
Müsavat Partiyasının daha bir funksioneri Elman Fəttah partiyanın qurultayı ilə bağlı mövqeyini açıqlayıb.
Qaynar.info Elman Fəttahın müraciətinin tam mətnini təqdim edir:
"Müsavat Partiyası yeni başqanını seçir. Bu Müsavat partiyasının son 22 ildə Azərbaycan demokratiyasina verdiyi töhfələrdən növbətisidir. Əvvəl seçkili demokratiya, sonra seçkili orqanlarda qadınlar üçün ayrılmış kvota və indi də “ardıcıl olaraq iki dəfədən artıq partiya başqanı seçilməyə məhdudiyyət”. Növbəti, VIII qurultayda biz müsavatçılar partiya nizamnaməsinin bu tələbini raeallaşdıracağıq. Müsavat partiyası üçün belə mühüm hadisədə hər bir müsavatçının başqanlığa namizədlər arasında seçım etməsi, mövqe qoyması nə qədər çətin olsa da, vacibdir. Mütləq mövqe qoymalıyıq. Bütün namizədlərə və onların tərəfdarlarına bu yarışda uğurlar arzulayıram. Mən də mövqeyimi müəyyənləşdirmişəm. Namizədim Arif Hacılıdır.
Niyə Arif Hacılı? Ciddi əsaslarım var. Bir çox əsasları dostlarımız yazılarında qeyd ediblər. Xüsusilə də Yadigar Sadıqov Arif bəyin Müsavat Partiyasıdakı xidmətləri, fədakarlıqları, Azərbaycan siyasətindəki rolu barədə mənim də bölüşdüyüm fikirləri əhatəli şəkildə yazıb. Mən mümkün olduğu qədər qısa şəkildə bir az fərqli məsələləri qeyd etmək istəyirəm.
Ən çox səslənən “Kim başqan olsun?” sualına əksər müsavatçıların cavabı sadədir:
• “İsa Qəmbər kimi intelektual olsun.
• İsa Qəmbər kimi cəsarətli olsun.
• İsa Qəmbər kimi ləyaqətli olsun.”
Amma biz bu dəfə İsa Qəmbəri seçə bilmədiyimizə görə “İsa Qəmbər kimi olsun” düsturu işləmir. Elə biri yoxdur. Arif Hacılı İsa Qəmbər deyil. Amma ondan sonra “ən yaxşısı”dır.
Müsavatçıların “başqan belə olmalıdır” çərçivəsini açsaq:
- Müsavatın başqanı intelektual olmalıdır. Müsavatın üzvlərinin və təəssübkeşlərinin əksəriyyəti intelektual insanlardır. Yeni başqan bu tələbə cavab verməlidir.
- Yeni başqan çəsarətli olmalıdır. Müsavat partiyasının siyasi xəttinin yeridilməsində ardıcıllıq, prinsipiallıq və qətiyyətlilik əsas və mütləq şərtdir.
- Ləyaqətli olmalıdır. (mənim üçün hər bir müsavatçı ləyaqətlidir) Ləyaqətlilik Müsavat partiyasının təməl prinsipidir. Tokvil deyir ki, hər hansı cəmiyyətdə demokratiyanın qələbəsi üçün mənəviyyat (ləyaqət) şərtdir. Müsavatın ləyaqətlilik prinsipi bu anlamda onun demokratikliyinin əsasıdır.
Müsavatçıların bu əsas tələblərinin bəzilərini biz artıq namizədlərin təbliğatında da görürük.
1. “Əsas odur İntelektual; ziyalı olsun”
2. “əsas odur Cəsarətli olsun.”
Mənə görə isə Müsavatın başqanının ayrıca “intelektual”, ayrıca “cəsarətli” olması yetərli deyil. Müsavat başqanı bu üç keyfiyyətin üçünü də daşıyan--- İntelektin, cəsarətin və ləyaqətin harmoniyasına cavab verən şəxs olmalıdır. Qənaətimə görə Arif Hacılı həmin keyfiyyətləri özündə daşıyan peşəkar siyasətçidir.
Arif Hacılı ləyaqətini 25 illik azadlıq mübarizəsi ilə Azərbaycan tarixinə yazmış şəxslərdən biridir. Onun intelektini çıxışlarından, müsahibələrindən, cəsarətini uzun illərdir fasiləsiz davam edən qətiyyətli, sistemli, ardıcıl və prinsipial mübarizəsindən görürük. Görməmək mümkün deyil. Azərbaycan siyasətinin son 25 illik tarixində, Sovet rejiminə və Əliyevlər hakimiyyətinə qarşı aparılan elə bir siyasi hadisə yoxdur ki, Arif Hacılı onun mərkəzində olmasın.
Nəhayət, “kim başqan olsun?” məsələsi etibar, güvən məsələsidir. Arif Hacılıya güvənim tamdır. Təməl prinsiplər, Müsavatın qırmızı xətləri, Partiya idarəçiliyindəki demokratiklik məsələlərində əminliyim qətidir. Könül rahatlığı ilə Arif bəyin başqanlığa namizədliyini dəstəkləyirəm.
Qeyd: ən şanslı namizəd qurultayda qalib gələn namizəddir. Ən ləyaqətli namizəd Müsavatın qalib gəlməsinə çalışan və demokratik nəticələri qəbul edib Müsavatda fəaliyyətini davam etdirəndir".
Qaynar.info