
Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan NATO-nun Uels sammitində qəbul edilmiş yekun bəyannamənin Güney Qafqaza, konkret olaraq Ermənistan və Azərbaycana aid hissəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin yanaşmasına zidd olduğunu bəyan edib.
Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə o, İrəvanda avstriyalı həmkarı Sebastyan Kurtsla keçirdiyi birgə mətbuat konfransında deyib.
Nalbəndyana görə, “bu, NATO-nun beynəlxalq hüquqa selektiv yanaşdığını göstərir” və həmsədrlərin Qarabağa dair son illər səsləndirdikləri bəyanatlarla ziddiyyət təşkil edir. “Bu, vasitəçilərin yanaşmasına, ideyalarına və təkliflərinə, son illər ATƏT çərçivəsində qəbul edilmiş qərar və bəyanatlara uyğun deyil və danışıqlar prosesinə, regionda təhlükəsizlik və sabitliyin bərqərar edilməsinə ziyan vurur” - əlavə edib Ermənistan XİN başçısı.
Xatırladaq ki, NATO-nu yekun sənədində alyansın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi bir daha əks olunub.
Qaynar.info