Xəbər lenti

Ərdoğan ABŞ-ın “Kürdüstan planı”nı beşikdəcə boğur - Politoloq
Dünya09:44 01.06.2022

Ərdoğan ABŞ-ın “Kürdüstan planı”nı beşikdəcə boğur - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə bəyan edib ki, Türkiyə-Suriya sərhədində 30 km dərinlikdə təhlükəsizlik dəhlizinin yaradılması prosesi yaxın gələcəkdə başa çatdırıla bilər. Ərdoğanın sözlərinə görə, bununla PKK üzvlərinin türk uşaqlarını dələduzluq yolu ilə öz sıralarına qatmağa məcbur etmələrinə son qoyulacaq.
Türkiyə Prezidenti qonşu ölkədə yeni əməliyyatın nə vaxt başlaya biləcəyini açıqlamayıb. Bundan əvvəl Türkiyənin Suriyanın şimalında - Tell-Rifat, Ayn əl-Ərəb, Mənbic və Ayn İsa bölgələrini əhatə edəcək yeni hərbi əməliyyata hazırlaşdığı barədə məlumat yayılıb. Əməliyyata 50 minə yaxın Türkiyə hərbçisinin cəlb edilməsi planlaşdırılır. Türkiyənin Suriyanın şimalında aktivləşmək cəhdi ABŞ tərəfindən qıcıqla qarşılanıb. 
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Türkiyənin Suriyanın şimalında hər hansı yeni hərbi əməliyyatlarının regionda vəziyyəti daha da gərginləşdirəcəyini bəyan edib. O bildirib ki, atəşkəsə əməl olunmalıdır.
Onu da vurğulayaq ki, Türkiyə 2017-ci ildən bəri Suriyanın şimalında "Fərat Qalxanı”, "Zeytun Budağı” və "Barış bulağı” olmaqla 3 dəfə hərbi əməliyyat keçirib. Aydın məsələdir ki, Türkiyənin keçirtmək istədiyi əməliyaytda da əsas məqsəd ölkəni daim narahat edən PKK terrorçularını və onların Suriyadakı tör-töküntülərini məhv etməkdir. Bu isə kürd yaraqlılarına dəstək verən, bölgədə kürd dövlətinin yaradılmasına çalışan Vaşinqtonun maraqlarına ziddir. Bu səbəbdən, Dövlət Departamenti Ankaranın Suriyanın şimalında növbəti dəfə əməliyyata başlayacağı barədə verdiyi bəyanatdan narahat olub. 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Miri düşünür ki, Ankara ABŞ-ın narahatlığına fikir verməyərək, qısa hazırlıqlardan sonra özünün geosiyasi hədəflərini həyata keçirməyə başlayacaq:
"Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlar keçirməsi hər zaman Vaşinqton üçün "baş ağrısı” olub.  ABŞ Türkiyəni PKK-nın Suriya qolu olan PYD/YPQ güclərini təhdid edəcək güc kimi görür. Çünki ABŞ-ın oyuncaq kürd dövləti yaratmaq istəyinə yeganə təhlükə yaradan dövlət Türkiyədir. Ankara öz sərhədləri boyunca bir terror dövlətinin yaranmasına imkan vermək istəmir”.
Ekspert bildirir ki, Türkiyənin Suriyanın şimalında növbəti hərbi əməliyyatlara hazırlaşmasında qeyri-adi heç nə yoxdur. Belə ki,  ABŞ və Rusiya əldə olunan razılaşmanı yerinə yetirmək istəmirlər:
"ABŞ və Rusiya öhdəlik götürmüşdü ki, Türkiyə sərhədindən 30 km məsafədə bir nəfər də olsun terrorçu qalmayacaq. Ancaq bu vədlər yerinə yetirilməyib. Türkiyə ordusu və əhalisi üçün təhdid yaradan Mənbic, Kobani kimi bölgələr PKK terrorçuları tərəfindən idarə olunur. Ona görə Ankara Rusiyanın bu bölgələri boşaltması fonunda dərhal hərəkətə keçib yeni bir 30 km-lik təhlükəsizlik bölgəsi yaratmaq istəyir”. 
Politoloq düşünür ki, növbəti əməliyyatda əsas hədəflərdən biri də Türkiyədə yerləşən suriyalı qaçqınların geri qayıdaraq, öz torpaqlarında təhlükəsiz yaşamalarına şərait yaradılmasına hesablanıb:
"ABŞ-ın narahatlığı isə terrorçu kürd dövləti ideyasının üstündən birdəfəlik xətt çəkiləcəyilə bağlıdır”. 
Rüfət Sultan