Yaxın zamanda Almaniya və Danimarkada çimərlik turizmi İspaniya və İtaliyadakı qədər populyar ola bilər. Bunun səbəbi isə şimal dənizlərinin sürətlə isinməsidir.
Qaynarinfo xəbər verir ki, bu barədə alman nəşri "Tagesschau" yazır.
Almaniyanın Hamburqda yerləşən Federal Dəniz və Hidroqrafiya Agentliyinin (BSH) məlumatına görə, bu yay Şimal dənizində orta temperatur 15,7 dərəcə Selsi təşkil edib. Bu, indiyə qədər qeydə alınmış ən yüksək göstəricidir. Bir çox bölgələrdə suyun səthi temperaturu normadan iki dərəcədən çox yüksək olub.
"2025-ci ilin yayı 1969-cu ildən bəri aparılan ölçmələrdə ən isti üç mövsümdən biri oldu", deyə BSH-nin dəniz iqlimi şöbəsinin rəhbəri Tim Kruşke bildirib.
Baltik dənizi də bu yay yenidən qeyri-adi yüksək temperatur nümayiş etdirib. Xüsusilə dənizin şimal hissəsində rekord göstəricilər qeydə alınıb.
"Uzunmüddətli perspektivdə Baltik dənizi Şimal dənizindən daha sürətlə isinməkdədir. 1990-cı ildən bəri Baltik dənizində orta hesabla təxminən iki dərəcə artım müşahidə olunub", deyə BSH-nin okeanoqrafiya departamentinin rəhbəri Kerstin Yoxumsen açıqlayıb.
Alimlər həmçinin şimal dənizlərində daha əvvəl görünməmiş "isti dalğaları" qeydə alırlar. Məsələn, bu ilin yazında Almaniyanın şimal-qərbindəki Kil körfəzində yerləşən stansiya 1989-cu ildən bəri ən uzun davam edən "dəniz istiliyi dalğasını" ölçüb. Bu dalğa 55 gün sürüb.
Turistlər üçün çimmək imkanı əlbəttə cəlbedici olsa da, mütəxəssislər xəbərdarlıq edir: temperatur dəyişikliyi dəniz ekosistemləri üçün ciddi təhlükədir. Çünki bir çox canlılar yalnız müəyyən temperatur diapazonunda yaşaya bilir.
Bundan əlavə, isti su qatları zəif qarışır və az miqdarda oksigen daşıyır. Bu isə dəniz dibində oksigenin azalmasına, nəticədə "ölü zonaların" artmasına səbəb olur. Belə zonalarda həyat demək olar ki, mümkünsüzdür. Bu proses sənaye balıqçılığına da ciddi ziyan vura bilər.
Aydın
Şərhlər