2022-ci il mayın 25-də İrəvan vaxtı ilə saat 22:35-də ABŞ-ın Kanaveral burnundan "Space-X” kosmik gəmisi ilə ilk kosmik peyk buraxılıb.
Qaynarinfo xəbər verir ki, buraxılış Ermənistanın "Geokosmos” dövlət müəssisəsi ilə İspaniyanın "SATLANTIS” şirkətinin əməkdaşlığı sayəsində mümkün olub.
İlk erməni kosmik peykinin orbitə buraxılması ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, "beləliklə, Ermənistan kosmik fəaliyyət dövrünə qədəm qoyur və ümid edirik ki, bu sahədə zəngin ənənələrimiz (kosmik tədqiqatlar və istehsal) bərpa olunacaq”.
Onun sözlərinə görə, hökumətin məqsədi Ermənistanda kosmik texnologiyaların, eləcə də kosmik avadanlıqların istehsalının lokallaşdırılmasıdır.
Paşinyan qeyd edib ki, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi və qəbuledici stansiya yaradılacaq, onun ətrafında mütəxəssislərdən ibarət elmi-istehsalat qrupu formalaşacaq.
Mərkəzin əsas vəzifələri peyk nəzarəti və fotoşəkillərin alınması olacaq.
"Peyk şəkilləri Ermənistanda sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması və idarə olunması, ətraf mühitin mühafizəsi, yol tikintisi və digər sahələrdə istifadə olunacaq”, - Paşinyan bildirib.
O qeyd edib ki, kosmik avadanlıqların istehsalı dünyada sürətlə inkişaf edən sahələrdən biri hesab olunur. Bunu nəzərə alaraq, Ermənistan Təhlükəsizlik Şurası və Yüksək Texnologiyalar Sənayesi Nazirliyi kosmos fəaliyyəti haqqında qanun hazırlayıb və parlament tərəfindən təsdiqlənib.
Qanun layihəsi hökumətin qərarı ilə bu sahədə fəaliyyətləri tənzimləyir.
Telman