
Qafqaz ÖMƏROV
Dünyanın ən aparıcı informasiya agentlikləri və mətbu orqanları tərəfindən yayılan bir bəyanat Yaxın Şərq və Avrasiya regionunda münaqişəli vəziyyətlərin analizi və araşdırması ilə məşğul olan siyasi araşdırma institutlarının diqqətini çəkməyə başlayıb.
Bu günlərdə sensasion bir bəyanatla NATO-nun Əfqanıstandakı hərbi birləşmələrinin komandanı general Jozef Danford çıxış edib. NATO qüvvələrinin komandanı Əfqanıstan prezidenti Həmid Karzai ölkədə və bütünlükdə regionda hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə ittiham edərək ABŞ rəhbərliyinə aşağıdakı məzmunda məktub ünvanlayıb:
"Əfqanıstanın yerli prezidenti Həmid Karzai ABŞ dövlətini "Taliban" terror təşkilatı ilə əməkdaşlıqda ittiham edəcək dərəcədə cürətlənib. Son aylar Əfqanıstanın müxtəlif əyalətlərində baş verən ağır və qanlı terror aktlarının ABŞ və "Taliban"ın marağına xidmət etdiyini deyən prezident Əfqanıstandakı NATO ordusunun əsgərlərini və onların yerləşdikləri hərbi bazaları öz bəyanatları ilə təhlükə altına atmaqdadır".
Bax belə... General Danfordun Pentanqona və Ağ Evə ünvanladığı bu məktuba Karzai hökumətindən hələ ki, rəsmi münasibət bildirilməyib.
Əgər məktubun qısa məzmununa diqqət yetirsək görərik ki, NATO generalı Həmid Karzaini "Əfqanıstan prezidenti" yox, "Əfqanıstanın yerli prezidenti" adlandırır. Burda qəribə bir şey yoxdur. 2001-ci il 11 sentyabr hadisələrindən sonra bu ölkəyə qoşun yeridən ABŞ Həmid Karzaini bu vəzifəyə birbaşa "təyin etmişdi". Ancaq keçirilən formal seçkilərdən sonra onun haqqında Qərb mediasi "ümumxalq səsvermə ilə seçilmiş" prezident imici formalaşdırdı. 2002-ci ildən bu ölkədə hərbi varlığını sürdürən ABŞ qəbul etdiyi təcili bir qərarla 2014-cü ilədək Əfqanıstanı tam olaraq tərk edəcəyini bəyan etdi. Hazırda ABŞ Azərbaycan da daxil olmaqla bir çox region ölkələri ilə qoşun birləşmələrinin Əfqanıstandan rahat çıxarılmasına "dəhliz" verilməsini müzakirə edir.
ABŞ-ın Əfqanıstanı tərk edəcəyi haqda bəyanatı region ölkələrinin rəhbərləri tərəfindən etirazla qarşılanıb. Ən çox təəccüb doğuranı isə bu məsələyə Rusiyanın etirazıdır. Bir vaxtlar - ABŞ Əfqanıstana qoşun yeridərkən özünün Ulyanovsk şəhərindəki hərbi aerodromunu Pentaqonun istifadəsinə verən Kremlin bu mövqeyi anlaşılmaz qarşılanmışdı. Həmin dövrdə hadisələri analiz edən analitiklərin əksəriyyəti bu məsələnin arxasında maliyyə faktorunun durduğunu bildirsələr də, ABŞ-ın Əfqanıstanı tərk etməsi məsələsinə Moskvanın etirazı, həm Kreml rəhbərliyi, həm də Kremlə yaxınlığı ilə bilinən polotoloqlar tərəfindən açıq surətdə şərh olunmağa başladı.
Rusiyanın qorxusu Kollektiv Təhlükəsizlik Müqaviləsinə üzv olan Orta Asiya ölkələrinin təhlükəsizliyi məsələsi idi. Tacikistanda hərbi diviziya saxlayan Rusiya ABŞ ordusunun Əfqanıstanı tərk etməsindən sonra, bu ölkədə dərin kök salmış çoxsaylı silahlı qruplaşmaların Orta Asiya respublikalarının sərhədlərinə dirənərək öz tarixi torpaqlarına keçməsinin qarşısını almaq üçün müttəfiqləri olan bu respublikaların rəhbərlərinə öz sərhədlərini, və gələcəkdə öz hakimiyyətlərini qorumaqda kömək etmək məcrubiyyətində qalacağını gözəl başa düşür. Bu köməyin Rusiya xəzinəsinə hansı məbləğə, rus ordusuna nə qədər əsgərin canı və qanı bahasına başa gələcəyini Kremldə çox gözəl başa düşürlər. ABŞ-ın regionda qalması bu cəhətdən həm Rusiya, həm də onun Orta Asiyadakı müttəfiqləri üçün ən sərfəli variant idi.
ABŞ-ın Əfqanıstandan çıxmaq haqqındakı bəyanatından sonra Orta Asiyada siyasi tarazılıq pozuldu. Ölümünə özbək taliblərinin fitva verdiyi İslam Kərimov sabah çoxminlik özbək talibləri korpusunun qarşısında aciz qalacağını və Daşkəndin mərkəzi meydanında asılacağını gözünün önünə gətirərək tələm-tələsik Kollektiv Təhlükəsizlik Müqaviləsindən çıxaraq ABŞ-la danışıqlara başladı. Hələlik bu danışıqların nəticəsi görünməsə də, Kərimov var gücü ilə Qərblə anlaşmağa çalışır. Qərbin ona dəstək verib-verməməsi isə hələlik məlum deyil. Ən azından ABŞ-ın bütün region üçün cızdığı plan göz qarşısındadır və hadisələrin sonunun nə ilə qurtaracağını İslam Kərimov özü də gözəl bilir.
Qeyd edək ki, Əndican qətliamından sonra Əfqanıstandakı özbək səhra komandirləri, başda Cuma Namanqani olmaqla İslam Kərimovun qətlinə fitva veriblər.
Onu da bildirək ki, bu məsələdə narahatlıq keçirən ikinci Orta Asiya lideri İmaməli Ramonovdur. Sovet İttifaqının dağılmasından sonra ittifaqa daxil olan keçmiş müsəlman respublikalarından ilk dəfə islamçıların silahlı müxalifəti məhz Tacikistanda yaranıb. 1992-ci ildən bu yana Rahmonov Rusiya ordusunun ölkəsində yerləşən hərbi diviziyasının köməyi ilə hakimiyyətdə qala bilib. Silahlı tacik mücahidlərinin bir hissəsi öldürüldükdən sonra dindarların böyük hissəsi gizli yolla Əfqanıstana qaçaraq, ordakı silahlı tacik qruplarına qoşuldular. Tacikistanda öldürülən yaxınlarının qanını almağa and içən taciklər Ranmonovun ölümünə fitva veriblər. Bu məsələdə İslam Kərimovun vəziyyəti ilə Rahmonovun vəziyyəti eynidir. 2012-ci ilin sonlarına yaxın İmaməli Rahmonov da vəziyyətinin ağırlığını dərk edərək Rusiya ilə əlaqələri kəsərək üzünü Qərbə tutmaq istədi. Moskva ilə Düşənbə arasında gedən gərgin danışıqlardan sonra Rahmanov Rusiya ilə hərbi əməkdaşlığın davam edəcəyini bəyan edərək Tacikistandakı Rusiya hərbi bazasının icarəsi müqaviləsinin müddətini 2030-cu ilə qədər uzatdı.
Bu məslədə Türmənistanla Qırğızıstanın sabit və stabil vəziyyəti radikal islamçı qrupların Özbəkistan və Tacikistana soxularaq oradakı rejimləri devirməsindən sonra pozulacaq. Qazaxıstanda son zamanlar aktivləşən "Xilafət əsgərləri" qruplaşması ilə toqquşmalarda hüquq mühafizə orqanlarının onlarla itki verməsi Nazarbayevin taxt-tacının da təhlükə altında olduğunu göstərir. Kütləvi həbslərin və qrup üzvlərinin öldürülməsi isə bu təşkilata daxil olan digər radikal gəncləri daha radikallaşdırır, onları hakim rejimin, hökumət strukturlarının üzərinə qaldırır.
Qayıdaq Həmid Karzainin bəyanatlarına. Əslində, Əfqanıstan prezidenti hadisələri düz dəyərləndirərək nə ilə nəticələnəcəyini görür. Haqqında bəyanat verərək pislədiyi ABŞ - "Taliban" danışıqları isə heç də gizli aparılmır. Katarın paytaxtında "Taliban"ın nüfuzlu şeyxləri ilə ABŞ kəşfiyyatının əməkdaşları arasında gedən danışıqlar Qərb mediasında da yayımlanmışdı. 2002-ci ildə Əfqanıstana "Taliban"la və "Əl-Qaidə" ilə "mübarizə" aparmağa gələn ABŞ-ın yenidən Əfqanıstanı bu təşkilatın ixtiyarına buraxacağı aydın görünür. Sadəcə, ABŞ siyasətindən vassalların heç zaman xəbəri olmadığından ABŞ-ın "beynəlxalq terrorizmlə mübarizəsinə" ürəkdən inanan Həmid Karzaini Vaşinqtonun bu qərarı lap çaş-baş salıb. Karzai sanki "A kişi dayanın siz neynirsiniz? Axı biz belə danışmamaşdıq, siz başqa vədlər vermişdiniz!", - deyə hayqırır. Amma nə faydası, prosses artıq gedir. Bütün Yaxın Şərq üzrə cızılmış Amerika planı hissə-hissə həyata keçmək üzrədir. Hələlik heç bir qüvvə bu prossesi durdurmaq iqtidarında deyil. Necə deyərlər, "Əlvida, mister Karzai, siz artıq lazım deyilsiniz!"...
P.S. Geopolitik açıda ABŞ-ın Əfqanıstana gəlişi ağıllarda ən çox sual doğuran məsələlərdən biridir. ABŞ bu ölkəyə on minlərlə əsgərini sadəcə bir nəfəri, bir nömrəli terrorçu adlandırdığı "Əl-Qaidə" lideri Usəma Ben Ladeni öldürmək üçünmü göndərmişdi? Bu "bir nəfər" Əfqanıstana xərclənən on milyardlarla pula dəyirdimi, həm də ABŞ büdcəsinin kəsirlə çıxdığı bir dövrdə? Ümumiyyətlə, bu "bir nəfəri" ABŞ xüsusi təyinatlıları doğurdanmı öldürdülər, və əgər öldürdülərsə nəyə görə başını kəsib dənizə atdılar, heç bir qohum əqrəbasına meyiti tanımaq üçün belə göstərmədilər? ABŞ 10 ildən çoxdur bu ölkədə nə axtarıdı (Əfqanıstanda neft və digər faydalı qazıntıların olmadığı hamıya məlumdur)? Bu məsələdə sual doğuran qaranlıq məqamlar həddən artıq çoxdur. Sualların cavabı isə bu regionda gedən prosesslərin ardıcıllığıdır. Buyurun izləyək...