
Ermənistan tərəfi növbəti dəfə zərər çəkmiş hərbçilərinin sayını azaltmağa çalışıb.
Qaynar.info xəbər verir ki, Ermənistanın tibbi idaraetmə rəisi, polkovnik Kamavor Xaçatryan aprelin 2-5-i aralığında cəmi 121 erməni hərbi xidmətçisinin yaralı olduğunu bildirib. Onun sözlərinə görə, bunlardan 5-nin vəziyyəti olduqca ağır, 10-nun isə durumu ağırdır, qalanları isə yüngül yaralılardır.
Xaçatryan onu da bildirib ki, hazırda Mərkəzi Hərbi Xəstəxanada 32 yaralı var. Bunlardan 5 əsgərin durumu olduqca ağırdır, 1-i isə süni nəfəs alma aparatından azad olunub və vəziyyəti ağır qiymətləndirilir.
Təbii ki, erməni polkovnikin bu açıqlaması ziddiyyət təşkil edir və sayı azaltmaqla erməni əhali arasında təlaş formalaşdırmamağa yönəlib. Belə ki, bir neçə günə qədər İrəvanda yaralıların sayının həddindən çox olduğu bildirilirdi. İndi isə Mərkəzi Hospitalda cəmi 32 yaralının olduğu deyilir.
Ümumiyyətlə, Ermənistan tərəfi itkilərini yalnız bu sayla məhdudlaşdırır. Guya Ermənistan tərəfinin 14 tankı məhv edilib, 33 hərbçisi ölüb, 121 yaralısı var, 25-dən isə xəbər yoxdur. Halbuki Azərbaycan Müdafiə Nazirliyinin son açıqlamalarına görə, ermənilər 200-dən çox hərbçisini itirib.
Qaynar.info