Yanvar ayında Ermənistanın dövlət büdcəsinə 149,7 milyard dram gəlir daxil olub.
Qaynarinfo xəbər verir ki, əvvəlki illə müqayisədə gəlirlər 10 faizdən çox artıb.
149,7 milyard dramdan 144,2 milyardı vergi daxilolmalarından, əsasən aksizlər, əlavə dəyər vergisi, həmçinin dövlət rüsumlarının artırılması hesabına formalaşıb.
Ötən ilin sentyabrından Ermənistan hökuməti misə ixrac rüsumu təyin edib ki, bu da dövlət büdcəsinin bu sektordan daxilolmalarına təsir edib. Təkcə ixrac rüsumunun tətbiqi nəticəsində büdcə gəlirləri 5,7 milyard dram artıb.
ƏDV daxilolmalarının artmasına gəlincə, bu əsasən qeydə alınmış inflyasiya ilə şərtlənir. Qiymətlər nə qədər yüksəkdirsə, ƏDV də bir o qədər yüksəkdir. Maraqlıdır ki, ƏDV daxilolmaları əsasən idxalda artıb.
Bu arada, hətta bahalaşma şəraitində belə daxili iqtisadiyyatdan tutulan ƏDV azaldılıb. Belə ki, ƏDV üzrə daxilolmalar 53,4 milyard dram təşkil edib. İdxal rüsumu 7 milyard artıb, yerli istehsal isə 3,4 milyard azalıb.
Aksiz vergisi daxilolmalarında artım kifayət qədər çox olub. ƏDV-dən fərqli olaraq həm idxaldan, həm də yerli istehsaldan aksiz vergisi daxilolmalarda artıb. Söhbət yanacağın, siqaretin, içkilərin və digər subaksizli malların aksiz dərəcələrinin artırılmasından gedir.
Təkcə mis ixracına görə aksiz, ƏDV və dövlət rüsumu hesabına yanvarda büdcə vergisinin daxilolmaları 15,7 milyard dram artıb.
Bu o deməkdir ki, bahalaşma və vergi yükünün artması olmasaydı, büdcənin vergi daxilolmaları ötən ilkindən də az olardı.
Ermənistanda vergilərlə bağlı narahatedici mənzərənin yaranması təsadüfi deyil. Həm mənfəət vergisi, həm də gəlir vergisi daxilolmaları azalıb.
Ekoloji vergi və təbiətdən istifadə ödənişləri üzrə daxilolmalar 5,6 milyard dram azalıb.
Əvvəlki illə müqayisədə Ermənistan büdcəsinin digər vergi daxilolmaları da artıb. Və yenə də iqtisadi inkişaflar hesabına deyil. Burda da artım möhür rüsumunun dərəcələrinin artırılması ilə bağlıdır. Rəsmi açıqlamalara görə, ötən ilin yanvar ayı ilə müqayisədə digər vergilərin faktiki indeksi 71,3% və ya 2 milyard dram artıb. Məlum olur ki, ilin əvvəlində büdcə gəlirlərinin artmasına səbəb olan əsas amillər bunlardır.
Ermənistanda vergilərlə paralel olaraq dövlət borcu da artmaqda davam edir. Ermənistanın indiki kimi borc yükü heç vaxt olmayıb.
Əgər o borclar olmasaydı, iqtisadi artım xeyli aşağı düşəcəkdi. Lakin bu o demək deyil ki, götürülən pullar əlavə nəticələrin yaradılmasına töhfə verməklə səmərəli istifadə olunur. Hökumətin götürdüyü borcların bir qismi sadəcə olaraq yastığın altına qoyulub və istifadə olunmayıb. Belə ki, keçən il toplanmış 1,2 milyard dolların təxminən 280 milyon dolları hökumət tərəfindən dondurulub. Son 4 ildə Ermənistanın ÜDM-i cəmi 10,5-11%, borcu isə 35%-dən çox artıb. Borcun artım tempi ÜDM artımını ən azı 3 dəfə üstələyib.
Ermənistan höküməti dövlət borcunun artmasınının qarşısını ala bilməsə, daha ciddi problemlərdən qaça bilməyəcək.
Telman Qasımov