Xəbər lenti

“Ərim kokain asılılığından əziyyət çəkirdi” - MÜSAHİBƏ
Dünya11:14 30.05.2013

“Ərim kokain asılılığından əziyyət çəkirdi” - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nikol Kidman: “Mən sevdiyim adamda yox oluram”

Oskar mükafatlı aktrisa Nikol Kidman 20 iyun 1967-ci ildə Havay ştatının Honolulu şəhərində doğulub. Uşaqlığının çoxu Avstraliyada keçib. Atası Antoni Kidman biokimyaçı, psixoloq, yazar, anası Janel Kidman isə tibb bacısı, pedaqoqdur. Eyni zamanda yoldaşının kitablarına redaktorluq edir.

Nikolun aktrisalıq qabiliyyəti hələ kiçik yaşlarından özünü büruzə verir. Onun yaratdığı ilk obraz 6 yaşında məktəbdə Milad bayramı münasibətilə səhnələşdirilən tamaşada oynadığı rol olur. Nikol aktrisa olmaq arzusuna heç də asanlıqla qovuşmur. 1990-cı ildə “İldırımlı günlər” filminə dəvət alanda onu nə gözlədiyini heç ağlına gətirməzdi.

Filmin rejissoru Toni Skott kifayət qədər gözəgəlimli, eyni zamanda əsas qəhrəmanı kölgədə qoymayan aktrisa axtarışında idi. Filmdə baş rolu məşhur aktyor Tom Kruz ifa edirdi. Heç kim gözləməzdi ki, onların arasında eşq macərası yaşana bilər. 1990-cı ildə onlar ailə həyatı qururlar və bir müddət sonra Konnor və İsabellanı övladlığa götürürlər. 1999-cu ildə üçüncü dəfə birgə filmə çəkilirlər. Bu “Geniş qapalı gözlərlə” filmi olur.

2001-ci ildə onların “ideal” nigahları dağılır, amma Nikol “Mulen Ruj”, “Saat” və “Doqvill” kimi filmlərə çəkilməklə, özünün də təkbaşına nəyəsə qadir olduğunu və kiməsə möhtac qalmadığını təsdiqləyir.

Kidman 2005-ci ilin yanvarında bir bayram gecəsində müğənni Kit Urbanla tanış olur. 2006-cı ilin iyunun 26-da Nikol Kidman və Kit Urban nikaha daxil olurlar. Nikol 2008-ci ildə mətbuata verdiyi müsahibədə üç aylıq hamilə olduğunu bildirir. Onların Sandey Rouz adlı övladı 2008-ci il iyulun 7-də Tennesi ştatının Neşvil şəhərində dünyaya gəlir.

Qaynar.info dünya şöhrətli aktrisa Nikol Kidmanın müsahibəsini təqdim edir:

- Uşaq doğmaq, böyütmək və sair bu kimi hisslər sizin üçün yenilik idi. Nə hiss edirdiniz?

- Bu hisslər ən ibtidai, ən qədim hisslərdir. Bunu həm fiziki, həm də psixi anlamda deyirəm. Sanki öz bədəninlə ünsiyyətə girirsən, hansısa anlamda ikiləşirsən... Bilirsiniz, əgər qadın uşağını abort etdirirsə, o zaman öz bədəninin lazımsızlığını hiss edir, bu bədən diş pastasının qurtardığı tübikə bənzəyir, yəni daha heç nəyə lazım deyil... Hamiləlik isə tamam başqa təcrübədir: mənim bədənim bu dəfə həqiqətən də mənə vacib işlə bağlı lazım oldu, nə parlaq foto üçün, nə də başqa adamlar üçün... Mənim bədənim mənə lazım oldu.

- Yəni sizin üçün öz bədəniniz siz deyilsiniz?


- Tam anlamda, yəni bütünlüklə mən deyiləm. Mənim fikrimcə, hamiləlik bədən müstəqilliyinin sübutudur. Siyasətdə buna nə deyirlər? Muxtariyyət! Bu, mənim də xoşuma gəlir! Mən Sandeyi ekranda ultrasəs tədqiqatı zamanı görərkən, ağladım. Bu zaman sənin bədənində başqa adam böyüyür, amma əsas məsələ budur ki, sənin özünlə nələrsə baş verir! Mən ömrünü-gününü səthi keçirən qadınlardan deyiləm, həyata daxil oluram, narahat anlar yaşayıram, hər şeyi ürəyimə salıram. Mən həyatın müşahidəçisi yox, iştirakçısıyam. Məhz buna görə də mənim üçün “hamiləlik” həyəcanları bu qədər vacibdir.

- Bəziləri ölkənin ən vəhşi regionunda “Avstraliya” filminin fövqəladə əziyyətli çəkilişlərinə təşrif buyurdular…

- Hə, çəkilişlərin qızğın vaxtında aydınlaşdı ki, hamiləyəm. Biz 38 dərəcə istidə Kunnunuranın tozanağında qızmar günəş altında çəkilişlər aparırdıq. Məndə qorxunc toksikoz vardı, qadınların əksəriyyəti hamilə olarkən çəkiləri artır, məndə isə əksinə, azalırdı. Çox qəribə hisslər yaşayırdım. Həm qəribə, həm də təkrarsız hisslər: eyni anda həm ürəkbulanma, həm də xoşbəxtlik. Biz gündə 15 saat çəkiliş aparırdıq. Mən özümə söz verdim ki, bu filmi bitirməliyəm, vəssalam.

Özümə ona görə belə söz verdim ki, bütün yaradıcılığım boyu ən vacib rollardan birini oynayırdım. Filmin rejissoru Baz Lurmanı və məsləhətçi Hyu Cekmanı peşman edə bilməzdim. Mənim övladlığa götürdüyüm Konnor bütün çəkiliş boyu atlarla, at təlimçisi ilə çalışırdı və bu, onun həyatında ilk işi idi. Mən də onun yanında olmalıydım. Bundan sonra mənə divarlar kömək edirdi. Evdə olmaq mənim üçün çox vacibdir. Qırmızı tozanaq bizə mane olmurdu!

Mənim vətənpərvərliyim kimyəvi xassəyə malikdir. Bunu fizioloji vətənpərvərlik adlandırıram. Ağac yalnız bu əsasda böyüyə bilər, yalnız bu su ilə qidalana bilər. Hərçənd belə görünürdü ki, mən öz iqlimimizə nifrət bəsləməliyəm. Mənim bütün uşaqlığım ömürlərinin yarısını dalğaların qoynunda, Sidney çimərliklərində keçirmiş, dəriləri gündən yanmış sörfinqçilər arasında ağ qarğa idi!

Hətta mənim ləqəbim də var idi – Vağ quşu. Belə adlanmağıma görə boy-buxunuma, ayaqlarımın uzunluğuna və gündən qaralmaq istəməyən inadkar dərimə minnətdaram. Mən uşaq vaxtlarımdan aktrisa olmaq istəyirdim, buna görə də beş yaşımda hansısa uşaq teatrında pantomima oynadığımı xatırlayıram.
 
Ona görə aktrisa olmaq istəyirdim ki, özüm kimi olmaq istəmirdim. Yeniyetmə olarkən isə özüm kimi olmağım başıma bəla olurdu. Arıq, uzun əllər-ayaqlar... Buna görə də hansısa oğlan mənə iki dəfə baxarkən mat-məəttəl qalırdım...

- Həyatınızda çoxlu təsadüflərin olmasına diqqət etmisinizmi? Siz varlı, amma övladı olmayan bir qadın rolunu canlandırmaq üçün Avstraliyaya gəlirsiniz. Bu qadın, Avstraliyaya düşərkən mənəvi cəhətdən dirçəlir və elə buradaca siz hamilə olduğunuzu, həyatınızda yeni mərhələnin, yeni təcrübənin başladığını anlayırsınız...


- Mənim köhnə və yaxın dostum Baz demişdi: “Sənin qəhrəmanının adı Saradır”. Bu qadın İncilin personajlarından biridir. Bu qadın dünyaya övlad gətirəcəyinə bəslədiyi bütün ümidlərini itirir və qəfildən hansısa möcüzə sayəsində hamilə qalır. Mən bu barədə düşündüm. Amma mistika! Yox, bu, nəsə mətbəx mistikasıdır – anlaşılmaz məqamları izah etmək cəhdləridir. Mən bu mövzu ilə bağlı ən çox bacımın fikrini bəyənirəm. Onun dörd övladı var. O, deyir ki, hamilə vəziyyətdə olarkən, həyatın hər anınını qiymətləndirə bilən xoşbəxt insanları özünə cəlb edirsən. Belə görünür ki, təbiətdə xoşbəxtlik enerjisinin dövriyyəsi mövcuddur.

- Başqa bir təsadüf də açıq-aydın nəzərə çarpır: siz Tom Kruzla ayrıldıqdan sonra həyatınızda bir çox işlər öz axarına düşdü. Məhz bundan sonra siz sübut etdiniz ki, Hollivudun ən parlaq tragik aktrisasısınız. Yeni sevgi münasibətləri qurdunuz, Sandey doğuldu...

- Tom mənim həyatımda çox böyük rol oynadı. Bu, həqiqətdir. Bəlkə elə bu rolun miqyası bizim münasibətlərimizin qədərini müəyyənləşdirdi? Mən Kit Urbanla evlənmək qərarına gələrkən bu barədə xeyli düşündüm. Biz Los-Ancelesdə təşkil olunmuş Avstraliya günlərində tanış olduq. Bu, elə gülməli bayramdır ki... Bu bayramda kenquru qızardırlar, gözəl əşyalar satırlar və bizim mahnılarımızı ifa edirlər. Ənənəvi Avstraliya salamlaşmamızdan fərqli olaraq – Gday LA adlanır - biz “Salam!” və yaxud “Sabahınız xeyir!”ə birlikdə “Ci-cey!” deyirik. “Good day” sözünün qısaldılmış forması. Demək, biz onunla Ci-ceydə rastaşdıq və mən dərhal anladım ki, Kit Urban mənim adamımdır, bizim ümumi xüsusiyyətlərimiz var, hər ikimiz “dünyanın o başından”ıq, hər ikimiz Amerikada uğur qazandıq, hər ikimiz utanırıq və müxtəlif işlərdə yubanırıq. Kit alkoqol və kokain asılılığından əzab çəkirdi, bu barədə mənə səmimi şəkildə etiraf da etmişdi. Sonra müalicə götürdü və indi bütün bunlar uzaq keçmişdə qalıb. Ancaq lap elə onda da bu xəbərlərdən pərt olmadım. Çünki kim bilməsə də mən yaxşı bilirəm ki, asılılıq nə olan şeydi. Məndə belə asılılıq sevgidən olmuşdu. Ümumiyyətlə, Toma qarşı bəsləmiş olduğum sevgi mənim həyatımın ağırlıq qüvvəsini təşkil edirdi. Bəlkə də belə sevmək məndən asılı deyil, mənim fövqümdədir. Mən sevdiyim adamda yox oluram.

- Qızınız Sandeyə qarşı da eynən bu cür asılılıq yoxdur ki? Qızınızda yox olmursunuz ki?


- Belə bir təhlükə var. 25 yaşında ana olmaqla, 41 yaşında ana olmaq arasında fərq böyükdür. 41 yaşında müəyyən qədər həyatdan xəbərin olur. Bir də ki, analıq hissləri çox kəskindir. Uşağa olan sevgidə daha çox ağrı-acı, daha çox həyəcan və daha çox qorxu olur. Hərdən Sandeyə baxarkən, ürəyim qana dönür. Bilmirəm niyə. Bu elə bir haldır ki, heç bir əsas olmadan çarəsizcəsinə qorxursan. Qorxu sevginin qaçılmaz tərs üzünə çevrilir və sənə əziz olan hər nə varsa, hamısına yayılır. Əvvəllər Bella və Konnora qarşı belə qorxu hissləri keçirməzdim. Yox, uşağa qarşı sevgi tamam başqa söhbətdir. Həmişə övladınla özün aranda bir məsafə hiss edirsən. Həmişə güclü olmadığını anlayırsan. Elə bunun özü də çox böyük kədər bəxş edir. Həm də xoşbəxtlik... Övladlar – bizim əbədiliyimizin yeganə zəmanətli və əlçatan formasıdır.

- Siz öz doğma övladlarınıza və övladlığa götürüb böyütdüyünüz uşaqlara olan hisslərinizdə müəyyən fərqlər görürsünüzmü?

- Bilmirəm... Bilmirəm... Əgər Bella və Konnoru övladlığa götürdüyüm zamanlarda öz övladım dünyaya gəlsəydi, onda bəlkə də bu sualı cavablandıra bilərdim. İndi isə necə cavab verəcəyimi bilmirəm. Hansı yaş dövründə ana olmaq çox vacibdir? Mən Sandeyə xəstəlik həddində bəslədiyim münasibəti yaşımla əlaqələndirirəm. Fiziologiya sevginin keyfiyyətinə təsir göstərə bilərmi? Axı bu, dəhşət olardı!..

- Sizin şəxsi təcrübəniz sevgiyə və asılılığa olan münasibətinizdə dəyişikliyə səbəb oldumu?


- Mən birinci dəfə ərə gedəndə, bütün hadisələr sürətlə cərəyan edirdi. Biz Tomla tanış olduq və mən artıq bir həftə sonra ona ərə gedəcəyimi dərk etdim. Kit Urbanla da eynən bu cür oldu. Nəyəsə görə istəyirdim ki, birimizin tənhalığını anlamaq üçün hər birimizin düşünməyə zamanı olsun və onu öz həyatına qəbul etsin. Amma mən elə əvvəlki Nikolam. Əgər mən kimləsə birlikdə olmaq istəyirəmsə, onda bunu həqiqətən istəyirəm. Əgər sevirəmsə, demək mənim öhdəliklərim var. Əgər sevirəmsə, demək sevirəm. Vəssalam.

- Belə çıxır ki, siz nikah andının sözlərinə uyğun ömür sürürsünüz: “Kasıblıqda və varlılıqda, sağlamlıqda və xəstəlikdə...”

- Nə olsun, demək belə alınır! Xoşbəxtlik mənim üçün mükəmməllik deyil və heç mükəmməlliyə nail olmaq da deyil. Xoşbəxtlik - səni ovsunlayan, özünə cəlb etməyi bacaran insanın gülməli cizgilərini, çatışmazlıqlarını, zəifliklərini, səni ona bağlayan və onu səninçün təkrar olunmaz edən xüsusiyyətləri tanımaqdır.

- Sizin böyük övladlarınız yeniyetmədir. Sandeyin dünyaya gəlməsi onlar üçün ağrılı olmadı ki?

- Düzünü desəm, mən bundan da pisini gözləyirdim. Ancaq Sandeyə bəslədikləri münasibət, düzgün tərbiyə verdiyimi göstərir. Halbuki hərdən mənə elə gəlirdi ki... Bilirsiniz, mənimlə bacım və anam arasında tamamilə başqa münasibətlər mövcud idi. Bizim valideynlərimiz çox “solçu”durlar, anam əvvəlki kimi feminizm döyüşçüsüdür! O, mənə də belə döyüşkənlik ruhu aşılamaq istəyirdi. Mənsə diqqəti özümdən yayındırmağa çalışırdım. O isə elə hey məndən qətiyyətli davranış və müstəqillik tələb edirdi. Mən bacımla həmişə bizə məxsus nədirsə, onu müdafiə edirdik. Mənə belə gəlir ki, Bella və Konnor üçün özlərində olan təbii cəhətləri müdafiə etməyə gərəkləri yox idi. Onlar həmişə birlikdədirlər, bir-birləri ilə rəqabət aparmırlar, onların hərəkətlərində özünütəsdiq yoxdur. Sandeyə rəqib gözü ilə baxmaq heç onların ağıllarından da keçməyib. Həm də axı yaş da öz sözünü deyir. 13 və 16 yaşlarında insan üçün öz şəxsi həyatından daha vacib nəsə varmı? Təəssüflər olsun ki, biz və valideynlərimiz məhz bu yaşdan etibarən keçmişə qayıdırıq.

- Bəs Sandey doğulduqdan sonra dünyada baş verən hadisələrə münasibətinizdə nəsə bir dəyişiklik oldumu? Məsələn, maliyyə böhranı haqqında nə düşünürsünüz? Əlbəttə, sizin varlı olduğunuzu anlayıram....

- Mən bu yaxınlarda internetdə oxudum ki, Filippinlərdə dağlarda yaşayan bir tayfa var. Orda adamlar övladlarını məktəbə qoya bilmirlər, çünki uşaqları məktəbə qoymaq üçün ildə on dollar lazımdır, bu isə onlar üçün çox böyük puldur. Məncə sizin sualınıza cavab verdim.

- Yəni?

- Yəni mən belə hesab edirəm ki, həm Avropada, həm Amerikada, həm də Avstraliyada heç bu baradə düşünmək belə mümkün deyil! Məsələ onda deyil ki, mən varlı mövqeyindən mühakimə yürüdürəm. Ümumiyyətlə, rifah mövzusunda bizim mühakimə yürütməyə haqqımız çatmır, çünki əsl kasıblığın nə olduğunu bilmirik. Bəxtimiz gətirib ki, doğulduğumuz yerdə doğulmuşuq, biz sadəcə genetik lotereya udmuşuq və bu uduşa heç bir haqqımız çatmır.

Tərcümə: Ramil Rahiboğlu
Qaynar.info