Ermənistan parlamenti qadınların orduda könüllü hərbi xidmət keçməsi proseduru ilə bağlı layihəni birinci oxunuşda qəbul edib.
Qaynarinfo "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, "Müdafiə haqqında” və "Hərbi vəzifə və hərbi qulluqçunun statusu haqqında” qanunlara dəyişiklik və əlavələr 62 səs lehinə, 26 nəfər bitərəf olmaqla qəbul edilib.
Qanun layihəsini səsvermədən əvvəl təqdim edən müdafiə naziri Suren Papikyan bildirib ki, 18-27 yaşlı qadınlar hərbi xidmət üçün müraciət edə bilər. Xidmət müddəti 6 ay olacaq, xidmət başlamazdan əvvəl istənilən vaxt ondan imtina etmək mümkün olacaq. Xidmət ayrıca hərbi hissədə keçiriləcək.
Altı aylıq xidmətdən sonra hərbçilər 1 milyon dram (təxminən 2,5 min dollar) mükafat alacaqlar. Sağlamlığına görə xidmətdən vaxtından əvvəl azad edildikdə, əsgər bu ödənişin xidmət aylarına mütənasib olaraq bir hissəsini alacaq. Xidmətini davam etdirmək istəyənlər "Vətənin müdafiəçisi” proqramı çərçivəsində müraciət edərək 5 illik xidmətə keçərək, bundan sonra 5 milyon dram (12 min dollardan bir qədər çox) ödəniş alacaqlar.
Rüfət Sultan