Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüş Türkiyədə deyil, başqa ölkədə reallaşa bilər. Kreml sözçüsü onu da vurğulayıb ki, iki ölkə liderləri görüşün həm yerini, həm də tarixini yaxın gələcəkdə müəyyənləşdirmək barədə razılığa gəliblər.
Peskov əlavə edib ki, liderlər uzun müddətdir görüşməyi planlaşdırırlar. Onun sözlərinə görə, belə bir görüş Türkiyədəki prezident seçkilərindən əvvəl nəzərdə tutulurdu. Lakin seçkilərdən əvvəl belə görüş keçirilsəydi, "bədxahlar Moskvanı Türkiyənin daxili işlərinə qarışmaqda ittiham edə bilərdilər".
Qeyd edək ki, Kremlə yaxın bəzi ekspertlər Putini Türkiyə görüşündən imtinaya çağıraraq, onun həbs edilə biləcəyini ehtimal edirdilər. Onların narahatlığına səbəb Roma Statutunun işə düşməsi ehtimalıdır.
Putini Türkiyədə hansı sürprizlər gözləyir? O Türkiyədə həbs edilə bilərmi? Rusiya və Türkiyə arasında "Soyuq savaş” başlayırmı?
Bu və digər sualları siyasi ekspert, hüquqşünas Qulamhüseyn Əlibəyli Qaynarinfo-ya cavablandırıb.
"Ankara indiki dövrdə Putinin təslim edilməsi ilə bağlı addım atmayacaq"
- Ərdoğanla Putinin görüşü Türkiyədə baş tutarsa, iddia edildiyi kimi Putinin Roma Statutuna görə həbsi reallaşa bilərmi?
- Roma Statutunun qaydaları Rusiya tərəfindən təsdiq olunmayıb, prinsip etibarı ilə də Rusiyaya şamil olunmur. Türkiyə də bu əsasnaməni təsdiq etmədiyinə görə, Roma Statutunun prinsipləri ilə heç bir məsuliyyət, öhdəlik daşımır. Siyasi baxımdan da hesab edirəm ki, görüş Türkiyədə və ya baqa yerdə baş tutarsa, Ankara Putinin indiki dövrdə Beynəlxalq Cinayət Məhkəməsinə təslim edilməsi ilə bağlı addım atmayacaq.
- Rusiya bu görüşün Türkiyədə baş tutmasından niyə bu qədər narahatdır? Peskovun açıqlamaları nəyə hesablanıb?
- Hesab edirəm ki, deyilənlər bir bəhanədir. Çünki son dövrlərdə Rusiya ilə Türkiyə arasında münasibət bir qədər sərinləşib. Rusiya bir tərəfli qaydada "taxıl sazişi”ndən çıxıb. Türkiyənin Zelenskiyə sadiq olan "Azov komandirləri”ni Ukraynaya qaytarması da münasibətlərin gərginləşməsinə səbəb olub. Putin də özündən razı adam olaraq hesab edir ki, Türkiyəyə səfəri Ərdoğanın ayağına getmək kimi qiymətləndiriləcək. Ona görə də çalışır ki, görüş Türkiyədə deyil, başqa bir yerdə baş tutsun.
"Ərdoğan-Putin görüşünün Bakıda baş tutması mümkündür"
- Ərdoğan və Putinin görüşü Türkiyədə baş tutmasa, mümkün görüş yeri kimi hansı ölkə seçilə bilər?
- Bu görüş neytral ölkələrin birində reallaşa bilər. İstənilən Türk dövlətlərindən birinin paytaxtında görüş keçirilə bilər. Hətta hesab edirəm ki, görüş Bakıda da baş tutması mümkündür.
- Türkiyə Roma Statutunu ratifikasiya eləməsə belə, Qərb dövlətləri Ərdoğandan bunu tələb etsə, Ankaranın reaksiyası necə ola bilər?
- İndiyə qədər baş verənlər onu göstərir ki, Ərdoğan Rusiya və bir çox digər məsələlərdə Qərbin təzyiqlərinə boyun əyməyib. Rusiyaya qarşı sanksiyalara qoşulmayıb, Moskva ilə əlaqələrini saxlaya bilib. Hesab edirəm ki, hazırkı durumda Türkiyə və Ərdoğan Rusiya ilə Qərb ölkələri arasında bir növ körpü rolunu oynayır. Ona görə də Ərdoğan qarşısında Putinin həbsi ilə bağlı tələblərin qoyulacağına inanmıram. Ərdoğan müstəqil siyasi sima olduğunu subuta yetirib. Belə bir tələb irəli sürülsə belə, Ərdoğan öz bildiyi kimi hərəkət edəcək, təzyiqlərə boyun əyməyəcək.
"Bu dəqiqə Rusiyadakı vəziyyət Putin üçün o qədər də ürəkaçan deyil"
- Putin Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında deyib ki, hazırda onun başlıca vəzifəsi ölkədə, xalqının yanında olmaqdır. Buna görə də xarici səfərlərə getmək istəmir. Kreml başçısının açıqlaması Ərdoğanla görüşdən yayınmaq bəhanəsidir, yoxsa Rusiyada vəziyyət həqiqətən son dərəcədə ağırdır?
- Təbii ki, bu dəqiqə Rusiyadakı vəziyyət Putin üçün o qədər də ürəkaçan deyil. Çünki cəmiyyət bütövlükdə nə qədər müharibəyə köklənsə də, anti-müharibə əhval-ruhiyyəsi daha yüksəkdir. Bu özünü bir çox məsələlərdə dəfələrlə göstərib. Fərariliyin artması, fərariliyə görə məhkəmə hökmlərinin çoxalması da bunu göstərir. Lakin düşünmürəm ki, Putinin bu sözləri Ərdoğanla görüşdən yayınmaq üçün deyib. Çünki siyasətdə adətən belə bəhanələr olur ki, müddət uzadılsın, şərtləri qəbul etdirmək mümkün olsun. Putin də vaxt udmaq istəyir.
- Bu görüşün gecikdirilməsini həm də "Azov komandirləri”nin Türkiyə tərəfindən Ukraynaya təhvil verilməsinə cavab kimi qəbul etmək olar?
- Rusiya kinli ölkə, Putin də kinli rəhbərdir. Ona görə də ola bilər ki, bunun da müəyyən təsiri olsun. Təsirin konkret mexanizm detallarını dəqiq demək olmur. Lakin Rusiya bununla bağlı öz narazılığını bildirdi.
"Putin qeyri-adi gedişlər etmək imkanına malikdir"
- Ərdoğan-Putin görüşü lap yaxın vaxtlarda baş tutarsa, bu, nəyi dəyişəcək ki?
- Adətən dövlət başçılarının görüşündə müzakirə ediləcək məsələlər öncədən hazırlanır, sadəcə onların təsdiq edilməsi qalır. Dövlət başçıları ümumi prinsiplər barədə razılığa gəlirlər. Konkret məsələlərin həllini görüş həll etmir. Hesab edirəm ki, bir tərəfdən "taxıl dəhlizi” ilə bağlı məsələlərdə, digər tərəfdən isə Ukraynada sülh yaratmaqla bağlı məsələlərdə real nəticə əldə etmək mümkün olmayacaq. Hazırda dünyanı narahat edən bütün məsələlər barədə olmasa da, bir sıra problemlərlə bağlı ümumi razılığa gəlmək isə mümkündür.
- Peskov bildirir ki, Putin və Ərdoğan uzun müddət idi, hətta Türkiyədəki prezident seçkilərindən əvvəl görüşməyi planlaşdırırdılar. Lakin seçkilərdən əvvəl Moskvanı dərhal Türkiyənin daxili işlərinə qarışmaqda ittiham etməyə başlayacaq kinli tənqidçilərə yem verməmək üçün bunu etməmək qərarına gəldilər...
- Putin dəfələrlə göstərib ki, qeyri-adi gedişlər etmək imkanına malikdir. Ona görə də düşünmürəm ki, Putin görüşdən çəkinsin. Görünür, Putin müzakirə olunacaq məsələlər barədə ümumi razılığın olmayacağını anlayır. Putin mövqelərin yaxınlığına nail olmadan görüş keçirmək istəmir.
Günay İlqarqızı