Dünya 16:00 10.09.2022

Ərdoğan Baydenə Bakının mesajını çatdıracaq? (ŞƏRH)

ABŞ və Türkiyə prezidentlər - Co Baydenlə Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq gedir. Bu barədə Türkiyə və Qərb mətbuatı məlumat yayıb. Görüşün gündəminə Türkiyə ilə Rusiya arasında münasibətlər, Ukrayna və Suriya böhranı daxildir. 

Xatırladaq ki, Türkiyə Prezidenti sentyabrın 17-22-si arası Vaşinqtonda səfərdə olacaq. Bayden və Ərdoğan sonuncu dəfə iyunun sonlarında Madriddə keçirilən NATO sammitində görüşüblər, müzakirələrdən sonra Türkiyə Finlandiya və İsveçənin NATO-ya üzvlüyü ilə bağlı vetosunu ləğv edib. Həmin sammitin sonunda Bayden ABŞ-ın Türkiyəyə F-16 döyüş təyyarələrinin satışını dəstəklədiyini və satış üçün lazım olan Konqresin razılığının alınacağına əmin olduğunu bildirib. 

İndiki halda dünyada danışıqlar predmeti olan məsələlərədn biri də Qarabağ məsələsidir. Bu mənada maraqlıdır, Ərdoğan Bayden görüşündə Qarabağ mövzusu da qaldırıla bilərmi? 

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Turan Rzayev düşünür ki, Ərdoğanın Baydenlə görüşündə əsasən Ukrayna, Ankara-Afina münasibətləri və Türkiyənin Suriyada başlamaq istədiyi antiterror əməliyyatı müzakirə predmeti olacaq:



"Ümumiyyətlə, Ərdoğan Bayden görüşündə yeniliklərin olması gözlənilir. ABŞ-ın Ukrayna müharibəsində Türkiyəyə qarşı münasibəti loyallaşmalıdır. Bu Türkiyəni də narahat edən əsas məsələdir, çünki qarşıdan 2023-cü il seçkiləri gəlir. Ərdoğan minimum problem siyasəti yeritməyə başlayıb”. 

Qarabağ mövzusunun müzakirəsinə gəlincə, ekspert bunu mümkün hesab edir: 

"Adətən, Türkiyə-ABŞ prezidentləri arasında danışıqlarda Qarabağ məsələsi də müzakirə edilir. ABŞ Azərbaycana Avropanı enerjilə təmin edən mühüm ölkə kimi baxır. Digər tərəfdən isə ABŞ səfiri Şuşaya getmədi, Minsk qrupunun bərpasına çalışır. Bu fonda ən azından Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə müdaxiləsinə dair tərəflər arasında şifahi olaraq nələrinsə danışılması mümkündür. Bunun olub-olmayacağını ən azından Vaşinqton səfərindən sonra Ərdoğanın Azərbaycan Prezidentilə telefon danışığının olub-olmayacağından anlayacağıq”. 

Rüfət Sultan