
Hazırda İstanbulda, Kazlıçeşmədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana dəstək aksiyası keçirilir.
Baş nazir Rəcəb Tayyib Ərdoğan aksiyada çıxış edib. "Musavat.com"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, "Milli iradəyə sayğı mitinqi" adlandırılan aksiyada baş nazir iştirakçılara səslənərək xarici telekanalları yalan xəbər yayaraq Türkiyəni dünyaya fərqli göstərməkdə ittiham edib: “BBC, CNN, Reuters, bunu da gizlə... Günlərdir ki, yalan xəbərlər yayaraq Türkiyəni dünyaya fərqli göstərdiniz. Siz yalanlarınızla baş-başa qaldınız. Bu millət sizin dünyaya tanıtdığınız millət deyil”.
O qeyd edib ki, Türkiyədə nələr olduğunu bilmək istəyənlər Kazlıçeşməyə baxsın: “İstanbula baxsın. Buradaki yüz minlərlə insan yandıran, qırıb-tökən deyil. Əlindəki çəlikləri insanların üzərinə atan xainlər deyil. Əlinə sopa, molotof alıb qıran, yandıran, yağmalayan burada deyil. Biz söyləyəcəyimizi demokratik yollarla, hüququn bizə tanıdığı yerlərdə söyləyərik. İstanbulun mitinq yeri haradırsa, orada söyləyərik. Biz hüququ zorlamarıq”.
O bildirib ki, Gezi Parkı bir qrupun deyil, bütün İstanbulun parkıdır: “Mənim artıq səbrim daşdı. Boşaldın, əvəzi nə olursa, olsun, buranı boşaldacağıq dedik. Hazırda Gezi parkı və Taksim Meydanı boşaldılıb. Park təmizlənib və indi səliqəyə salırıq”.
Baş nazir həmçinin 2014-cü ildə keçiriləcək seçkilərə işarə edərək bildirib ki, mitinq iştirakçıları onun arxasında olduğu müddətdə seçkkilərin nəticələri ürəkaçan olacaq: “Sizlər bizim arxamızda olduğunuz müddətdə heç narahat deyilik ki, səsverməni sizlər qazanacaqsınız. Heç kimin oyunu, tələsi bizə təsir etməz. Heç kimin çirkin ssenarisi bizə toxunmaz. Türkiyə sosial şəbəkələr vasitəsilə üzərində əməliyyatlar aparılacaq ölkə deyil”.
Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda keçirilən mitinqində çıxışı zamanı bildirib ki, Avropa İttifaqının Türkiyə ilə bağlı qərar qəbul etmək haqqı yoxdur: "Həddini bil, Avropa İttifaqı! Biz bu qurumun qərarını tanımırıq"(musavat.com)