Dünya 19:15 04.11.2022

Ərdoğan-Bayden görüşündə hansı məsələlər müzakirə olunacaq? - Politoloq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Baydenlə görüşməyi planlaşdırır. Bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib.

Onun sözlərinə görə, görüş noyabrın 15-də Balidə (İndoneziya) keçiriləcək G20 sammiti çərçivəsində baş tutacaq. 

Qeyd edək ki, Ankara ilə Vaşinqton arasında münasibətlər heç də tam hamar deyil. Türkiyənin Rusiyadan aldığı S-400 raketləri, ABŞ-ın ona F-16 təyayrələrini hələ də verməməsi, Ankaranın Ukrayna və Suriya məsələsində tutduğu mövqeyinə görə iki ölkə arasında həlli vacib olan bəzi gərginliklər yaşanır. 

Politoloq Qabil Hüseynli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Ərdoğanla Bayden arasında müzakirəyə ehtiyac olan xeyli məsələlər var:
 


"Fikrimcə, İndoneziyada keçiriləcək G20 sammit çərçivəsində iki ölkə rəhbərlərinin görüşü ilə F-16 təyyarələrinin alınması və yaxud Türkiyədə olan F-16-ların modernləşdirilməsi məsələsi həll edilə bilər. Bundan başqa, görüş əsasında bir sıra digər məsələlər də həllini tapa bilər. ABŞ-la Türkiyə arasında bir sıra sahələrdə, xüsusən də strateji əməkdaşlıq məsələlərində problemlər mövcuddur. Baş tutan görüşdə danışıqlar əsasında həmin problemlərin də müəyyən dərəcədə həll edilə biləcəyi istisna deyil. Yəqin ki, görüşdə Ərdoğan Türkiyə-Rusiya münasibətlərilə bağlı yaranmış məsələyə də aydınlıq gətirəcək. Hər halda, Baydenlə Ərdoğanın görüşündə müəyyən pozitiv nəticələrin ola biləcəyini gözləyirəm”.

Rüfət Sultan