Xəbər lenti

Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı
Dünya 14:54 13.07.2026

Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı

Avtomobillərdə avtonom idarəetmə texnologiyaları son illərdə sürətlə inkişaf etsə də, tam sürücüsüz nəqliyyat vasitələri hələ geniş yayılmayıb. Bununla belə, müasir avtopilot sistemləri magistral yollarda və sıx hərəkət şəraitində sürücülərin işini xeyli asanlaşdırır.

Qaynarinfo xəbər verir ki, istifadəçilərin rəyləri və mütəxəssislərin qiymətləndirmələrinə əsasən, hazırda ən etibarlı avtopilot sistemləri General Motors, Mercedes-Benz, Tesla, Ford və BMW şirkətlərinə məxsus avtomobillərdə istifadə olunur.

General Motors şirkətinin "Super Cruise" sistemi ən etibarlı həllərdən biri hesab edilir. Bu texnologiya Cadillac, Chevrolet, GMC və Buick markalarında tətbiq olunur. Kamera, radar və lidar texnologiyalarından istifadə edən sistem uyğun magistrallarda sürücüyə əllərini sükandan çəkməyə imkan verir. İstifadəçilər onun uzunmüddətli səfərlərdə sabit işlədiyini, nüfuzlu Consumer Reports nəşri isə sistemi bazardakı ən uğurlu avtopilotlardan biri kimi qiymətləndirib. Bununla yanaşı, bəzi sürücülər ötmə zamanı qəfil sürətlənmə və yol təmiri aparılan ərazilərdə sistemin qeyri-sabit işləməsi ilə bağlı iradlar səsləndiriblər.

"Mercedes-Benz" şirkətinin "Drive Pilot" sistemi ABŞ-də istifadəsinə icazə verilmiş azsaylı 3-cü səviyyə avtonom idarəetmə texnologiyalarından biridir. Digər sistemlərdən fərqli olaraq, müəyyən şəraitdə sürücünün həm əllərini sükandan çəkməsinə, həm də diqqətini qısa müddətlik yoldan yayındırmasına imkan verir. Hazırda bu sistem yalnız S-Class və EQS Sedan modellərində təqdim olunur və əsasən yüksək dəqiqliklə xəritələnmiş magistrallarda işləyir.

"Tesla" şirkətinin "Full Self-Driving (Supervised)" – yəni "Tam avtonom idarəetmə (sürücü nəzarəti altında)" sistemi isə təkcə magistrallarda deyil, şəhər yollarında da fəaliyyət göstərə bilir. İstifadəçilər proqram təminatının son versiyalarının əvvəlkilərlə müqayisədə əhəmiyyətli dərəcədə təkmilləşdiyini bildirsələr də, sistem hələ də sürücünün daimi nəzarətini tələb edir. Mütəxəssislər onun bəzi hallarda sürət həddini düzgün müəyyən etmədiyini və digər avtomobillərin davranışını səhv qiymətləndirə bildiyini qeyd edirlər.

"Ford" şirkətinin "BlueCruise" sistemi Mustang Mach-E, F-150, F-150 Lightning, Expedition, Explorer və bəzi Lincoln modellərində quraşdırılır. Texnologiya ABŞ və Kanadadakı uyğun magistrallarda əllərsiz idarəetməyə imkan verir. Son proqram yeniləmələrindən sonra zolaqda hərəkətin saxlanılması və zolaq dəyişmə funksiyalarının daha stabil işlədiyi bildirilir. Bununla belə, köhnə versiyalarda nişanlanması zəif olan yollarda sistemin səhvlərə yol verdiyi qeyd olunur.

"BMW" şirkətinin "Driving Assistant Professional" (Peşəkar sürücüyə yardım sistemi) paketi də etibarlı 2-ci səviyyə avtonom idarəetmə texnologiyaları sırasında göstərilir. Paketə daxil olan "Highway Assistant" (Magistral köməkçisi) funksiyası uyğun magistrallarda müəyyən sürət həddinədək əlləri sükandan çəkməyə imkan verir. Bununla belə, sürücü hər zaman yola nəzarət etməli və lazım gəldikdə idarəetməni dərhal öz üzərinə götürməlidir.

Mütəxəssislər bildirirlər ki, bu texnologiyalar sürücülərin işini xeyli asanlaşdırsa da, onların heç biri tam sürücüsüz idarəetmə sistemi hesab edilmir. Buna görə də avtopilot aktiv olduqda belə, yol hərəkəti vəziyyətinə daim nəzarət etmək vacibdir.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->