Yevgeni Serebryakov Rusiyanın "Sandworm” haker qruplaşmasının lideri olub.
Qaynarinfo xəbər verir ki, "Wired” nəşri Qərb ölkələrindən birinin kəşfiyyatındakı mənbələrə istinadən
yazır.
2018-ci ildə Serebryakov və daha üç rusiyalı Kimyəvi silahların qadağan edilməsi təşkilatının (OPCW) Haaqadakı resurslarına kiberhücum hazırlamaqda şübhəli bilinərək Niderlanddan qovulub.
Kəşfiyyat mənbələrinə görə, hazırda polkovnik olan Serebryakov 2022-ci ilin yazında "Sandworm” (digər adlar FrozenBarentz, Voodoo Bear və IRIDIUM) rəhbərliyini ələ keçirib. Bundan əvvəl o, Fancy Bear, APT28 və FrozenLake kimi tanınan QRU ilə əlaqəli başqa bir haker qruplaşmasının rəhbərinin müavini olub.
"Sandworm” casusluq, dezinformasiya və informasiya sistemlərinin məhv edilməsi ilə məşğuldur. Qrup NATO ölkələrinə, Gürcüstana, Cənubi Koreyaya hücum edir. O, 2015 və 2016-cı illərdə Ukrayna infrastrukturuna kiberhücumlar həyata keçirib. 2017-ci ildə "Sandworm” NotPetya ransomware proqramı ilə dünyanın müxtəlif yerlərində çoxsaylı təşkilat və şirkətlərə hücum edərək ən azı 10 milyard dollar ziyan vurub. "Wired” yazır ki, Rusiyanın Ukraynaya hücumundan sonra "Sandworm” diqqətini Ukraynaya cəmləşdirib.
Bellingcat-ın araşdırmaçısı Hristo Qrozev bildirib ki, Serebryakovun karyerası 2020-ci ildə yüksəlməyə başlayıb. Həmin zaman adətən yalnız yüksək rütbəli məmurlarla əlaqə saxlayan QRU generalları Serebryakova zəng etməyə başlayıblar, - Qrozyev billinq məlumatlarına istinad edərək izah edir. Araşdırmaçı bildirib ki, Serebryakovun hətta Niderlanddakı insidentdən sonra da vəzifədə yüksəldilməsi "açıq-aydın onun çox yaxşı olduğunun” göstəricisidir.
Serebryakovun Rusiya hərbi kəşfiyyatı üçün dəyərini "Wired” mənbələri də qeyd edir. Onların məlumatlarına görə, Serebryakov QRU-da təhlükəsizlik tədqiqatları icmasında yaxşı əlaqələri və güclü texniki bacarıqlarına görə qiymətləndirilir.
Eyni zamanda, Serebryakovun 2018-ci ildəki uğursuzluğundan sonra yüksək vəzifəyə yüksəlməsi Rusiya kəşfiyyat xidmətlərində çalışan məhdud sayda ixtisaslı mütəxəssislərin olduğunu da göstərə bilər, "Mandiant” kibertəhlükəsizlik şirkətinin təhlükə kəşfiyyatının rəhbəri Con Haltkvist bildirib.
Xatırladaq ki, 2018-ci ilin aprelində Niderland OPCW-yə kiberhücum hazırlamaqda şübhəli bilinən dörd Rusiya vətəndaşını ölkədən çıxarıb. Onlar ölkəyə Yevgeni Serebryakov, Aleksey Morenets, Oleq Sotnikov və Aleksey Minin adına diplomatik pasportlarla gəliblər. Onların məqsədi Skripalların zəhərlənməsi ilə bağlı araşdırmanın nəticələrini əldə etmək olub. Həmin ilin oktyabrında ABŞ Serebryakov, Morenets, Sotnikov və Minin də daxil olmaqla QRU-da işləyən rusiyalı hakerlərə "beynəlxalq hakerlik və onlara təsir və dezinformasiya əməliyyatları” ilə bağlı ittiham irəli sürüb.
2020-ci ildə onların hamısı OPCW-də WannaCry və NotPetya viruslarından istifadə edərək kiberhücumlarda iştirakda şübhəli bilinərək Aİ sanksiyalarına məruz qalıb. Aİ "Sandworm”un aid olduğu QRU-nun Xüsusi texnologiyalar üzrə baş mərkəzinə (74455 saylı hərbi hissə) də sanksiyalar tətbiq edib.
Nizami Bağırov