"Ermənistanın indiki hökuməti Azərbaycanın güclənməsinə töhfə verir. Bizim büdcəmiz isə əksinə getdikcə azalır".
Qaynarinfo xəbər verir ki, bu sözləri erməni təhlükəsizlik üzrə eksperti Armen Manvelyan deyib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Gorus-Qafan avtomobil yolunda gömrük rüsumlarının tətbiqi nəticəsində dövlət büdcəsinə 1,18 milyon dollara yaxın vəsaitin daxil olduğunu açıqlayıb.
"İranlı sürücülər artıq Ermənistan ərazisindən keçməməyə üstünlük verirlər. Çünki onlar İran-Ermənistan sərhədini keçərkən ikiqat gömrük rüsumu ödəyirlər. Buna görə də Azərbaycandan keçməyə və ikiqat pul ödəməməyə üstünlük verirlər ki, nəticədə ölkəyə daxil olan məbləğ azalır, Azərbaycanın büdcəsi isə artır. Bu, indiki hakimiyyətin apardığı azərbaycanpərəst siyasətin nəticəsidir ki, bununla onlar Azərbaycanın büdcəsinin artmasına öz töhfələrini verirlər. Qarşı artıq ikinci İran-Azərbaycan körpüsünü tikir, çünki avtomobil axını artıq artıb. Bu Ermənistan iqtisadiyyatına mənfi təsir göstərir. Gorus-Qafan yolu Azərbaycanın nəzarətinə keçdikdən sonra Ermənistan büdcəsinə daxil ola biləcək pullar rəqib ölkənin büdcəsinə daxil olur" deyə Armen Manvelyan bildirib.
Ekspert bildirib ki, iqtisadi inkişaf nəticəsində Azərbaycan silahlanmağa davam edəcək, yeni silahlar əldə edəcək və Ermənistan hakimiyyəti isə ordunu gücləndirmək üçün heç bir iş görmür:
"Son bir ildə Ermənistan ordusunun gücləndirilməsi üçün nə edilib? Heç nə yoxdur. Bu, indiki hakimiyyətin simasıdır. Sülh dövrü adı altında saxta gündəm irəli sürürlər və bununla da Azərbaycanın güclənməsinə dəstək verirlər. Bütün bunlar hazırkı hakimiyyətin yanlış azərbaycanpərəst siyasətinin nəticəsidir. Hakimiyyət bütün məsələlərdə, istər xarici, istərsə də daxili proseslərdə azərbaycanpərəst siyasət yürüdür. Məsələn, Zəngəzurun müdafiəçiləri olan Sünik icmasının liderləri Aşot Minasyanı həbs edir. Əvəzində azərbaycanpərəstləri vəzifələrə qoyurlar”.
Telman