
Baş nazir Rəcəb Tayyib Ərdoğan Suriyada ölǝnlərin sayının yüz minə çatdığnı bildirib və Suriya prezidenti Bəşər Əsədin bunun hesabını verəcəyini söyləyib.
Qaynar.info-nun TRT-yə istinadən verdiyi məlumata görə, Ərdoğan Kızılcahamamda partiyasının Məşvərət və Dəyərləndirmə Toplantısında "Suriyada uşaqların fəryadı ərşə çıxarkən biz susan dilsiz şeytanlardan olmayacağıq. Ey Bəşər Əsəd, vallah bunun hesabını verəcəksən" deyib.
Ərdoğan sözlərini "Allah qoysa, bu qatilin bu dünyada hesab verdiyini görǝcǝk və bunun üçün də şükr edǝcǝm. Suriyadakı hadisǝlǝr insanın sǝbrini daşırır" deyə davam etdirib.
Baş nazir beynəlxalq birliyin Suriya ilə bağlı gözlənilən addımları hələ də atmadığını vurğulayıb.
Ərdoğan Ədalət və İnkişaf Partiyasının deputatlarına "Siz yalnız Ədirnənin, İğdırın, Hakkarinin, Vanın məsuliyyətini daşımırsınız. Siz Bakının, Lefkoşanın, Kabilin, Sarayevonun məsuliyyətini daşıyırsınız. Bizim üzərimizdə Bağdadın, Ərbilin, Qəzzanın, Qüdsün, Xamanın, Xumusun məsuliyyəti var" deyib.
Qaynar.info