"Nəticəsiz danışıqların özü də bir nəticədir. Amma hazırkı məqamda bu cəhdin nəticə verəcəyi şübhə altındadır".
Bunu Qaynarinfo-ya açıqlqmasında politoloq Azər Qasımov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasında taxıl dəhlizinin canlandırılması istiqamətində müzakirələr apardığı barədə Vaşinqtonda səsləndirdiyi fikri şərh edərkən deyib.
"Rusiya-Ukrayna müharibəsinin qaynar məqamında taxıl dəhlizinin canlandırılması istiqamətində aparılan danışıqlar ümumi müzakirələr üçün mühit yarada bilər. Nəticəsiz davam etsə belə, danışıqların aparılması ən azı dialoq mühitini açıq saxlamaq xarakteri daşıyır. Türkiyə də bu mühitdən istifadə etmək istəyir ki, geniş şəkildə sülh razılaşmasına bazis yaratsın. Bir ilə yaxındır ki, taxıl dəhlizi anlaşması Rusiya tərəfindən ləğv edilib. Putin bu dəhlizin açılmasını müəyyən şərtlərə bağlayıb", deyə Azər Qasımov bildirib.
Ekspertin sözlərinə görə, Rusiya ödəmə və sığorta sahəsindəki tətbiq edilən sanksiyaların yumşaldılmasını tələb edib ki, bu da qəbul olunmur. Həmsöhbətimiz qeyd edib ki, nəticəsiz danışıqların özü də bir nəticədir:
"Ən azı buna cəhd edilməsi, müharibənin vurduğu ziyanları minimuma endirməyə çalışmağın özü bir insanlıq işidir. Hazırda bu cəhdin nəticə verəcəyi şübhə altındadır. Məsələ ondadır ki, bir ilə yaxındır bu dəhlizin işləməməsinə rəğmən dünya taxıl bazarında ciddi gərginlik yoxdur. Deməli, bu məsələ hansısa yollarla həll edilir. Bu baxımdan indiki məqamda Rusiyanın əlini gücləndirən addımların atılmasına imkan yaradılacağı az ehtimal olunur".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dakı NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Ankaranın Rusiya və Ukrayna ilə taxıl dəhlizinin canlandırılması istiqamətində müzakirələr apardığını bildirib. Eyni zamanda, Ərdoğan qeyd edib ki, hələlik heç bir nəticə yoxdur.
Rüfət Sultan
Şərhlər