlar aparmalıdırlar. Buna da hakimiyyət getməz. Yox, əgər bu olmayacaqsa, hakimiyyətdən getməlidirlər.
- Milli Məclisdə qanun layihələrinin qəbulu zamanı hansısa qanun layihəsinin geri qayıtmasının şahidi olmamışıq. Əgər belədirsə, müzakirəyə nə ehtiyac var?
- Gəlin, belə danışaq, siz ən azı müəyyən bir yaşa çatandan sonra həyatda sonluğun olacağını bilirsinizmi? O zaman niyə yaşayırıq, mübarizə aparırıq?! Biz də qanunların müzakirəsi zamanı bunu bilirik. O zaman ona görə deyirik ki, kənarda olan və prosesi durdura biləcək insanların sayı artsın. Əgər məsələyə bu cür yanaşsaq, nə SSRİ dağılardı, nə biz müstəqil olardıq. İdeolojilərin silahı olmur, onlar əllərinə silah alıb döyüşmürlər. Hər şeydən sözdən başlayır, hər şey sözün ətrafına yığılır. Hətta əlinə silah götürən də sözdən etkilənərək bu addımı atır. Biz danışdıqlarımız qanunların qəbul edilib-edilməməsi üçün deyil, əhalinin bu istiqamətdə toparlanmasına görədir.
- Seçkidə iştirak edəcəksiz?
- Martın 16-da Ali Məclisin genişləndirilmiş sessiyası olacaq. Bunu orada müzkirə edəcəyik. Bundan qərar veriləcək.
- Prezident olmağa iddialısız?
- Bəli, iddialıyam və Ümid Partiyası mütləq hakimiyyətə gələcək. Bunun alternativi yoxdur. Azərbaycanın problemlərini də, ondan çıxış yollarını da Ümid Partiyası qədər görən və bilən 2-ci partiya tanımıram. Bu pafos, söz deyil. İstənilən mövzu ətrafında istənilən prezidentliyə iddialı siyasətçi ilə müzakirəyə hazıram. Qiymətini də siz verərsiniz. Bir mənalı özümü prezident olmağa hazır hesab edirəm. Çevrəmdə də kifayət qədər güclü komanda ola biləcək insanlar var.
- Hakimiyyətə gəldiyiniz təqdirdə müxalifətdə, həmçinin iqtidarda olan kadrlardan istifadə etməyi planlaşdırırsınızmı?
- Biz Ümid Partiyasının prezidenti olmağa gəlmirik. Hakimiyyətdə siyasi görəv çox azdı. 20-25 nəfər siyasi komanda hesab olunur. Qalanları peşəkarlardır. Peşəkarla isə həm iqtidarın, həm də bizdən kənar müxalifətin içərisində kifayət qədər var. Yetər ki, onun qarşısında vəzifəni düzgün qoyasan. Vəzifələri düzgün müəyyənləşdilirsə, adamlar dövlət üçün də, xalq üçün də ciddi cəhdlə çalışacaqlar.
- Bir neçə gün öncə mətbuatda “Qarabağ” blokunun “Kölgə Kabineti”nin siyahısı dərc olundu. Bu nə dərəcədə realdır?
- Boş şeydi, Qarabağ blokunun elə bir "Kölgə Kabineti" yoxdur. Kiminsə uydurmasıdır. Orada yazılanların heç biri gerçək deyil.
- Tutaq ki, siz prezident oldunuz, o zaman ilk görəcəyiniz iş nədən ibarət olacaq?
- Onu demək çox çətindi. O situasiyadan asılı olacaq. Bəlkə, təltif olacaq, bəlkə, islahatlara başlamaq üçün komissiya təşkil olunacaq. Həm də o zamandan asılıdır. Məsələn, bu gün baş vermiş olsaydı, birinci növbədə islahatları həyata keçirmək üçün qısa müddətli bir komissiya formalaşdırar və ilk olaraq idarəetməni dəyişərdim.
- Dediklərinizdən belə çıxır ki, “Qarabağ” blokunun namizədi siz olacaqsız...
- Mən onu deyə bilmərəm. Daha əvvəldən ADP ilə bununla bağlı centilmen razılaşmamız var. Hətta blok yarananda bu razılaşma var idi. İndi bu məsələdə nə dərəcədə sona qədər gedə bilməyimiz bizdən və ADP-dən asılıdır.
İlkin PİRƏLİ
Qaynar.info