Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Rusiya tərəfi 2019-cu il müqaviləsi çərçivəsində Suriya bölgələrini kürd silahlı qruplarından "təmizləmək” öhdəliyini yerinə yetirməyib.
Qaynarinfo xəbər verir ki, bunu Ərdoğan Qətərdən qayıdarkən deyib.
"2019-cu ildə Soçidə Rusiya tərəfi ilə də razılaşmamız var. Onlar bölgənin terrorçulardan təmizlənməsinə cavabdehdirlər. Təəssüf ki, biz bunu onlara dəfələrlə xatırlatsaq da, etmədilər və etmirlər. Dedik ki, terrorçular özləri təslim olmasalar, susmayacağıq, onlara qarşı addım atacağıq... Burada heç bir məhdudiyyət yoxdur. Bu əməliyyatın davam etdirilməsi gündəmdədir. Biz yerdən və havadan lazım olan hər şeyi etdik. Biz bunu davam etdirəcəyik”, - deyə Ərdoğan bildirib.
2019-cu ilin oktyabrında Rusiya Federasiyası və Türkiyə Rusiya hərbi polisi və Suriya sərhəd xidmətinin bölmələrinin Türkiyə ilə sərhədin Suriya tərəfinə, sərhəd zonasından kənarda yerləşdirilməsi haqqında 10 bəndlik anlaşma memorandumu imzalayıblar. Türkiyə kürd dəstələrinin və silahlarının Suriya-Türkiyə sərhədinin 30 kilometrliyindən çıxarılmasını asanlaşdırmaq üçün "Sülh mənbəyi” əməliyyatı həyata keçirir. Daha sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu PKK-nın çıxarılmasının vaxtından əvvəl başa çatdığını bildirib. Bundan sonra Rusiya-Türkiyə birgə patrulları fəaliyyətə başlayıb.
Bundan əvvəl Ərdoğan Suriyanın şimalında və İraqda PKK-ya qarşı "Fərat qalxanı” əməliyyatına göstəriş verib. Türkiyə hərbçilərinin hədəfləri arasında türk xalqına qarşı terror hücumlarının qarşısının alınması və sərhədlərin təhlükəsizliyi də olub.
Noyabrın 20-də Türkiyə Şimali İraq və Suriyada kürdlərin işğal etdiyi ərazilərə zərbələr endirib, çünki Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, bu ərazilər terrorçular tərəfindən Türkiyəyə hücumlar üçün baza kimi istifadə edilib.
Alpər