Xəbər lenti

Ərdoğan zalı tərk etdi - QALMAQAL
Dünya18:04 10.05.2014

Ərdoğan zalı tərk etdi - QALMAQAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan siyasi gündəmi məşğul edəcək növbəti bir qalmaqala səbəb olub. 

Musavat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğan Dövlət Şurasının 146-cı ildönümündə Vəkillər Kollegiyasının rəhbəri Mətin Feyzioğlunun çıxışına hirslənib və yığıncağı tərk edib.

Baş nazirin bu açıq və sərt jestinə səbəb çıxışçının reqlamentdən xeyli artıq danışması və hökuməti sərt tənqid eləməsi olub. Bu isə hökumət başçısı kimi Ərdoğanın xoşuna gəlməyib və o, əvvəlcə ona iradlarını bildirib, buna adekvat cavab almadıqda isə Feyzioğlunun çıxışını bitirməsini gözləmədən zalı ərk edib. 

Bu zaman zalda onunla yanaşı əyləşən prezident Abdulla Gül də onunla birgə zalı tərk etməli olub. Az sonra başqa bir toplantıda baş nazir olaya və öz hərəkətinə belə izah verib. O Vəkillər Kollegiyasının rəhbərini vəkillikdən daha çox siyasətlə məşğul olmaqda ittiham edərək deyib: “Sən əgər siyasətlə məşğul olmaq istəyirsənsə, ordan çıx, siyasətə gəl, parla görək...”

Ərdoğanın bu hərəkəti Türkiyənin ictimai-siyasi mühitində birmənalı qarşılanmayıb. Bir çoxları prezidentliyə hazırlaşan şəxsin bu cür davranışını, səbirsizliyini ona irad tutub. Həmin iclas zamanı zalda olmuş CHP lideri Kamal Kılıcdaroğlunun reaksiyası da yetərincə kəskin olub. Kılıcdaroğlu “belə bir emosiyanın sahibi Türkiyəyə prezidentlik edə bilməz” deyib. 

AKP rəhbərinin hərəkəti Qərb mətbuatında da  neqativ reaksiya doğurub və siyasi lider kimi ona irad tutulmasına səbəb olub. 

Axar.az isə xəbər verir ki, bu, Ərdoğanın tərk etdiyi ilk toplantı deyil. Buna kimi o, daha dörd toplantını yarımçıq qoyub. 

Ərdoğanın tərk etdiyi toplantılardan biri Davosda olub. O zaman Dünya İqtisadi Forumunda onunla İsrail prezidenti Şimon Pereslə gərginlik yaşamışdı və Peresin tənqidlərinə çox sərt cavab verən Ərdoğan iclası tərk etmişdi. 

2005-ci ilin noyabr ayında isə o, Danimarkada mətbuat konfransını tərk etmişdi. O vaxt Türkiyə ilə Danimarka arasındakı ən böyük problemlərdən biri bu ölkənin PKK-ya telekanalı olan “Roj TV”-yə lisenziya verməsi idi.   

Baş nazirin yarımçıq tərk etdiyi başqa bir toplantı ötən il Gəzi olayları ilə bağlı Baş Nazirlik binasında sənətçilərin iştirakı ilə keçirilən iclas olub. DİSK Baş katibi Arzu Çərkəzoğlunun “Gəzi olayları ictimai və sosioloji məsələdir” sözlərinə Ərdoğan əsəbləşərək “Siz kimsiniz bizə sosiologiya öyrədirsiniz” deyərək iclası tərk etmişdi.  

Ərdoğan 5-ci imtinası ötən ay Konstitusiya Məhkəməsinin ildönümü çərçivəsində təşkil edilən yığıncaqdır. AYM rəhbəri Həşim Kılıncın çıxışına qəzəblənən baş nazir yığıncağı yarımçıq qoyub getmişdi.

Musavat.com