Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada deyib ki, hədəfimiz Ukraynada axan qanı dayandırmaqdır. Onun sözlərinə görə, Rusiya- Ukrayna müharibəsi ədalətli sona çatmalıdır.
Amma son günlərin xronikası göstərir ki, Ukraynada axan qanın dayandırılması hələ ki, mümkünsüzdür. Belə ki, Rusiya daha da aqressivləşərək, Ukrayna şəhərlərini raket atəşinə tutur. Nəticədə dinc sakinlər həlak olur.
Düzdür, Ankara müharibə başlayandan tərəfləri barışığa gətirmək üçün müəyyən addımlar atıb. Müharibənin ilk dövründə Türkiyənin bu səyləri müəyyən müsbət nəticələr də verdi. Müharibə edən tərəflər məhz Ankaranın vasitəçiliyilə bir neçə dəfə görüş keçirdi. Taxıl məsələsi də məhz Türkiyənin dəstəyilə aradan qaldırıldı. Lakin sonradan müharibənin daha qızğın fazaya keçməsilə tərəflər arasında zəif olan bu əlaqələr də tamam kəsildi.
Bu mənada, Türkiyə Ukraynada axan qanı dayandırmaq hədəfinə çatmaqda hələlik acizdir. Türkiyə hər şey edir ki, prosesi danışıqlar masası arxasına gətirə bilsin. Ancaq Qərbin Ukraynaya güclü dəstəyinin olduğu, habelə Rusiyanın hələlik geri çəkilmək niyyətinin olmadığı bir müstəvidə vasitəçilik missiyası elə də ciddi effekt vermir.
Ərdoğan "Rusiya-Ukrayna müharibəsi ədalətli sona çatmalıdır” fikrinə gəlincə, onu deyərkən ədaləti konkret hansı müstəvidə gördüyünü açıqlamayıb. Amma onun çıxışları və Türkiyə dövlətinin addımlarını izləyəndə Ərdoğanın bu sözlərinin arxasında hətta Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyünün bərpasının dayandığının durduğunu görə bilərik. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Ukraynanın ərazi bütövlüyünü tanıyır. Bu müstəvidə də işğal edilmiş ərazilərin geri qaytarılmasını tələb edib.
Ukraynada axan qanın dayandırılması üçün Türkiyə indiki halda nə edə bilər?
Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, Türkiyə Prezidentinin sözügedən hədəfə çatmaq istəyi indiki halda baş tutmaya bilər:
"Ərdoğanın dediyi kimi hədəf Ukraynada axan qanı dayandırmaq olsa da, onun həyata keçirilməsinin mümkün olub-olmadığını indiki şəraitdə söyləmək çətindir. Ona görə də Ərdoğanın bu fikirlərini alqışlamaqla yanaşı, deməliyik ki, məsələ hələlik baş tutmaya bilər. Hələlik müharibə artan faza üzrə gedir.
Ukrayna tərəfi torpaqlarını tam olaraq azad etməyib. Rusiya da hələ ki, geri çəkilmək niyyətində deyil. Belə olan halda isə müharibə daha da qızışır. Düzdür, Türkiyə bu günə qədər müharibənin dayandırılması üçün əlindən gələni edib. Bundan sonra da fürsət düşdükcə, Ankara bu yolda səylərini əsirgəməyəcək”.
Rüfət Sultan