Xəbər lenti

Erkən hamiləlik və abort nələrə səbəb olur? - AÇIQLAMALAR
Ölkə 18:14 15.09.2016

Erkən hamiləlik və abort nələrə səbəb olur? - AÇIQLAMALAR

Xəbər verdiyimiz kimi, 2015-ci ildə 20 yaşına qədər olan 1485 qadın hamiləliyini öz istəyi ilə sonlandırıb. Həmin qadınlardan 50 nəfəri isə 15-17 yaş arasında olanlardır. 

Təbii ki, statistik göstəricilər cəmiyyəti narahat edir. Çünki 15-17 yaş arasında olan və yetkinlik yaşına çatmayan qızlar üçün bu həyati təhlükə daşıyır. 

Qaynarinfo.Az məsələnin sosial-tibbi problemlərini araşdırıb. Ginekoloq doktor Pərvanə Mahmudovanın sözlərinə görə, 15-17 yaşlı qızların hamilə qalması və abort olunması təhlükəlidir:

"Bu yaşlarda abort komissiya tərəfindən təsdiq olunaraq aparılmalıdır. Əgər hamilə qalan 15-17 yaşlı qızların həm sağlamlıq, həm də psixoloji durumu normal deyilsə, onda komissiya abort barədə qərar verir və sonra icra olunur. Bu yaşda qızların uşaq dünyaya gətirməsi böyük riskdir. Ümumiyyətlə, təbliğat getməlidir ki, 18 yaşa qədər cinsi əlaqə olmasın. Çünki bu yaşlarda qızların immuniteti adətən zəif olur və cinsi əlaqə özü onlara zərər vura bilər. Abort özü risklidir, travma ehtimalları da yüksəkdir. Amma digər tərəfdən də bunu düşünməliyik ki, 9 ay uşağı bətnində daşıya biləcəkmi, həyata gətirəcək uşaq sağlam olacaqmı? Bunlar hamısı zəncirvari problemdir.”

Sosioloq Cavid İmamoğlu Qaynarinfo.Az-a bildirdi ki, erkən evlilik və kifayət qədər maarifləndirmənin aparılmaması problemi olduğu kimi saxlayır:

"Azərbaycanda Ailə Məcəlləsinə görə, uşaq hüquqları haqqında qanunda 18 yaşı tamam olmamış vətəndaşların nikaha girməsi rəsmən qadağandır. Amma bizdə rəsmi nikaha düşmədən evliliklər də olur. Və nəticədə statistikanın bir hissəsinə bu cür evliliklərin payı düşür. Ümumiyyətlə, təhsil sistemində reproduktiv sağlamlıqla bağlı yeniyetmələrə məlumat verilmir. Belə olduqda yeniyetmələrin hamilə qalmaqları, daha sonra abort problemləri üzə çıxır. İlkin məlumatlar məktəb vaxtından verilməlidir ki, gələcəkdə onlar təhlükələri anlasınlar və arzuolunmaz hamiləliyi yaşamasınlar. Təəssüflər olsun ki, maarifləndirmə işləri kifayət qədər aparılmır. İkinci məsələ isə bu statistika cəmiyyətin milli, mənəvi, dini dəyərləri və mentalitet baxımından deqradasiyasından xəbər verir."

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, bu problemlə bağlı təbliğat gedir, ancaq onu kökündən həll etmək mümkün deyil:

“Əvvəlcə onu qeyd etməliyəm ki, mətbuata yayılan məlumat 2015-ci il üçün statistik göstəricilərdir. 2014-cü ildə 15-17 yaş arasında abortların sayı 88 olmuşdu. Yəni əvvəlki illərə baxanda azalma müşahidə olunub. Biz istərdik ki, belə hallar heç olmasın. İlkin olaraq məsuliyyət valideynin üzərinə düşür. Təəssüflər olsun ki, bu günümüzdə də valideyn məsuliyyətsizliyi ilə üz-üzə gəlirik. Komitə mütəmadi olaraq BMT Uşaq Fondu ilə birlikdə rayon və kəndlərdə təbliğat və maarifləndirmə işləri aparır. 2009-2010-cu illərdə apardığımız təhlillərin və araşdırmanın nəticəsi olaraq Ailə Məcəlləsində nikah yaşı artırıldı, həm qızlar, həm oğlanlar üçün 18 oldu. Çünki bundan əvvəl ciddi problemlərlə üzləşmişdik. Bundan başqa, Cinayət Məcəlləsinə 176-cı maddə əlavə olundu. Bu maddəyə əsasən erkən nikaha girən şəxsləri pul cəriməsi və azadlıqdan məhrumetmə cəzaları gözləyir. Komitə olaraq, istər məktəblərdə, istər ictimaiyyət arasında, istərsə də Azərbaycanın ucqar yerlərində maarifləndirmə işləri aparırıq. Amma onu da etiraf edək ki, bu problemi hər bir ölkə və xalq yaşayır. Təəssüf ki, problemi kökündən həll etmək bizim əlimizdə deyil.”

Pərvin Zeynal

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->