"Türkiyə İsrail ilə Fələstin arasındakı gərginliyi aradan qaldırmağa çalışır. Bu iki xalqı barışdıra biləcək ölkə yalnız Türkiyədir. Digər ölkələrin bu istiqamətdə vasitəçiliyi alınan deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Fələstin prezidenti Mahmud Abbasla İsrail baş naziri Benyamin Netanyahunun Türkiyəyə olacaq səfərlərini şərh edərkən deyib:
"İsraillə Fələstin arasında gərginlik davam edir. Ona görə də bu gərginliyin aradan qaldırılması üçün addımlar atılmalıdır. Çünki bu gərginlik hər iki tərəf üçün lazımsızdır. Onlar arasında gərginliyin olmasında maraqlı qüvvələr var. Həmin qüvvələr bütün vasitələrlə çalışır ki, yəhudilərlə fələstinlilər daim bir-birilə düşmən olsunlar. Həmin dağıdıcı qüvvələri darmadağın etmək üçün də İsraillə Fələstin arasında münasibətlər yaxşılaşmalıdır. Bunu isə indiki şəraitdə ancaq Türkiyə bacara bilər. Çünki Ankaranın həm Fələstinlə, həm də İsraillə yaxşı münasibətləri var. Bir ara Ankara ilə Təl-Əviv arasında ciddi qarşıdurma baş vermişdi. Amma sonradan bu gərginlik aradan qaldırıldı. Hazırda İsrail-Türkiyə münasibətləri də yaxşı səviyyədədir. İsraili bəzi qüvvələr İslam dünyasına "xortdan” kimi təqdim etməyə çalışırlar. Əslində isə belə deyil. Bu iki xalq bir-birilə mehriban qonşuluq şəraitində yaşaya bilərlər. Ərəblərlə yəhudilər əslində bir nəslin nümayəndələri, İbrahim peyğəmbərin davamçılarıdır. Türkiyənin bu istiqamətdə addımları müsbət nəticələr verə bilər”.
Qeyd edək ki, Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu Türkiyəyə səfər edəcəklər. Mahmud Abbas iyulun 25-də, Netanyahu isə 3 gün sonra, iyulun 28-də Türkiyədə olacaq.
Rüfət Sultan