Xəbər lenti

Ərdoğan Suriyada əməliyyat aparır, heç nə edə bilməyən Rusiya imicini itirir
Dünya10:14 22.11.2022

Ərdoğan Suriyada əməliyyat aparır, heç nə edə bilməyən Rusiya imicini itirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya və İraqın şimalında Kürd Fəhlə Partiyasının (PKK, Türkiyə partiyanı terror təşkilatı kimi tanıyıb) bazalarına zərbələr endirilməsi barədə göstəriş verib. 
Ərəbşünas Marianna Belenkayanın "The Insider”ə verdiyi məlumata görə, Ərdoğan əməliyyatı hələ may ayında planlaşdırıb, lakin İstanbuldakı terror aktı səbəbindən əməliyyata indi başlayıb, eyni zamanda Rusiyanın kürd birləşmələrini sərhəddən çıxarmaq üzrə öhdəliklərini yerinə yetirmədiyini qeyd etməyi unutmayıb. Həm Rusiya, həm də Türkiyənin Suriyayla bağlı atəşkəs öhdəlikləri var və indi hər iki ölkə öhdəlikləri yerinə yetirməməkdə bir-birini günahlandırır.
"Ərdoğan heç kimin ona etiraz etməməsi üçün əsas tapıb. Dünən (srağagün, yazı dünən işıq üzü görüb – red.) Türkiyə özünü müdafiə ilə bağlı BMT Nizamnaməsinin 51-ci maddəsini əsas gətirib - bu, həm ABŞ-a, həm də Rusiyaya ünvanlanıb, yəni onlar bu əsasdan istifadə edib zərbələr endirirlər. Bunun belə də davam edəcəyi fakt deyil, amma ABŞ hələ də Türkiyənin zərbələrinə qarşı çıxmayıb. Rusiya tərəfindən də reaksiyalar olmayıb, lakin Moskva həmişə bildirib ki, o, sülh danışıqlarına üstünlük verir, danışıqlara açıqdır və dialoq aparacaq.
May ayında əməliyyat müzakirə olunanda Türkiyə bunu həyata keçirməyi uyğun bilmədi, lakin indi Suriyadan türk hərbçilərinə zərbələr endirilirsə, o zaman Ərdoğanın hərəkətə keçmək və quru əməliyyatına başlamaq üçün daha çox səbəbi olacaq. Ərdoğanın quru əməliyyatına başlaması indi Rusiya üçün heç də sərfəli deyil – onu dayandırmaq, eləcə də Rusiyanın Türkiyənin qarşısını almaq üçün niyə heç nə etmədiyini Dəməşqə izah etmək çətin olacaq. Ərdoğan çətin ki, hansısa yarımçıq məqsədlərlə işini bitmiş saysın, lakin, digər tərəfdən, o, fikirləşə bilər ki, çətin ki, hər şeyi sona çatdıra biləcək və bu işi dəqiq zərbələrlə məhdudlaşdıracaq. Təkcə onun deyil, başqalarının da günahkar olduğunu söyləmək həmişə rahatdır.
Bir tərəfdən Rusiya üçün Türkiyə ilə mübahisə etmək sərfəli deyil, çünki bu, onun Suriya ilə bağlı çoxlu problemlərinə səbəb olacaq, ona Suriyada status-kvonun dəyişməsi lazım deyil, Rusiya üçün hər şeyin olduğu kimi qalması vacibdir. Rusiya anlayır ki, Ərdoğan əməliyyatı həyata keçirmək və sona qədər getmək istəsə, o zaman onu dayandırmaq çətin olacaq və bu cür şərtlər Dəməşqin xoşuna gəlməyə bilər. Ərdoğan bu cür əməliyyata başladıqda Rusiyanın vasitəçi imicini itirmək təhlükəsi var, çünki o heç nə edə bilmir. Elə məqamlar olub ki, Rusiya bunun qarşısını ala bilib, amma indi daha çox Rusiya Türkiyədən asılıdır, nəinki Türkiyə Rusiyadan. 
Digər tərəfdən, Rusiya dəfələrlə kürdləri Suriya-Türkiyə sərhədinə nəzarəti Dəməşqə təhvil verməyə və ümumilikdə Suriya hakimiyyəti ilə dialoqu aktivləşdirməyə çağırsa da, bu, uğursuzluğa düçar olub. Kürd birləşmələrinin bir hissəsi Vaşinqtonun himayəsinə üstünlük verir. Belə bir nəticəni ehtimal edən Rusiya Türkiyənin Suriyanın şimalında yeni əməliyyat keçirəcəyi təqdirdə kürdlərə kömək edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib. Və əvvəlki təcrübəyə əsaslanaraq, həm Moskvada, həm də Dəməşqdə başa düşürlər ki, türk təhdidləri kürdləri daha da itaətkar edir.
Rusiya nə Ərdoğana, nə də kürdlərə qarşı döyüşmək fikrində deyildi. Rusiyanın etdiyi maksimum Türkiyə ilə kürdlər arasında olan bölgəyə ordusunu yerləşdirmək, Türkiyə ilə birlikdə patrul həyata keçirmək, vəziyyəti monitorinq etmək, lakin hər zaman təhlükə anında qüvvələrini geri çəkmək olub. Prinsipcə, birbaşa qarşıdurma heç vaxt bir vəzifə kimi nəzərdən keçirilməyib.  
Terror hadisəsindən sonra İsveç və Finlandiyanın NATO-ya qoşulması məsələsi Qərblə sövdələşməyə səbəb olur. Hücumdan bir həftə əvvəl açıq şəkildə bildirildi ki, Qərb tərəfdaşları da öz öhdəliklərini yerinə yetirmir və terrorçularla, yəni Ərdoğanın terrorçu hesab etdiyi kürd təşkilatları ilə mübarizə aparmırlar. Qərb ölkələri terrorda ittiham edilən şəxsləri Türkiyəyə ekstradisiya etmir. Ərdoğanın daxili reytinqi indi təhlükəsizlik vəziyyətinin necə inkişaf etməsindən asılıdır. Əgər vəziyyət daha da pisləşsə, reytinq düşəcək, terror hadisələri təkrarlanmasa və Ərdoğan cavab verib özünün nə qədər uğurlu olduğunu göstərsə, bu, onun üçün faydalı olacaq”.
Nizami Bağırov