"CNN Türk”ün məlumatına görə, Macarıstandan qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə bildirib ki, Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşməsini arzulayır. Ərdoğan qeyd edib ki, Türkiyə sülhün əldə olunmasına çalışır:
"Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı onunla bu barədə danışdıq. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq".
Türkiyə prezidentinin bu niyyəti başa düşüləndir. Hazırkı dövrdə dünya dövlətlərinin əksəriyyəti iki döyüşən tərəfdən bu və ya digərini dəstəkləmək yolunu tutub. Türkiyə Ukrayna müharibəsi başlayan ilk anlardan tərəfləri barışdırmaq mövqeyində qalıb və Ankara indi də həmin mövqeyi sərgiləyir. Bu da qardaş Türkiyənin müharibədən öz maraqları naminə siyasi və maddi gəlir götürməyə çalışan bəzi digər ölkələrdən fərqli olaraq, sülhpərvər siyasətindən xəbər verir.
Ərdoğan və komandası Zelenski ilə Putinin görüşünü təşkil etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Lakin bu günə qədər həmin istək baş tutmayıb. Buna rəğmən Ərdoğan növbəti dəfə anoloji təklifi səsləndirməklə özünün və ölkəsinin sülpərvər siyasətə sadiqliyini bəyan edir. Lakin acı həqiqəti də deməliyik ki, Ərdoğanın bu niyyətinin də baş tutma ehtimalı yox dərəcəsindədir. Hazırkı situasiyada müharibə edən tərəflərin və bu ölkələrin liderlərinin heç biri vəziyyəti müzakirə etməkdə maraqlı deyillər. Əksinə, onlar mövcud vəziyyətdə öz siyasətlərini daha çox müharibənin davam etdirilməsi üzərində qurublar.
Onu da nəzərə alaq ki, Ukraynanın arxasında dayanan Qərb də hələlik tərəflər arasında danışıqlar prosesinin başlanmasında maraqlı deyil. Qərbdən günü-gündən daha ciddi dəstək almaqda davam edən Zelenski belə vəziyyətdə, heç bir halda Putinlə görüşməyə razı olmayacaq. Putinin özü də düşmən hesab etdiyi Zelenski ilə bərabər əsaslarla görüşmək niyyətindən qat-qat uzaqdır. O, yalnız Zelenskini tam ram etməyə nail olduqdan sonra belə bir görüşü qəbul edə bilər. Lakin Qərbin ciddi dəstəyi altında olan Ukraynanı ram etmək də mümkün görünmür. Bu mümkün olsaydı, Kiyev çoxdan "ağ bayraq” qaldırmışdı.
Rüfət Sultan